ATU həkimləri də koronavirusla mübarizə tədbirlərində iştirak edir
Ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində demək olar ki, bütün ölkələri, qitələri bürüyüb.
 
Azərbaycanda kononavirusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkəmizdə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir.
 
Qeyd edək ki, Azərbaycanda COVID-19 infeksiyasına 4 aprel tarixi üçün daha 78 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Koronavirusla mübarizədə Azərbaycanın səhiyyə işçilərinin rolu danılmazdır. Karantində olan insanların müayinəsində, eləcə də, bu virusa yoluxanların müalicəsində Azərbaycan Tibb Universitetinin həkimləri, Klinikala personalı və könüllü tələbələri də böyük rol oynayır.