Dekabrın 26-da Bakı Mühəndislik Universitetinin təşkilatıçılığı ilə III Qış Elm Festivalı keçirilib. Qürurverici haldır ki, 100-dən çox layihənin təqdim olunduğu festivalda 1-ci yeri ATU tələbələri qazanıb.
Artıq üçüncü dəfədir təşkil olunan Qış Elm Festivalının məqsədi ali təhsil müəssisələrinin tələbələrini bir platformada birləşdirmək, elmi yeniliklər və gənclərin startup layihələrinə dəstək verməkdən ibarətdir. Bu dəfəki yarışmada 20-dən çox ali təhsil müəssisəsi və müxtəlif məktəblərdən olan 100-dən çox layihə nümayiş etdirilib.
Festivalda 4-cü kurs MPF1 tələbələri Cavid Mustafazadə və Ləman Hüseynli “Eksperimental modellərlə-Şəkərli diabet” layihəsi ilə Azərbaycan Tibb Universitetini təmsil ediblər.
Layihə festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov da ATU tələbələrinin layihəsini yüksək qiymətləndirib, onlarla xatirə şəkli çəkdirərək gənclərə uğurlar diləyib.
Müsabiqəni yekunlarına əsasən, elm kateqoriyası (pedoqoji) üzrə Azərbaycan Tibb Universiteti 1-ci yerə, Azərbaycan Texniki Universiteti 2-ci yerə, Bakı Mühəndislik Universiteti isə 3-cü yerə layiq görülüb. Sonda qalib universitet komandalarına hədiyyə və sertifikatlarla təltif olunub.