Fevralın 2-də Gənclər Günü münasibətilə ölkənin hər yerində təntənəli mərasimlər və təqdimaltar baş tutub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Tədbirdə 2019-cu ildə ictimai fəaliyyət, elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı, fərqlənən gənclər təltif olunublar.
Onlar arasında Azərbaycan Tibb Universitetinin nümayəndəsi də var. Belə ki, ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev uğurlu fəaliyyəti ilə seçildiyinə görə təltif edilib.
R.Vəliyevin nailiyyətləri həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də yüksək dəyərləndirilib. “Romance Palace”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş bayram tədbirində rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərlə yanaşı, Rauf Vəliyevə də Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur.