Sirr deyil ki, insan sağlamlığının bir göstəricisi onun nə cür qidalanmasıdır. Sağlam qidalanma insan bədənini möhkəmləndirir, immuniteti artırır, bir çox xəstəliklərdən uzaq qalmaq üçün profilaktik tədbirlər keçirilməsini təmin edir.
Bəzi qidalar isə hətta müxtəlif qorxulu xəstəliklərdən qorunmağa da kömək edir. Tanınmış amerikalı həkim, alim, Angiogenez Assosiasiyasının yaradıcısı Vilyam Linin işləyib hazırladığı qidalanma sisteminin köməyi ilə onkoloji xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür.
Li onkologiya ilə mübarizədə ən effektli vasitə - ərzaq məhsullarını hesab edir. Buraya xeyli növ meyvə, tərəvəz, daha sonra ağartı məhsullarından və tərəvəzlərdən hazırlanmış yeməklər daxildir.
Li özünün “xərçəngə qarşı pəhriz”ini “Eat to Beat Disease: The New Science of How Your Body Can Heal Itself” (“Xəstəliyə qalib gəlməkdən ötrü yeyin: sizin bədəninizin özünü necə sağaltması barədə yeni elm”) adlı kitabında təqdim edib.
Müəllif əsasən tərkibində faydalı minerallar, o cümlədən orqanizmdə mutasiya prosesini dayandıran likopinin olduğu pomidoru; həmçinin xeyli faydalı xüsusiyyətlərə malik olan turş kələmi; soyanı, giləmeyvələri və yaşıl çayı əsas tərəvəz hesab edir.
Li öz pəhrizində yoqurta və kimçiyə ( Koreya ədviyyatları qatılmış, əsasən Pekin kələmindən hazırlanan Koreya yeməyi) xüsusi yer ayırıb.
Bundan başqa, Li düzgün qidalanmada qoz-fındığın, giləmeyvənin və kartofun əsas rolundan yazır. O, həmçinin öz kitabında almaya, xüsusən alma sidrinə (alma şərabı) böyük yer ayırır.
O, kitabında bu və ya digər ərzaqdan nə üçün istifadə olunmasını başa salır, həmçinin daha çox tərəvəz qəbulunun zəruriliyindən bəhs edir.
“Bizim genetik taleyimiz doğulmaq faktı ilə qabaqcadan müəyyən edilməyib. Genom özü dəyişməz olaraq qalmaqdadır, lakin müəyyən genlər ətraf amillərin təsiri altında dəyişmək qabiliyyətini saxlamaqdadır. Yəni hər şey sənin nə yediyindən, hansı havanı udmağından asılıdır...”, - deyə Li yazır.
Bəzi ərzaq məhsulları var ki, onlar xərçəng kimi ölümcül təhlükəli xəstəliyə güclü profilaktika ola bilər. “newsland.com” saytına istinadla xəbər verir ki, həmin məhsulları gündəlik rasionunuza əlavə etmək məsləhət görülür.
Qaragilə
Bu giləmeyvənin tərkibində xeyli faydalı vitaminlər, minerallar, həmçinin antioksidantlar var. Məlumdur ki, sərbəst radikallar hüceyrələrin sağlamlığına mənfi təsir göstərərək onları parçalayır. Bu isə ölümcül xəstəliyin – xərçəngin əmələ gəlməsinə gətirib çıxarır. Qaragilənin tərkibindəki antioksidantlar sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malikdirlər. Başqa sözlə desək, giləmeyvə onkoloji xəstəliklərdən qoruyur.
Zəncəfil
İnsanlar hələ qədim zamanlarda bu güclü ədviyyatın xassələri ilə tanış idilər. Əcdadlarımız zəncəfil vasitəsilə çoxlu xəstəlikləri uğurla müalicə ediblər. Zəncəfilin tərkibində vitaminlər, minerallar, antioksidantlar, həmçinin efir yağları və faydalı maddələr var. Ədviyyat bədxassəli hüceyrələri təcrid etməyə qadirdir. Zəncəfil onların parçalanaraq digər orqan və toxumalara yayılmasının qarşısını alır. O, orqanizm tərəfindən əla mənimsənilir və maddələr mübadiləsini yaxşılaşdırır. Güclü xalq təbabəti vasitəsi toksik hüceyrələrin özü-özlərini məhv etməsinə imkan yaradır. Yarım çay qaşığı sürtgəcdən keçirilmiş ədviyyat bir stəkan qaynar suda dəmlənərək gündə bir neçə dəfə qəbul edilir.
Brüssel kələmi
Bu, təkcə vitaminlərin, mineralların və faydalı mikroelementlərin zəngin mənbəyi deyil. Tərəvəzin tərkibində sulforafan adlı maddə var ki, bu da orqanizmin qoruyucu xüsusiyyətlərini möhkəmlədir. Başqa sözlə desək, Brüssel kələmi xərçəng xəstəliklərini törədən toksin və şlaklarla fəal şəkildə mübarizə aparır. Bu tərəvəz qida rasionuna əlavə olunmağa layiqdir.
