ATU-da YAP Gənclər Birliyinin hesabat-seçki konfransı keçirildi

Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının hesabat-seçki konfransı keçirilib.

 

Konfransda YAP  Nəsimi rayon təşkilatının sədri,millət vəkili Məlahət İbrahimqızı, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan prorektor Sabir Əliyev, partiyanın  hazırki fəaliyyətindən danışıb: “Bu gün Azərbaycan gəncləri cənab Prezidentə güvənir, onun müdrik siyasətinə dəstək olurlar. Bu günkü gənclik daha savadlı, daha intellektual olmalıdırlar. Radikal düşüncələrdən uzaq olmalı, hadisələri daha düzgün analiz edərək ona uyğun qərar verməlidirlər”.

 

ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev  ATU YAP Gənclər Birliyinin cari il ərzində olan fəaliyyətinə dair hesabatı konfrans iştirakçılarına təqdim edib. Hesabat çərçivəsində təşkilatın gördüşü işlər, partiya nümayəndələrinin respublika səviyyəli tədbirdə iştirakları,tələbələrin təqaüdlərinin artırılması, Aprel zəfərində gənclərimizin rolu  xüsusi olaraq  vurğulanıb.

 

Daha sonra ATU tələbələri Hesabat haqqında öz fikirlərini bildiriblər. II Müalicə profilaktika fakültəsinin tələbə dekanı Məhərrəm Alimli, İctimai Səhiyyə fakültəsinin tələbə dekanı Fidan Həsənli, Əczaçılıq fakültəsinin tələbəsi,TGT üzrə fakültə sədri Tamilla Qəhrəmanzadə hesabatı qənaətbəxş hesab edərək müsbət qiymətləndiriblər.

 

Konfransın gedişində yeni sədr və idarə heyətinin tərkibinin müəyyənləşdirilməsi də baş tutub.

 

Belə ki, tələbələrin təklifi və yüksək səs çoxluğuna əsasən Rauf Vəliyev YAP Gənclər Birliyinə növbəti dönəm üçün sədr seçilib.

 

Daha sonra Millət vəkili Məlahət İbrahimqızı  yeni seçilən sədr və idarə heyətinə uğurlar arzu edib: “ Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının  fəaliyyətində ATU tələbələrinin rolu danılmazdır. Gənclərimiz hər zaman tədbirlərimizdə fəal iştirak edərək,cənab prezidentin siyasi kursuna dəstək verirlər. Ümid edirəm ki, növbəti illər ərzində də bu aktivlik qorunub-saxlanacaq”.