Aprelin 12-də ATU-nun İctimai fənlər kafedrası TEC-in Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransı keçirilib. Konfransı giriş sözü ilə kafedranın müdiri, professor Qoşqar Əliyev açıb.
Q.Əliyev ölkəmizdə böyük quruculuq işlərinin getdiyini, Azərbaycanın beynəlxalq səviyyəli, mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq iqtisadi, sosial, mədəni və digər sahələrdə aparılan islahat və sürətli inkişafın məhz dərin biliyi, zəngin təcrübəsi olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi sayəsində baş tutduğunu qeyd edib. “Sizin hər biriniz gələcəyin potensial kadrlarısınız. Universiteti başa vurandan sonra hərəniz bir sahədə çalışacaqsınız. Bu konfransın da əhəmiyyəti ondan ibarətdir ki, burada etdiyiniz çıxışı xoş xatirələrlə xatırlayacaqsınız. Bu, sizin yaddaşınızda xoş hisslərlə qalacaqdır” – deyən professor konfransın işinə uğurlar arzulayıb. Sonra tələbələrin çıxışları başlayıb.
Mirsəftər Həşimov “Müstəqilliyimiz ümummilli lider Heydər Əliyevin nəsillərə əmanətidir”, Əkbər Orucov “Ümummilli lider Heydər Əliyevin diplomatik uğurları”, Günay Hüseynlinin “Əziz Əliyevin Azərbaycan tibbində xidmətləri haqqında”, Gülmaya Əsgərovanın “Zərifə Əliyeva - ana, həkim və alim”, Bahar Cankaya “Heydər Əliyev – müasir Azərbaycan Respublikasının memarıdır”, Hadis Bahramkani “Ulu öndər Heydər Əliyev Azərbaycanda multikultiralizm siyasətinin banisidir” mövzusunda çıxış ediblər.
Bu il, həmçinin, “İmadəddin Nəsimi ili” elan edildiyindən dahi şairin həyat və yaradıcılığını əks etdirən müxtəlif səpgili çıxışlar da olub. Tələbələrdən Cəhanə Mərdanovanın “İmadəddin Nəsimi və hürufilik”, Nigar Quliyevanın “Pərvaneyi-nicat İmadəddin Nəsimi”, Ləman Bəşirlinin “İmadəddin Nəsiminin ədəbi-fəlsəfi məktəbi”, Rəşad Abızadənin “İmadəddin Nəsimi 650. Nəsimi yaradıcılığına fəlsəfi baxış” və Famila Şafarovanın “Dahi Azərbaycan şairi Nəsiminin edam səbəbləri” mövzusunda etdiyi çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans öz işini geniş diskussiya və maraqlı sual-cavablarla başa çatdırıb.