Böyük elmi şurada

Mayın 30-da ATU-nun Böyük Elmi Şurasının növbəti iclasını açan universitetin rektoru, professor Gəray Gəraybəyli iclasın gündəliyini diqqətə çatdıraraq “Azərbaycan Tibb Universitetində 2018/2019-cu tədris ilində buraxılış Dövlət Attestasiyasına və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, imtahanların mütəşəkkil keçirilməsində kollektivin vəzifələri” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevə verib.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində islahatların aparılması və inkişaf dinamikasının gələcəkdə də qorunacağını vurğulayan prorektor bildirib ki, universitetin bütün fakültələrində və ixtisaslarında istər bakalavriat, istərsə də ali tibb təhsilinin əsas təhsilində tədris Baloniya bəyannaməsinin müddəalarına uyğun həyata keçirilir: “Beləliklə, ali tibb təhsilinin məzmunu və təlim texnologiyaları məzmun və formaca yeniləşdirilir, tibb təhsilinin əsas təhsili və rezidenturada, əczaçılıq ixtisasında - bakalavriat və magistraturada, təhsil, innovativ tədris metodikaları və materialları ilə təmin edilir, ali təhsildə keyfiyyətin təmin olunması məqsədilə işlər aparılır, universitetin maddi-texniki bazası və strukturu müasirləşdirilir”.

 

Cari tədris ilindən kafedraların verdiyi məlumatlara görə dərsə gecikən tələbələrə güzəşt edildiyindən dərslərə kütləvi gecikmə hallarının müşahidə olunduğunu, bununla da tədrisin ritminin pozulduğunu deyən məruzəçi bildirib ki,  ona görə də dərsburaxma ilə əlaqədar məsələ universitetin Böyük Elmi Şurasında müzakirə olunmalı, tibb təhsilinin xarakter xüsusiyyəti nəzərə alınaraq müvafiq qərar qəbul edilməlidir.

 

S.Əliyev 2018/2019-cu tədris ilində ilk dəfə olaraq I kurslarda aralıq sorğuların nəticəsinin bu günlərdə rektoryanı şurada geniş müzakirə olunduğunu söyləyib və bu haqda şura üzvlərinə qısa məlumat verərək qeyd edib ki, universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə dekanlığın əməkdaşları təhsil sahəsində dünyanın müxtəlif ölkələri və unversitetləri ilə əlaqələri genişləndirirlər: “Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı ilbəil artır. Artıq 17 ildir ki, universitetimizdə tədris həm də ingilis dilində aparılır. Bu da xarici ölkə vətəndaşlarının universitetə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir.

 

Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi digər vacib işlərdən biri də tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq onların qeydiyyatını təşkil etməkdən ibarətdir”.

 

Artıq bir neçə ildir ki, rezidenturaya qəbul imtahanlarının 2 mərhələdə aparıldığını və hər mərhələnin 100 balla qiymətləndirildiyini diqqətə çatdıran prorektor deyib ki, cari tədris ili üçün baza tibb fənləri üzrə I mərhələ aprelin 7-də aparılıb, klinik fənlər üzrə II mərhələ isə iyulun 14-nə planlaşdırılır.

 

Dövlət Attestasiya sınaqlarına və yaz semestrinin imtahan sessiyasına rektorluq, dekanlar, tədris hissəsi, kafedralar və İmtahan Mərkəzi tərəfindən lazım olan bütün hazırlıq işlərinin görülüb başa çatdırıldığını deyən prorektor universitet kollektivinin bu məsul və çətin işin öhdəsindən bacarıqla gələcəyinə əminliyini bildirib.

 

Çıxışlarında hesabat məruzəsini qənaətbəxş qiymətləndirən kafedra müdirləri Rəna Əliyeva, Məhbubə Vəliyeva, Elçin Ağayev, Qoşqar Əliyev və Vaqif Şadlinski mövcud problemlərlə bağlı fikirlərini və təkliflərini də şura üzvləri ilə bölüşüblər.

 

Məruzədə və çıxışlarda səslənən fikirlərə münasibət bildirən rektor bir neçə vacib məqama toxunaraq müasir dövrdə informasiya texnologiyalarının köməyi ilə xeyli önəmli məlumatı əldə edə bildiklərini söyləyib. Artıq bir ildir ki, elektron jurnalın tətbiqinə başlanıldığını diqqətə çatdıran professor G.Gəraybəyli qeyd edib ki, əsas məqsədimiz bu sahədə yol verilən nöqsanları tezliklə aradan qaldırmaq, gələn ildən elektron jurnalda qeydlərin daha dəqiq və vaxtında  aparılmasına nail olmaqdır.

 

Bal-reytinq attestasiyasının əhəmiyyətini xüsusi vurğulayan universitet rəhbəri tələbələrin rəyləri əsasında müəllimlərin fəaliyyətinə daha obyektiv qiymət verildiyini deyib. Onu da bildirib ki, gələcəkdə bal-reytinq attestasiyası elektronlaşandan sonra müəllimin fəaliyyətinin qiymətləndirilməsi zamanı dərs dediyi qrupun imtahan nəticələri də nəzərə alınacaq.

 

Aralıq sorğularını vaxtında aparılan islahat kimi dəyərləndirən rektor imtahan testlərinin təkmilləşdirilməsinin zəruriliyini də önə çəkib: “Təhlillər onu göstərir ki, ənənəvi testlər tələbələrin əlindədir. Qrafikdən də göründüyü kimi, hansı fənlərdən açıq suallar yoxdursa, həmin fənlərdə aralıq qiymətləndirmənin balı çox yüksəkdir. Açıq suallar olan testlərdə isə bal kəskin surətdə aşağı düşür”.

 

Yuxarıda deyilənləri nəzərə alıb Seçenov adına Moskva Tibb Universiteti, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu və Dövlət İmtahan Mərkəzi ilə danışıqlar aparıldığını söyləyən professor G.Gəraybəyli öz kafedralarımızda hazırlanan testlərlə yanaşı, müxtəlif fənlər üzrə adı çəkillən qurumlardan alınan testlərin də elektron sistemə yerləşdiriləcəyini vurğulayıb.

 

Təkcə davamiyyəti deyil, tədrisin keyfiyyətini də ciddi nəzarətdə saxlamağın vacibliyini, xarici tələbələrlə  işləməyin xüsusi həssaslıq və məsuliyyət tələb etdiyini diqqətdə çatdıran rektor yekun nitqində digər məsələlərə də aydınlıq gətirib.

 

Elmlər doktoru işininn mövzusunu, elmi məsləhətçisini təsdiqləyən elmi şura  dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri,  qayıb limiti, müsabiqə müddəti başa çatmış və sosial məzuniyyətdə olan şəxslərin bal-reytinq qiymətləndirilməsindən keçirilməsi və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.