Koronavirusa qarşi maarifləndirmə işləri aparilir

Ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Tibb Universitetində də Çində yayılmış koronavirusla əlaqədar zəruri profilaktik tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.

 

Yanvarın 31-də universitetin Tədris Cərrahiyyə Klinikasında maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə həkimlər, rezidentlər və tibb bacıları iştirak ediblər. Yoluxucu xəstəliklər kafedrasının dosenti, klinikanın şöbə müdiri, həkim-infeksionist, hepatoloq, qastroenteroloq Sədrəddin Atakişizadə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə tibbi personala ətraflı məlumat verib. Bildirib ki, bu gün dünyanın probleminə çevrilən koronavirus infeksiyasının kliniki gedişinin və profilaktikasının bəzi aspektlərini sizinlə müzakirə etmək istəyirəm. O, bütün infeksiyalar kimi koronavirusun da çoxalaraq xəstəxanadaxili infeksiyaya çevrilə bilmək ehtimalından söhbət açıb, tibb işçilərinin vaxtında qabaqlayıcı tədbirlər görməsinin vacibliyinə toxunub.

 

Koronavurusun əslinidə yeni bir virus olmadığını, 2002-ci ildə aşkarlandığını söyləyən mütəxəssis qeyd edib ki, Yaponiya, Çin, Almaniya və Amerika alimləri koronavirus infeksiyalarının digər virus infeksiyalarına oxşar kliniki əlamətlərə malik, əsasən də ağ ciyərlərin qısa bir müddətdə kəskin zədələnməsinə gətirib çıxardan infeksion xəstəlik olduğunu hələ o vaxt dəqiqləşdirmişdilər.

 

“Bu infeksiyaya yoluxanlar arasında klinikalarda çalışan tibb işçilərinin olmasını nəzərə alaraq əvvəlcə özümüzü qorumalıyıq, sonra isə infeksiyanın ətrafımıza yaylmasının qarşısını almalıyıq” – deyən həkim-infeksionist törədicilərin ətraf mühitə çox da dözümlü olmadığını diqqətə çatdırıb. Xatırldıb ki, bu viruslar açıq sahələrdə 2 saat, kanalizasiya sularında 4 saat yaşamaq qabiliyyətinə malikdir, 56 dərəcə temperaturda, düz düşən günəş şüalarının altında, eləcə də dezinfeksiyaedici dərman maddələrinin təsirindən asanlıqla məhv olur. Yəni biz profilaktik tədbirlərimizi lazımi səviyyədə aparsaq, koronavirus infeksiyasının kliniikamızda və digər yerlərdə yayılmasının qarşısını ala biləcəyik.

 

Səhiyə Nazirliyinin müvafiq qərarını xatirladan, bütün hallarda klinikanın əməkdaşı kimi hər kəsi ayıq olmağa çağıran S.Atakişizadə bu infeksiyanın əhali sıxlığı daha çox olan yerlərdə yayıldığını vurğulayıb. Eyni zamanda kənardan gələn qida məhsullarının mənşəyini nəzərə almağı tövsiyə edən həkim xəstəliyin klinikası üzərində xüsusi dayanıb. Xəstəliyin gizli dövrünün 2-3, bəzən 7 gün, hətta daha artıq çəkdiyini deyən mütəxəssis immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da deyib.

 

Dosent S.Atakişizadə bu infeksiyadan qorunmaq üçün lk növbədə profilaktik tədbirlərin vacibliyini önə çəkərək daha qalın tibbi maskalardan istifadə etməyi, deziinfeksiyaedici maddələrin dozasını artırmağı, hansısa şöbədə rast gəlinən belə xəstəni mütləq uyğun müalicə müəssisəsinə göndərməyi məsləhət görüb.