Böyük Elmi Şurada

ATU-nun Böyük Elmi Şurasının növbəti iclası oktyabrın 29-da keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

Əvvəlcə “2017-2019-cu illər üzrə Stomatologiya fakültəsində tədrisin vəziyyəti və gənc mütə­xəs­sislərin hazırlanmasının yaxşı­laşdırılması işində kollektiv qarşı­sında duran vəzifələr” barədə fakül­tənin dekanı, dosent Səid Əhmədovun hesabat məruzəsi din­lənilib. Məruzədə imtahan nəticələrinin illər üzrə müqayisəli təhlilinə, tədris metodik və tələbələrlə tərbiyəvi işin vəziy­yə­tinə geniş yer ayrılıb.

 

Son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmil­ləşdirilməsi istiqamətində ciddi islahatlar aparıldığını deyən fakültə dekanı qeyd edib ki, yeni inkişaf meyarları əsas götürülməklə universitetimizin kadr potensialının və maddi texniki bazasının gücləndirilməsi, ali təhsilin yüksək standartları istiqamətində mühüm addımlar atılmaqdadır: “Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin qarşısında duran əsas vəzifə yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaqdır. Bundan ötrü fakültə əməkdaşlarının ümdə vəzifəsi tədris və onun metodikası, elmi-tədqiqat və tərbiyə işlərini günün tələbləri səviyyəsinə qaldırmaqdır. Bu vəzifələrin yerinə yetirilməsində dekanlığın, fakültə kollektivinin, onun Elmi Şurasının, işçi komissiyalarının və ictimai təşkilatlarının  böyük  rolu vardır”.

 

Tədris-metodik sənədlərin hazırlıq səviyyəsində müəyyən çatışmazlıqların mövcudluğuna da toxunan məruzəçi səhvlərin əsasən balların yanlış hesablanmasında, kafedra müdiri, müəllim və tələbələrin imzalarının olmamasında, tələbələrin qiymətlərinin dəyişik yazılmasında, səliqəsizlikdə və pozuntuların hədsiz çox olmasında özünü göstərdiyini bildirib.

 

2018/2019-cu tədris ilinin Payız semestrində 1039 tələbədən 876-sının imtahanda iştirak etdiyini, onlardan 762-sinin imtahanı müvəffəqiyyətlə verdiyini söyləyən dekanın sözlərinə görə, semestr üzrə müvəffəqiyyət-kəmiyyət göstəricisi 89.2%, keyfiyyət göstəricisi isə 39.3%-dir: “Beləliklə, 2017/2018-ci tədris ili ilə müqayisədə 2018/2019-cu tədris ilinin həm keyfiyyət, həm də müvəffəqiyyət göstəricilərində artım vardır.

 

Keyfiyyət göstəricilərində artımın daha çox I kurslarda müşahidə edilməsində ötən ildən tətbiq olunan “Aralıq qiymətləndirmə”nin mühüm rolu olmuşdur.

 

2018/2019-cu tədris ilinin Yaz semest­rində isə I-V kurslar üzrə 1026 tələbədən 960 nəfəri (93.5%) imtahanda iştirak etmişdir. 788 tələbə (82,1%) sessiyanı müvəffəqiyyətlə başa vurmuş, 172 nəfərin (16,7%) akademik borcu qalmış və 66 nəfər (11-i üzürlü, 55-i isə üzrsüz səbəbdən) imtahanda iştirak etməmişdir.

 

Göründüyü kimi, 2017/2018-ci tədris ili ilə müqayisədə 2018/2019-cu tədris ilinin həm qış, həm də yay imtahan sessiyasının göstəricilərində artım müşahidə olunur”.

 

Hesabat məruzəsində 2019/2020-ci tədris ilində Stomatologiya fakültəsində təhsil alan tələbələrin say tərkibi də öz əksini tapıb: “Tələbələrin ümumi sayı 1120 nəfər olmuşdur ki, onlardan   da 405-i yerli, 715-i xarici vətəndaşlardır.  Yerli tələbələrin 155-i dövlət sifarişi ilə, 250-si isə ödənişli əsaslarla təhsil alır. Fakültə üzrə tələbələrin 739-u Azərbaycan (345 nəfəri yerli və 394 nəfəri xarici olmaqla), 76-sı rus (60 nəfəri yerli və 16 nəfəri xarici olmaqla), 305-i ingilis bölməsində təhsil alır.

 

Azərbaycan bölməsində təhsil alan xarici tələbələrin yerlilərlə müqayisədə mənimsəmələri zəifdir. Yəni hazırlıq kurslarında həm tədrisin keyfiyyəti, həm də dərslərə nəzarət artırılmalıdır. Digər tərəfdən ingilis bölməsində olan əcnəbi tələbələrə dərs keçən müəllimlərin dil bilgisinin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Bununla bağlı artıq bəzi qruplardan şikayətlər dekanlığa daxil olmaqdadır”.

 

Stomatologiyanın tədrisində yeniliyin tətbiqinin zəruriliyini vurğulayan dekan dünyada qəbul olunmuş bir sistemin - dişin morfologiyasının hazırlanması metodunun Ortopedik stomatologiya kafedrasında tətbiq edilməsini müsbət hal kimi qiymətləndirib. Eyni zamanda dərsliklərin, tədris vəsaitlərinin, tədris-metodik işləmələrin dərc edilməsinin tədrisin keyfiyyəti və səmərəsini yüksəlt­mək baxımından xüsusi əhəmiy­yətini qeyd edib.

