Azərbaycan Tibb Universitetinin (ATU) könüllülük fəaliyyətində aktiv olan tələbələr sertifikatla təltif olunublar. Sertifikatların təqdimat mərasimində ATU-nun I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov çıxış edərək könüllülük proqramının üstünlüklərindən danışıb. Qeyd edib ki, ATU tələbələri ikinci dəfədir ki, öz təşəbbüsləri ilə könüllülük proqramına qoşulublar: Ölkədə gənclər arasında könüllülük proqramı vüsət almaqdadır. İlk olaraq bu işə başlayan “ASAN xidmət” oldu. Sonradan digər qurumlar, o cümlədən Səhiyyə Nazirliyi də könüllülük siyasətini dəstəkləyərək gənclər üçün belə imkan yaratmış oldular”.
E.Novruzov bildirdi ki, bu dəfə universiteti tələbələrindən könüllü olmaq istəyən 50-yə yaxın tələbə müraciət edib. Onlardan 10 nəfəri könüllü olub. Tələbələrin öz istəkləri ilə ATU-nun müxtəlif şöbə və fakültələrində könüllülük fəaliyyətini həyata keçiriblər. 2 ay ərzində tələbələr universitetin ictimai işlərində iştirak ediblər, həmçinin kargüzarlıq və digər sənəd işlərində ATU rəhbərliyinə yaxından kömək ediblər. E.Novruzov bu uğurlu fəaliyyətə görə könüllü tələbələri təbrik etdi.
Səhiyyə Nazirliyinin könüllülər proqramı üzrə kurator Vüsalə Səfərova bir ildir start verilən proqramın fəaliyyətinin gündən-günə güclənməsinin sevindirici hal olduğunu bildirdi. Qeyd etdi ki, bu proqrama müraciət edənlər arasında ATU tələbələrinin sayının artması müsbət haldır. V.Səfərova könüllülük fəaliyyətinin gənclərin karyerasında önəm daşıdığını, müsbət təsir göstərəcəyini bildirdi.
Sonra könüllü kimi fəaliyyət göstərən 10 tələbə Səhiyyə Nazirliyinin sertifikatı ilə təltif olundu.