Türkiyəli professor rezidentlər üçün növbəti mühazirəsini deyib

Aprelin 17 - də  Türkiyənin Qazi Universiteti Tibb fakültəsinin cərrahi kafedrasının professoru dr. Mustafa Kerem  ATU-nun rezidentləri üçün növbəti dəfə “Kəskin pankreatit”- mədəaltı vəzin iltihabı xəstəliyi   mövzusunda mühazirə ilə çıxış edib.

 

Seminar haqqında  qəzetimizə məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının  rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətov bildirib ki professor dr.Mustafa Keremin təşəbbüsü ilə  hər həftənin III günləri ATU-nun rezidentləri üçün cərrahiyyə ixtisası üzrə elmi- praktik seminar keçirilir. Seminarın mövzusu öncədən  rezidentlər və  onların  rəhbərləri arasında paylanılır. Sayca üçüncü olan bu seminarın mövzusu  “Kəskin pankreatit” dir. Onun sözlərinə gərə bu günki seminarda  kəskin pankreatitin müalicə və müayinəsində müasir yanaşma metodlarından bəhs edilir. Yəni son zamanlar cərrahi xəstəliklərdə ən çox rast gəlinən kəskin pankreatitin    müalicəsində cərrahi müdaxilə deyil, gözləmə taktikasına, konservativ müalicəyə üstünlük verilir.

Professor dr. Mustafa Kerem  də çıxışında əsasən son  metodlara  uyğun  müalicənin daha səmərəli aparılması yollarından danışıb. Məruzəçi  bu sahə üzrə inkişaf edən ölkələrdə tətbiq olunan ən yeni üsulların seçildiyini qeyd edib və bu barədə  rezidentlərə ətraflı məlumat verib. 

 

 Məlumat üçün bildirək ki, Türkiyəli professor  Mustafa Kerem ATU-nun Tədis Cərrahiyyə Klinikasında 1 il müddətinə transplantologiya şöbəsində təmsil olunacaq. O, əsasən qaraciyər cərrahiyyəsi üzrə klinikada həyata keçirilən əməliyyatlarda iştirak edəcək. Anlaşmaya görə professor dr. M.Kerem  bir il müddətində  universitetimizilə əməkdaşlıq çərçivəsində elmi tədqiqat işləri aparmaq, ATU- nun rezident və tələbələri üçün mütamadi olaraq seminarlar təşkil etmək və təlimlər keçirmək  niyyətindədir.