Beynəlxalq əlaqələr üzrə koordinatorların ilk toplantısı keçirilib

Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə koodinatorlarının ilk iclası keçirilib. ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev açılış nitqində beynəlxalq əlaqələr üzrə koordinator ictimai vəzifəsinin təsis edilməsi haqqında məlumat verib. Bildirib ki, universitetin Böyük Elmi Şurasının 25.02.2021-ci il tarixli iclasının Qərarına əsasən, ATU-nun bütün kafedraları, 4 tədris klinikası, Elmi-tədqiqat mərkəzi və Əsaslı kitabxana üzrə beynəlxalq əlaqələr üzrə koordinator vəzifəsi təsis olunub. Məqsəd son illərdə daha da genişlənməkdə olan beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin idarə olunmasının təkmilləşdirilməsi, sistemləşdirilməsi və beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsidir.

Prorektor O.İsayav qeyd edib ki, görüləcək işlərin əhəmiyyətini və xarakterini nəzərə alaraq, bu vəzifəyə əsasən beynəlxalq təcrübəyə malik olan və xarici dil biliyi lazımi səviyyədə olan əməkdaşlar təyin olunublar.

Prorektor öz təqdimatında universitetinin beynəlxalıq əlaqələr ofisinin struktru və iş fəaliyyəti, ATU-nun beynəlxalq əlaqələri, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə” Dövlət Proqramı, o cümlədən, Avropa ittifaqının Horizon-2020/Horizon Europe proqramları və digər beynəlxalq layihələr haqqında geniş məlumat verib. Həmçinin, ATU-nun rektoru professor Gəray Gəraybəylinin göstərişi ilə yaradılmış international.amu.edu.az veb-portalının da yaxın zamanlarda təqdimatının keçirilicəyi iştirakçıların diqqətinə çatdırıb. Sonda O.İsayev koordinatorlara fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan tələbləri çatdıraraq, onlara gələcək fəaliyyətində uğurlar arzu edib.

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov isə çıxışında beynəlxalq əlaqələr üzrə koordinatorlarla əlaqələrin qurulması, müvafiq struktur vahidləri ilə koordinasiyanın təşkili, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması yolunda görüləcək işlər haqqında iştirakçılara məlumat verib.

İclasda ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, baş müəllim Nigar Ələkbərova, mübadilə proqramları üzrə koordinator, assistent Aygün Babayeva da iştirak ediblər.