ATU-nun İctimai Səhiyyə fakültəsində interaktiv seminar keçirilib

Tələbələrə qidalanmanın zərərli vərdişlərindən danışılıb

Noyabrın 7-də Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tərkibində fəaliyyət göstərən “Capacity Building Club”un təşkilatçılığı ilə seminar keçirilib. Seminarda İctimai səhiyyə fakültəsinin tələbələri ilə yanaşı, Universitetin ayrı-ayrı fakültələrində təhsil alan tələbələri də iştirak edib.

 

Seminarda açılış nitqi ilə çıxış edən fakültə dekanı, professor Anar Ağayev son dövrlər ATU-da aparılan çoxsaylı islahatlardan – semestr ərzində I və II kurs tələbələrinə aralıq qiymətləndirmənin tətbiqindən, müəllimlərin müsabiqə yolu seçkisi zamanı tələbələr tərəfindən qiymətləndirilməsindən, aparılan çoxsaylı islahatların effektiv nəticələrindən və.s söhbət açıb. Dekan bildirib ki, Universitet rəhbərliyinin apardığı islahatların əsas məqsədi Avropa təhsil sisteminə inteqrasiya edərək, tələbələrə yüksək səviyyədə təhsil verməkdən və onlarda təhsilə maraq oyatmaqdan ibarətdir.

 

A.Ağayev hazırda rəhbərlik etdiyi fakültənin də aparılan islahatlardan kənarda qalmadığını qeyd edib: “Belə islahatlardan biri də yaxın gələcəkdə fakültəmizin həm bakalavr, həm də magistr pilləsi üzrə yeni yaranacaq ixtisaslarıdır. Biz bu gün tələbələrin peşə və bacarıqlarının motivasiyasını artırmaq məqsədilə yeni təşkil olunan “Capacity Building Club”unun açılışına toplaşmışıq. Fakültənin dekan müavini dosent Q.Qəniyevanın və fəal tələbələrin təşəbbüsü ilə yaradılmış bu klubda atdığımız addımların ardıcıl olacağını planlaşdırırıq”. Dekan qeyd edib ki, klub tərəfindən təşkil olunan ilk tədbir diskussiya xarakterli olacaq.

 

Sonra tədbirdə iştirak edən qonaqlardan həkim-terapevt İradə İmanova “Qidalanmanın zərərli vərdişləri və onlara qarşı mübarizə yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi insanların əksəriyyətinin düzgün qidalanma qaydalarına əməl etmədiklərini, bunun orqanizm üçün yaratdığı fəsadlardan, əmələ gətirdiyi bir sıra ağır xəstəliklərdən söhbət açıb. Qeyd edib ki, çörəyə qatılmış maya çoxsaylı xəstəliklərə səbəb olur. Həkim bildirib ki, hətta pasiyentləri çörəkdən imtina etdirməklə onlarda yaranan bir sıra xəstələri tam şəkildə müalicə edib. Pasiyentin xəstəlik zamanı və müalicədən sonra verdiyi laborator instrumental müayinələrin nəticələri seminar iştirakçılarında böyük maraq doğurub. Onun müalicə etdiyi xəstəliklər sırasına şəkərli-diabet, hipertoniya, mədə-bağırsaq, iflic və s. aid etmək olar.

 

Həkim-terapevtin etdiyi məruzə iştirakçıların böyük marağına səbəb olub. Məruzəçi ona ünvanlanan çoxsaylı sualları geniş şəkildə cavablandırıb. Sonda İ.İmanova tələbələrlə disskusiya xarakterli seminarda iştirakından məmnun olduğunu və tədbirdən xoş təəssüratlarla ayrıldığını bildirib.