Yaşıl çay
Yaşıl çay müxtəlif xərçəng xəstəliklərindən fəal şəkildə müdafiə edən antioksidantların və polifenolların güclü mənbəyidir. Bu içki maddələr mübadiləsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır, zəhərli, zərərli maddələri, şlak və toksinləri orqanizmdən kənarlaşdırır. Məhz bu səbəbdən də yaşıl çaydan gün ərzində 2-3 fincan içmək məsləhət görülür.
Portağal
Bu sitrus tərkibindəki antioksidantlar, həmçinin immun sistemini möhkəmlədən C vitamini ilə zəngindir. Portağal orqanizmdə xərçəng xəstəliklərinin əmələ gəlməsinə şərait yaradan sərbəst radikallarla fəal şəkildə mübarizə aparır. Meyvə, həmçinin qanda təhlükəli xolesterinin səviyyəsini azaldır, orqanizmin qocalmasının qarşısını alır və qamətli bədən quruluşunu saxlamağa kömək edir.
Sarımsaq
Xərçəng əleyhinə xüsusiyyətlərə malik olan sarımsaq güclü immunitet dəstəkləyicisidir. Sarımsaq təbii antiseptik vasitədir, mikrob və virus əleyhinə təsirə malikdir. Əsl təbii antibiotik olan sarımsağı həftədə 2-3 ədəd çiy halda yemək məsləhətdir.
Qırmızı soğan
Qırmızı soğanın tərkibində olan antosianin adlı maddə xərçəng şişlərinin böyümə sürətini azaltmaq xüsusiyyətinə malikdir. Kanadanın Quelf Universitetindən olan tədqiqatçılar soğanın 5 müxtəlif növündən alınan kversetin ekstraktının kolorektal xərçəng (bağırsaq xərçəngi) şişlərinin hüceyrələrinə təsirini öyrəniblər. Nəticədə onlar belə qənaətə gəliblər ki, soğanın tərkibindəki maddə şiş toxumalarının böyümə sürətini azaltmaq xüsusiyyətinə malikdir. Bu mövzuda olan tədqiqatların nəticəsi "Food Research International” jurnalında dərc edilib.
Ekspertlər qeyd ediblər ki, qırmızı soğanın tərkibi xərçəng şişlərinə qarşı mübarizədə ən güclü effekti ilə fərqlənir. Alimlər laboratoriya şəraitində sınaqlardan sonra bu nəticəyə gəliblər. Onlar bağırsaq şişinin soğan kverseti ekstraktı ilə birbaşa kontaktının nəticəsini müşahidə ediblər. Məlum olub ki, bu komponent xərçəngi süni şəkildə inkişaf etdirərək, DNT-nin zədələnməsinə səbəb olan sərbəst radikalları neytrallaşdırır. Bundan başqa bu birləşmə iltihab əleyhinə təsirə də malikdir.
Alimlər müəyyən ediblər ki, qırmızı soğanın tərkibi təkcə kversetinlə zəngin deyil. Bu tərəvəzin tərkibində, həmçinin xərçəng şişləri ilə mübarizəni gücləndirən böyük miqdarda antosianin də var.
Meyvələrin xeyri
Nar, gilas və çiyələk kimi qırmızı meyvələrin tərkibindəki maddələr bədəndə xərçəng hüceyrələrinin artmasına mane olur. Hər gün qırmızı rəngdə olan meyvə yemək orqanizmi möhkəmləndirir və xəstəliklərdən qoruyur.
Pomidor, qreypfrut, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların tərkibindəki likopen xərçəngin bir çox növlərindən qoruyucu funksiyanı yerinə yetirir. Müəyyən edilib ki, likopen prostat vəzin xərçəngi, həzm sistemi, döş və dəri xərçəngi xəstəliklərinə yaxalanmaq riskini 30-40 faiz azaltmağa qadirdir. Xüsusilə pomidorun tərkibindəki likopen sağlamlıq üçün çox faydalıdır.
Adətən tərəvəzlər bişərkən onların qida dəyəri azalır. Maraqlıdır ki, bu, pomidora şamil edilmir, çünki onu bişirdikcə tərkibindəki likopen orqanizm tərəfindən daha çox mənimsənilir. Belə ki, çiy pomidora nisbətən onun suyu, bişmiş vəziyyəti, ketçup və tomatda iki-üç dəfə çox vitamin olur. Ona görə də pomidoru 5-6 dəqiqə bişirdikdən sonra yemək tövsiyə olunur.
Antioksidant tərkibli tərəvəzlər immuniteti gücləndirir. Brokkolinin tərkibindəki qlutamin maddəsi xüsusən mədə xərçənginə qarşı ən yaxşı qoruyucu vasitələrdən biridir.
Yaşıl və qara çayın içərisində olan bəzi maddələr isə bir sıra xəstəliklərin inkişafının qarşısını alır. B vitamini və beta-karotinlə zəngin olan yeralması da xəstəliklərə qarşı qoruyucu təsirə malikdir. Qırmızı bibər və zəncəfil də xəstəlikdən qoruyan qidalar sırasına daxildir.
Araşdırmalardan portağal və limon suyunun orqanizm üçün ən faydalı təbii şirə olduğu müəyyən edilib. Həmin içkilər orqanizmdə daş yaranmasının qarşısını almağa kömək edir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.