 

Fakültənin tərkibində olan kafedralarda çalışan 10 nəfər professor, 33 nəfər dosent, 126 nəfər baş müəllim, assistent, müəllim olmaqla, ümumilikdə 169 nəfərdən ibarət professor-müəllim heyətinin təlim-tərbiyə işindəki rolundan söz açan dekan onu da bildirib ki, fakültə dekanlığının qarşısında duran məqsədlərdən ən önəmlisi tələbələrə qayğı ilə yanaşmaq, qarşlıqlı hörmət və sevgi çərçivəsində onların etibarını qazanmaq olmuşdur. Bu baxımdan onlarla mütəmadi görüşlərin, tədbirlərin keçirilməsinin müstəsna əhəmiyyəti vardır.

 

Məruzəçi bu ildən etibarən tələbələrin elektron jurnal vasitəsilə müəllimlərin fəaliyyətini, davranışını qiymətləndirə biləcəyinə də diqqət yönəldib. Vurğulayıb ki, bu sistem tam şəffaflığa təminat verir: “Tələbələr jurnalda yaradılan xüsusi pəncərəyə daxil olmaqla imtahan prosesinin gedişi və müəllimlər barədə sualları da cavablandıra biləcəklər. Yeni yaradılan “aralıq imtahanı” haqqında da tələbələrə geniş məlumat verilib. Bu üsulun tətbiq edilməsi və belə görüşlərin davam etdirilməsi ancaq və ancaq tələbələrin xeyrinədir.

 

Fakültə dekanlarının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Elmi Cəmiyyətinin təqdimatları əsasında elmi fəaliyyətlə məşğul olan, universitetin ictimai həyatında fəal iştirak edən və nizam-intizamı yüksək olanlar “İlin ən yaxşı elmlə məşğul olan”, “İlin ən yaxşı dərsə davamiyyəti olan və dərslərini yaxşı oxuyan”, “İlin ən aktiv” tələbəsi nominasiyaları üzrə tələbələr hörmətli rektorumuz, professor Gəray Gəraybəyli tərəfindən mütəmadi mükafatlandırılır”.

 

S.Əhmədov çıxışının sonunda fakül­tənin professor-müəllim heyətinin və tədrisə yardımçı əməkdaşların qarşıdakı tədris illərində bütün real və potensial imkanlarını səfərbərliyə alıb daha böyük məsuliyyətlə çalışacağına, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında bilik və bacarıqlarını sərf  edəcəklərinə əminliyini bildirib.

 

Məruzə ətrafında çıxış edən kafedra müdirləri Rəna Əliyeva, Ağa Paşayev, Zemfira Məmmədova və Vəfa Pənahian hesabatı qənaətbəxş qiymətləndirərək qazanılan uğurlarla yanaşı, mövcud problemlərin həlli yollarından da danışıblar.

 

Müzakirələrə yekun vuran rektor ilk növbədə konkretliyi ilə fərqlənən, istər müsbət istiqamətyləri, istər problemləri qabardan bir hesabat dinlədiklərini bildirib və gələcəkdə də hesabatların məhz bu cür yeni üsulla hazırlanmasını tövsiyə edib. Təkcə fakültədə deyil, universitetdə gedən islahatların həm kafedralara, həm də administrativ işlərə bilavasitə təsir göstərdiyini vurğulayan professor G.Gəraybəyli kafedra müdirlərinin dekanlarla sıx əməkdaşlıq şəraitində işləmələrinin vacibliyini önə çəkib.

 

Müxtəlif fakültələrin kafedralarında dekanlıq və tədris şöbəsi tərəfindən yoxlamalar aparıldığını xatırladan rektor  bəzi kafedra müdirlərinin, xüsusən də bir neçə bazada yerləşən kafedraların müdirlərinin öz vəzifələrinə məsuliyyətsiz yanaşmalarını kəskinliklə qınayıb. İnsan anatomiyası və tibbi terminologiya kafedrasında kafedra müdirinin hər gün müəllimlərin necə dərs deməsindən xəbərdar olmasını, ilin əvvəlində onlar üçün seminar keçirildiyini, biliklərinin, pedaqoji qabiliyyətlərinin yoxlanıldığını nümunə çəkərək digər kafedra müdirlərini də bu təcrübədən yararlanmağa çağırıb.

 

Yaşadığımız dövrün yeni tələblərini anlamaq istəməyənlərə cənab Prezidentin müxtəlif çıxışlarına, xüsusən də son çıxışlarına qulaq asmağı tövsiyə edən professor G.Gəraybəyli köhnə sistemdən, köhnə təfəkkürdən uzaqlaşmaq zamanı olduğunu xatırladıb: “Kafedra müdiri kafedrada olmadığı halda heç bir prosesə - nə kadr məsələsinə, nə tədris-metodik işə, nə də digər məsələlərə nəzarət edə bilməz. Proqramların yenilənməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Biz çalışırıq ki, universitetin inkişafını strateji istiqamətə yönəldək”.

 

Professor G.Gəraybəyli yekun nitqində kredit borcları olan tələbələrlə ciddi iş aparmağın zəruriliyini, qiymətləndirmə metodlarının təkmilləşdirildiyini və  aralıq imtahanları ilə bağlı təkliflər gözlədiyini vurğulayıb. Həmçinin, çıxışlarda səslənən təkliflərə və digər məsələlərə də aydınlıq gətirib.

 

01.09.2019-cu il tarixindən etibarən ATU-da əmək haqlarının orta hesabla 10% qaldırılması, doktorantura və dissertantura müddəti başa çatmış, lakin dissertasiyasının ilkin müzakirəsi keçirilməyən iddiaçılar, dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri barədə qərar və təklifləri təsdiqləyən elmi şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.