Aprelin 3- də ATU-nun Tədris Cərrahiyyə Klinikasında ortopedik və travmatoloqların xəstəxanalararası növbəti toplantısı olub.
Toplantını açan Tədris Cərrahiyyə Klinikasının ortopedik və travmatoloya şöbəsinin müdiri, universitetin travmatologiya və ortopediya kafedrasının dosenti, t.ü.f.d. Cəfər Nəsirli bildirib ki, belə bir təcrübə bütün inkişaf edən ölkələrdə var. Bu tədbirlərin keçirilməsində əsas məqsəd ayrı- ayrı xəstəxanalardan müraciət edilən problemli və mürəkkəb xəstəliklərin müalicəsində həkimlərin bir araya gəlməsi və onların bir- birini daha yaxından tanımasından ibarətdir. Bundan başqa ağır xəstələrin müalicəsi zamanı ortaq qərarlar qəbul etmək və bu sahədə çalışan mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaqdır. Həmçin, qeyd edilən toplantıda xəstələrin real durumu müzakirə olunur, onların ağrısız və tez sağalması üçün faydalı üsullardan istifadə edilir. Ən əsası isə yetişməkdə olan gənc ortopedik həkimlərə və rezidentlərə yeni müalicə metodlarının öyrədilməsi və onların biliyinin daha da artırılmasıdır.
Sonra “Sirkə kasasının mürəkkəb sınıqların müasir müalicəsi” mövzusunda çıxışını davam etdirən Cəfər Nəsirli bu sahədə dünyada aparılan ən yeni metodlardan və müasir elmi- tədqiqat işlərindən bəhs edib. O, fəaliyyəti dövründə qazandığı iş təcrübəsini slayd vasitəsilə toplantı iştirakçılarına çatdırıb və əldə olunan müsbət yenilikləri həmkarları ilə bölüşüb.
Diskussiya formasında sona çatan toplantı məruzəçiyə verilən suallarla daha da maraqlı keçib.