Professor Vaqif Şadlinski “Fəxri Fərman” la təltif edilib

Bu günlərdə  görkəmli alim, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi- professoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Vaqif Bilas oğlu Şadlinski səhiyyə sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Fəxri Fərman” ı ilə təltif edilib.  Bu  münasibətlə professor Vaqif Şadlinskini təbrik edən  ATU-nun rektoru, professor Gəray Gəraybəyli  uzun illər ərzində ölkəmizin tibb təhsilinin inkişafında, eləcə də ali təhsilli peşəkar tibbi kadrların hazırlanması istiqamətində onun böyük işlər gördüyünü diqqətə çatdırıb. Sözünə davam professor G. Gəraybəyli onu da vurğulayıb ki, İnsan anatomiyası və tibbi terminologiya kafedrası nəinki ölkəmizdə, eləcə də digər xarici ölkələrdə də ən nüfuzlu kafedra kimi tanınır. Xüsusən kafedranın nəzdindəki Anatomiya Muzeyinın zənginliyini qeyd edən rektor bildirib ki, burada  saxlanılan nadir eksponatları dünyanın ən məşhur muzeyləri ilə müqayisə etmək mümkündür.

 

 Rektor daha sonra Səhiyyə naziri, professor Oqtay Şirəliyevin təbrikini çatdırıb və  bu yüksək mükafatı ona təqdim edərək şərəfli bir ömür yolu keçən Vaqif müəllimə möhkəm cansağlığı, bundan sonra da gələcək elmi- pedaqoji  fəaliyyətində uğurlar arzulayıb.

 

Eyni zamanda ATU- nun rektoru,  professor G. Gəraybəyliyə təşəkkürünü bildirən V. Şadlinski Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman” ı ilə təltif olunmasından fərəh hissi keçirdiyini söyləyib və bu nüfuzlu mükafatın Səhiyyə naziri, cənab Oqtay Şirəliyev tərəfindən onun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.