Tədbiri giriş sözü ilə açan ATU-nun rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov onları təbrik edərək rezidentura təhsilinin təşkili qaydaları haqqında ətraflı məlumat verib.
“Rezidentura təhsilinin məzmunu və təşkili Qadaları” və eləcə də əmək müqaviləsindən bəhs edən R. Məmmədov bildirib ki, toplantının əsas məqsədi nizam- intizam, işə dəvamiyyət, kafedra və şöbələrdə tabellərin düzgün doldurulmasına nəzarətin gücləndirilməsindən ibarətdir. Rezidentlər istər növbələrə qalan zaman, istərsə də gündəlik iş vaxtı kuratorlar rezidentinin iş planı haqqında məlumatlı olmalıdır. Çünki bu fərdi iş planına əsasən rotasiya rezidentin dərs cədvəlidir. Kuratorlar onların fərdi iş planlarının hazırlanması və gündəlik sənədlərin doldurulmasına ciddi nəzarət etməlidirlər. Fərdi iş planı rezidentin əsas sənədi kimi qaydasında doldurulub tərtib edilməlidir. Rezidentlər həkimliyin qayda- qanunlarına, klinikaların daxili nizam- intizam qaydalarına düzgün əməl etməli, işlərində məsuliyyətli olmalıdır. Sözünə davam edən natiq qeyd edib ki, rezidenturada təhsillə bağlı bütün məsələlər, o cümlədən rezidentlərin yüksək səviyyəli həkim mütəxəssis kimi hazırlanması işi hörmətli rektorumuz, professor Gəray Gəraybəylinin diqqət mərkəzindədir.
Daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, kafedra müdirləri Elmira Əliyeva, Məlahət Sultanova və başqaları çıxış edərək, rezidentlərə təbriklərini çatdırıb, onlara seçdikləri ixtisaslara yüksək səviyyədə yiyələnmələrini tövsiyə ediblər. Qeyd olunub ki, Tədris Cərrahiyyə və Tədris Stomatoloji klinikalarında tədris-treyninq mərkəzləri mövcuddur ki, bu da rezidentlərin təcrübələrini artırmaqlarında mühüm rol oynayacaq. Çıxışlarda bildirilib ki, rezidentlər artıq gələcəyin yüksək ixtisaslı həkimləridir. Onlar üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidirlər. Çünki, klinikalarda şərait müasir standartlara uyğun qurulub və rezidentlərin praktik vərdişlərə yiyələnmələri üçün hər cür imkanlar yaradılıb.
ATU Klinikalarının əsas məqsədlərindən biri müalicə işi ilə yanaşı həm də yüksək ixtisaslı həkim-rezident hazırlamasından ibarət olduğunu vurğulayan natiqlər söyləyiblər ki, bu klinikalarda dünya standartlarına uyğun müayinə və müalicə üsulları tətbiq edilir.
Çıxışlarda rezidentlərə xarici dil biliklərini təkmilləşdirmələri də məsləhət görülüb. Çünki tibb sahəsi daima yeniliklərə açıq olan sahədir. Ona görə də həkim imicinin yüksək səviyyədə formalaşmasında rezidentlərin üzərinə böyük məsuliyyət düşür.
Professor R. Məmmədov yekun nitqində bildirib ki, professor Gəray Gəraybəylinin göstərişinə əsasən bu tədris ilindən etibarən bütün kurslar üzrə test suallarının yenilənməsi, o cümlədən sonuncu kurslarda yekun attestasiya üçün nəzərdə tutulmuş yeni tipli test sualları hazırlanır.
O, bir daha qeyd edib ki, rezidentlərin biliyinin yaxşılaşdırılması üçün onların xəstə müalicəsi və müayinəsində iştirakının təmin edilməsi zəruridir. Bundan başqa rezidentlər həm də elmi işlə məşğul olmalı, elmi konfranslarda tezis və məqalələrlə çıxış etməlidir.
Şöbə müdiri toplantının sonunda tədbir iştirakçılarını maraqlandıran sualları da cavablanвırdı.