Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yeni dərsliyin təqdimat mərasimi keçirilib. “Ortopedik stomatologiya - propedevtika” kitabı bu sahə üzrə əsas dərsliyin II hissəsidir. Kitabın müəllifləri Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və eyni kafedranın dosenti Səid Əhmədovdur.
Professor Nazim Pənahov bildirib ki, kitabda Ortopedik stomatologiyanın inkişaf tarixi, üz-çənə sisteminin funksional anatomiyası kimi mövzular yer alıb: “Həmçinin, çənənin biomexanikası, ortopedik stomatologiya şöbəsinin təşkili, ortopedik stomatologiya klinikasında deontologiya və s. kimi mövzular əhatə olunub. Kitabın müasir, oxunaqlı və tələbələrə maraqlı olması üçün şəkillərdən daha çox istifadə etmişik. Tarix bölməsində xarici praktika ilə yanaşı, ortopedik stomatologiyanın Azərbaycandakı tarixinə də yer vermişik”.
Kitabın elmi redaktoru, professor Mübariz Allahverdiyev stomatologiyanın çox vacib bir sahə olduğunu vurğuladı: “Özüm stamotologiya fakültəsini bitirmişəm. Həmin dövrlə stomatologiyanın indiki durumunu müqayisə etsək, çox dəyişiliklərin şahidi olarıq. Tibb sahəsi, həm də stomatologiya sahəsi bütün dünyada olduğu kimi Azərbaycanda da inkişaf edən sahələrdəndir. Kitabın tələbələr üçün lazımlı, işlək bir vəsait olacağına əminəm”.
Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov yeni dərsliyin hazırlanmasını kafedranın uğuru kimi qiymətləndirdi: “Bu yaxınlarda rektorun göstərişi ilə tələbələrlə keçirdiyimiz görüşdə onların səsləndirdiyi iradlar arasında dərslik çatışmazlığı da xüsusi yer tuturdu. Bu gün artıq kafedranın 2-ci dərsliyi işıq üzü görmüş oldu. Tələbələri narahat edən məsələlərin öz həllini tapması sevindirici haldır”.
Ostopedik stomatologiya kafedrasının professoru, Zöhrab Qarayev dərsliyin əhəmiyyətini vurğulayaraq bu çətin prosesi ərsəyə gətirən həmkarlarına təşəkkürünü bildirdi.
Təqdimat mərasiminin sonunda dərsliyin həmmüəlliflərindən olan stomatologiya fakültəsinin dekanı, kafedranın dosent Səid Əhmədov çıxış edərək səslənən fikirlərə görə təşəkkürünü bildirdi.
Qeyd edək ki, “Ortopedik stomatologiya - propedevtika” kitabı 224 səhifədən ibarətdir. Kitabın rəyçiləri - professor Zöhrab Qarayev və Oktay Səyidbəyov, elmi redaktoru professor Mübariz Allahverdiyevdir.