Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır
Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir.
Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir. Novruz bayramı həm də insanları birləşdirən, onları xeyirxahlığa səsləyən bayramdır. Bu bayramda insanlar bir-birini yada salır, bayramlaşır, dünyasını dəyişmiş əzizlərini ziyarət edir, qayğıya ehtiyacı olanlara köməklik edirlər. Bu niyyətlə də, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, əməkdar elm xadimi, professor Amalya Əyyubovanın rəhbərliyi altında "Avita" şirkətinin dəstəyi ilə bronxial astma və digər allergik xəstəlikləri olan uşaqlar üçün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında Novruz şənliyi təşkil olunmuşdur. Şənlikdə 50-dən artıq xəstəyə müxtəlif bayram hədiyyələri və allergik xəstələrin müalicəsində mühüm əhəmiyyət kəsb edən "Lukastin" preparatı paylanmışdır. Bayram tədbirində Novruzun atributları olan Keçəl və Kosanın iştirakı isə uşaqların sevincini daha da artırmış, tədbirə əsl bayram əhval-ruhiyyəsi vermişdir. Musiqi sədaları altında əylənən uşaqlar Kosa və Keçəllə müxtəlif fotoşəkillər çəkdirir, şeir deyir və onlarla birlikdə mahnı oxuyurdular. Xəstələrimizə bu sevinci bəxş edən insanlara dərin minnətdarlığımızı bildirir, gələcəyimiz olan uşaqlarımıza isə sağlam həyat arzulayırıq. Qoy bu sevinc, gülüş heç bir zaman onların üzündən əskik olmasın!