“Rezidenturaya birlikdə hazırlaşaq” layihəsi yekunlaşıb
Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Rezidenturaya Birlikdə Hazırlaşaq” adlı layihə uğurla yekunlaşıb. Təşkilatın sədri Rauf Vəliyevin sözlərinə görə, layihənin məqsədi rezidenturaya hazırlaşan tələbə və məzunlara dəstək vermək, pandemiya dönəmində onların hazırlıq səviyyələrinin daha yüksəldilməsindən ibarət olub.
R.Vəliyev qeyd edir ki, yeni qəbul olunan qərara əsasən, bu il ATU-nun məzunları ilə yanaşı 4 və 5-ci kurs tibb tələbələri də rezidentura imtahanın baza fənləri mərhələsində iştirak hüququ qazanıblar: “Bu səbəbdən imtahanda iştirak edəcək şəxslərin sayı əvvəlki illərə nisbətən daha çox oldu. Pandemiya ilə bağlı karantin rejiminə görə imtahanda iştirak edəcək namizədlərin hazırlıq prosesinin tam başa çatmadığından, onların imtahan hazırlığına dəstək olmaq çox önəmli idi”.
Odur ki, Azərbaycan Tibb Universiteti, ATU-nun Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə iyul-avqust aylarında “Rezidenturaya Birlikdə Hazırlaşaq” adlı layihə keçirilib.
Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların müvafiq fənlər üzrə ekspert müəllimlərlə vebinar formatında görüşləri təşkil olunub. Görüşlər zamanı fənn ekspertləri tərəfindən vacib mövzularla bağlı izahat verilib, iştirakçıların sualları cavablandırılıb.
Layihə çərçivəsində ilk görüş iyulun 8-də ATU-nun Normal fiziologiya kafedrasının dosenti Aqil Əliyevlə baş tutub. Növbəti görüşlərdə Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva, Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Patoloji anatomiya kafedrasının tədris hissə müdiri, dosent Müşfiq Orucov və dosent Rasim Niftalıyev, Patoloji fiziologiya kafedrasının dosenti Sərdar Əliyev, Bioloji Kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova və Əczaçılıq fakültəsinin dekanı, Farmakologiya kafedrasının dosenti Kamandar Yaqubov iştirak ediblər.
7 fənn üzrə baş tutan 11 vebinarda ümumilikdə 2.000-dən çox tələbə və məzun iştirak edib. Zoom tətbiqi ilə yanaşı, vebinarlar Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının Faceook səhifəsində canlı yayımlanıb ki, bu da görüşlərin geniş izləyici kütləsinə çatdırılmasına şərait yaradıb. Sosial şəbəkə vasitəsilə vebinarlar 15.000-dən çox istifadəçi tərəfindən izlənilib. Bir ay müddətində davam edən layihə çərçivəsində vebinarların təşkili ilə yanaşı, iştirakçılara imtahanla bağlı elektron vəsaitlər də çatdırılıb.
R.Vəliyevi sözlərinə görə, layihə iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanan vebinarlara görə təşkilata onlarla təşəkkür mesajları daxil olub.
Təşkilat sədri pandemiya dövründə ATU-nun Tələbə Gənclər Təşkilatının digər layihələr reallaşdırdığı, tələbələri narahat edən məsələlərlə bağlı onlayn sorğular keçirildiyini, tələbələrə pandemiya ilə mübarizə istiqamətində könüllülük fəaliyyətləri haqqında məlumat verildiyini bildirir. Təşkilat bundan sonra da tələbələr üçün faydalı olacaq layihə və tədbirlərin təşkili ilə məşğul olacaq.