Son bir həftə ərzində ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı hər gün artaraq çox yüksək həddə çatıb. Bunun başlıca səbəbi bəzi vətəndaşların pandemiya dövrünün qaydalarına əməl etməməsi və sosial məsuliyyət hissini itirməsidir.
Mövcud vəziyyəti şərh edən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib: “Koronavirusun ölkəmizdə təzə yayılmağa başladığı mart-aprel aylarında yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı. Həm də o vaxt yoluxanların xeyli bir qismi bu xəstəliyi nisbətən yüngül keçirirdi və bu, əhali arasında bir qədər arxayınçılıq hissinin yaranmasına səbəb oldu. İndi isə infeksiyaya yoluxan bütöv ailələr var. Hazırda xəstəxanada müalicə olunan baba, nənə, oğul, gəlin və nəvə, yaxud ata-ana və övladlarından ibarət bütöv ailələr müalicə olunurlar. Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və yaxud ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq gəlib ailənin digər üzvlərini də xəstələndirir. Bir də onda duyuq düşürlər ki, artıq hərarət yüksəlir, boğazda ağrı, bədəndə tərləmə başlayır, nəfəs darlığı yaranır, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, belə olanda artıq onun özünü və ətrafdakıları qoruması gec olur”.
Professor əhalini indiki kritik şəraitdə ehtiyatla davranmağa, hər addımda pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etməyə çağırıb. Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir.