Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasında 12 yaşlı uşaq üzərində əməliyyat uğurla icra edilib.
Kafedranın müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxovun sözlərinə görə, xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olub: “Xəstədə hərarətin yüksək olması, təngənəfəslik, döş qəfəsində kəskin ağrı ilə septiki müşahidə etdik. Dös qəfəsinin KT müayinəsinə əsasən, uşağa bronxogen sistin irinləməsi diaqnozu qoyuldu. Aparılan intensiv əməliyyatönü hazırlıqdan sonra xəstədə sağ tərəfli torakoskopiya, irinləmiş bronxogen sistin drenajı əməliyyatı icra olundu. Əməliyyat zamanı sist boşluğundan 400 ml-ə qədər irin xaric oldu”.
Klinikanın baş həkimi Ramiz Poluxovun bildirdiyinə görə, bronxogen və enterogen sistlər “broncho pulmonary foregut malformation” termini altında birləşdirilib, eyni embrioloji kökdən yararlanan inkişaf qüsurlarıdır. Bu sistlər vaxtında aşkar olunaraq xaric edilməlidir. Lakin vaxtında müəyyən edilmədikdə sistin irinləməsi kimi fəsadlara və xəstələrin bir neçə dəfə cərrahi müdaxiləyə məruz qalmasına gətirib çıxarır.