ATU rəhbərliyi professor Taras Kavetski ilə görüşüb

Azərbaycan Tibb Universitetində qonaq olan professor Taras Kavetski ilə universitet rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetin (Ukrayna) və Lublin Katolik Universitetinin (Polşa) professoru T.Kavetski ilə görüşdə onu ölkəmizdəki tibb təhsilinin durumu ilə bilgiləndirib. Son illər Azərbaycan Tibb Universitetində elmi innovasiya fəaliyyətinin gücləndirilməsi, qrant maliyyələşdirilməsinin inkişafı, beynəlxalq əlaqələrin dərinləşdirilməsi və bu addımların bir sıra nailiyyətlərin stimullaşdırılmasına səbəb olduğunu qeyd edib.

 

R.Bəyəlorv bildirib ki, hazırda ATU-da 1300 nəfər çalışır ki, onların 1100 nəfəri professor-müəllim heyətidir. 2019-cu ildə ATU-nun elmi-pedaqoji heyətinin üzvləri xarici ölkələrdə keçirilən 189 müxtəlif elmi konfrans, konqres və simpoziumlarda iştirak ediblər. Ümumilikdə 300-ə yaxın işçi beynəlxalq tədbirlərdə çıxış edib, poster məruzələri təqdim edib, belə toplantılara sədrlik edib. Son illər aparılan islahatlar nəticəsində ATU əməkdaşlarının impakt faktorlu məqalələrinin sayı artıb.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev isə ali məktəbin beynəlxalq əlaqələri, qarışıqlı əməkdaşlıq etdiyi universitetlər barədə qonağa məlumat verib. Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin Azərbaycan üzrə rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rövşən Xəlilov ali məktəblər arasında münasibətlərin elmin inkişafı baxımından əhəmiyyətindən söz açıb.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, AMEA-nın Radiasiya Problemləri İnstitutunun dosenti Aygün Nəsibova, biokimya kafedrasının dosenti Hüseyn Abıyev və həmin kafedranın baş müəllimi Xəyalə Məmmədova iştirak ediblər.