Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə yanaşı, tələbələri də beynəlxalq konfrans və seminarlarda aktiv iştirak edir, universiteti layiqincə təmsil edirlər. ATU-nun Stomatologiya fakültəsinin üçüncü kurs (717 i-4 qrup) tələbəsi Saeb Aalizadeh bu günlərdə Pakistanın Karaçi şəhərində keçirilən “International Conference of Applied Biosciences (ICAB-2019)” beynəlxalq konfransında iştirak edib. Mohammad Ali Jinnah Universitetinin təşkil etdiyi bu beynəlxalq konfransa Fransa, Almaniya və digər Avropa ölkələrindən çoxsaylı nümayəndələr qatılıb. İştirakçılar tədbirdə öz tədqiqatlarını təqdim ediblər.
ATU tələbəsi A.Aalizadeh də bu toplantıda məruzə ilə çıxış edib. o, “Clinical confidence and predictability in aligner therapy technology (Invisalign Clear Aligners ) by Digital Orthodontics” mövzusunda məruzəni təqdim edib. Onun çıxışı çox maraqla qarşılanıb. S.Aalizadeh məruzədən sonra ona ünvanlanan sualları ətraflı cavablandırıb. Sonda uğurlu təqdimata və məruzəsinə görə Saeb Aalizadeh Mohammad Ali Jinnah Universitetinin rəhbərliyi tərəfindən sertifikata layiq görülüb.
S.Aalizadeh belə nüfuzlu konfransda iştirakına şərait yaratdıqlarına görə ATU rektoru professor Gəray Gəraybəyliyə, Stomatologiya fakültəsinin dekanı t.e.n. Səid Əhmədova və Biokimya kafedrasının baş müəllimi b.ü.f.d. Xəyalə Məmmədovaya dərin minnətdarlığını bildirir.