ATU məzunu xüsusi beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Elnur Qarayev nüfuzlu xarici şirkətin xüsusi mükafatına layiq görülüb. O, Fransanın əczaçılıq və kosmetik laboratoriyası, tibbi homeopatiya üzrə dünya liderlərindən sayılan “Veleda” şirkətinin mükafatını alıb.

 

Şirkət tibbi homeopatiya sahəsində aparılan ən yaxşı elmi-tədqiqat işi ilə bağlı müsabiqə keçirib. Qaliblər pul mükafatı və sertifikatla yanaşı, “Veleda” laboratoriyasında təcrübə toplayıb güclərini sınamaq imkanını da qazanıblar.

 

Elnur Qarayev müsabiqəyə “Dağ andızı bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi” dissertasiya işini təqdim edib. İş altı nəfərdən ibarət münsiflər heyətinin dərin marağına və heyrətinə səbəb olduğundan, məxsusi olaraq azərbaycanlı alim üçün yeni nominasiya təsis edilib. Nəticədə ATU məzunu “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

 

Qeyd edək ki,bu, Elnur Qarayevin ilk uğuru deyil. O, 2017-ci ildə Fransanın Eks-Marsel Universitetində əczaçılıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.