Aşağı kurs tələbələrinin aralıq qiymətləndirilməsinə start verilib

Aprelin 5-dən etibarən Azərbaycan Tibb Universitetinin I, II və III kurslarında təhsil alan tələbələrin aralıq qiymətləndirmə imtahanlarına start verilib.

 

Prosesin mayın 5-dək başa çatması nəzərdə tutulub. Bu barədə İmtahan Mərkəzinin müdiri, filiologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova imtahan prosesi ilə bağlı “Təbib” qəzetinə ətraflı məlumat verərək bildirib ki, ötən il məlum pandemiya ilə əlaqədar olaraq istər tədris prosesinin gedişi, istərsə də imtahanların götürülməsi onlayn şəkildə aparılıb: “İstəsək də, istəməsək də biz ötən ildən başlayaraq pandemiyanın tətbiq olunan qaydalarına riayət etməli olmuşuq. Aralıq qiymətləndirmə universitetimizdə üçüncü tədris ilidir ki, tətbiq olunur. Bu ilin aprelindən imtahanlar yenidən İmtahan Mərkəzində götürülməyə başlayıb. Ötən il aradan qaldırılan açıq suallar bu il yenidən imtahan suallarına əlavə olunub”.

 

Ü.Cəfərova söhbət əsnasında əcnəbi tələbələrin mövcud durumlarının da nəzərə alındığını, pandemiya ilə əlaqədar imtahanların tələbələrdən distant qaydada götürüldüyünü qeyd edib: “Elə fakültələr var ki, əcnəbi tələ­bələrin sayı yerli tələbələrə nisbətən üstünlük təşkil edir. Əczaçılıq fakültəsində vəziy­yət bu cürdür. Bu səbəbdən əcnəbilərin imtahanlarda canlı şəkildə iştirak etmək imkanlarının olmadığını nəzərə alıb adıçəkilən fakültənin tələbələrindən onlayn qaydada imtahan götürməli olduq”.

 

Ü.Cəfərova tələbələrin imtahan zalına buraxılmamışdan öncə hərarətlərinin yoxlanıldığını və pandemiya qaydasına uyğun zallarda əyləşdirildiyini də diqqətə çatdırıb. İmtahan prosesinin nəzarətçilərin müşaiyəti ilə obyektiv şəkildə aparıldığını söyləyib. Hərarəti olanların isə imtahana buraxılmadığını və onlar üçün onlayn şərait yaradıldığını deyib.