Şərq təbabətinin öyrənilməsinə dair kurslar başa çatıb

Azərbaycan Tibb Universitetinin həkim və rezidentlər üçün Şərq təbabətinin öyrənilməsinə dair keçirilən 2 həftəlik silsilə kursar başa çatıb.

 

Yekun tədbirində Gansu Dövlət Tibb Universitetinin professoru Qin Xiao, Çin Tibbinin baş həkimi Yao Xiaoqiang və Elm və Texnologiya üzrə Alyansın baş katibinin müavini Li Renying iştirak ediblər.

 

Tədbiri ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov açaraq, Çin ənənəvi təbabətinin öyrənilməsinə aid təşkil edilən kursların həkim və rezidentlərimiz üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, ötən ilin martında özünün də iştirakı ilə ATU-nun sabiq prorektoru Nadir Zeynalov, professor Rafiq Təhməzovla birgə Çin Xalq Respublikasının Gansu Tibb Dövlət Universitetində olublar. Universitetdə Çin təbabətinin incəlikləri, orada aparılan müalicə üsulları ilə bağlı aldıqları məlumat nümayəndə heyətinin ciddi marağına səbəb olub: “Biz Gansu Dövlət Tibb Universitetini nümunəvi ali təhsil ocaqlarından biri kimi qəbul etdik. Tədrisin səviyyəsi, xəstələr üzərində tətbiq olunan təcrübə və bunların yüksək nəticələri diqqətimizi çəkdi və bu barədə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə məlumat verdik. Hörmətli rektor qabaqcıl yeniliklərin həmişə universitetimizdə tətbiqinə dəstək olduğundan, Çin təbabətinin öyrənilməsi bu cür üçün kursların təşkil edilməsinə dəstək verdi. Gələcəkdə fikrimiz var ki, bu sahənin öyrənilməsinə dair universitetimizdə hansısa bir fakültə təşkil olunsun”.

 

Gansu Dövlət Tibb Universitetinin professoru Qin Xiao öz çıxışında hər iki universitet arasında əlaqələrin yaranmasında ATU-nun rəhbərliyinə, o cümlədən elmi işlər üzrə prorektor Rauf Bəylərova və universitetin professoru Rafiq Təhməzova dərin təşəkkürünü bildirib: “Hesab edirəm ki, hər iki universitet arasında indən sonra əlaqələr daha da dərinləşəcək və tələbə mübadiləsi edə biləcəyik. Əgər magistr pilləsini Çində davam etdirsəniz, özünüzü bu sahə üzrə təkmilləşdirə biləcək, əlavə zəruri məlumatlar öyrənəcəksiniz”. Professor Qin Xiao çıxışı zamanı Gansu Dövlət Tibb Universitetində oxuyacaq azərbaycanlı əlaçı tələbələrə təqaüd veriləcəyini, yataq və yemək xərclərinin Çin dövləti tərəfindən qarşılanacağını da bildirib. Çində təhsil alacaq tələbələrin heç bir problemlə üzləşməyəcəyini diqqətə çatdıran çinli professor, kursda iştirak edənləri öz ölkəsində təhsil almağa dəvət edib.

 

Elm və Texnologiya üzrə Alyansın baş katibinin müavini Li Renying də təşkil olunan kursların əhəmiyyətini qeyd edərək bildirib ki, Çin ənənəvi təbabəti ilə bağlı dərin bilikləri bir neçə kursda iştirak etməklə öyrənmək mümkün deyil. Bu sahəni dərindən bilmək üçün bəzən 5 il, 10 il, bəzən daha çox Bu səbəbdən iştirakçıların diqqətinə Çində təhsil almağın zəruriliyini bir daha çatdırıb. Qeyd edib ki, Azərbaycanda Çin ənənəvi təbabətini dərindən öyrənmək və yaxşı mənimsəmək üçün mövcud şərait var. Bunu univeristetin professoru Rafiq Təhməzovun 30 ildən çoxdur ki, kifayət qədər təcrübəsinin olması ilə əsaslandırıb.

 

Tədbir iştirakçılarının diqqətinə bu sahəni dərin öyrənməklə yanaşı, Çin tarixi, mədəniyyəti, mətbəxi və digər sahələrlə yaxından tanış ola bilmək şansını əldə edə biləcəklərini də çatdırıb.

 

ATU-nun terapevtik və pediatrik propedevtika kafedrasının professoru Rafiq Təhməzov da keçirilən kursların əhəmiyyətindən söhbət açıb, bildirib ki, universitetlər arasında tələbə və elmi mübadilənin aparılması olduqca vacibdir:” Universitetimizdə rəhbərlik tərəfindən Çin ənənəvi təbabətinin tədris olunması, bu sahənin tələbələrə daha geniş və yüksək səviyyədə öyrədilməsi nəzərdə tutulub. Çox istərdik ki, tələbələrimiz Şərq və Çin ənənəvi təbabətində istifadə olunan müalicə üsulları ilə yaxından tanış olaraq, pasiyentlər üzərində uğurla tətbiq etsinlər”.

 

İştirakçılar arasında da kursla bağlı müsbət fikirlər səsləndirənlər olub. Çıxış edənlərin əksəriyyəti kursların yüksək səviyyədə təşkilindən, öyrədilən mövzulardan, pasiyentlər üzərində tətbiq edilən üsullardan razı qaldıqlarını, bu cür kursların davamlı keçirilməsi arzusunda olduqlarını bildiriblər.