ATUREK-8 konfransının qalibləri mükafatlandırılıb
Azərbaycan Tibb Universitetində Rezidentlərin VIII Elmi-Təcrübi Konfransının (ATUREK-8) qalibləri ilə görüş keçirilib. ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri Nailə Sultanova konfransın nəticələrinə görə ilk 3 yeri tutan gənc mütəxəssisləri təbrik edib.
 
Professor N.Sultanova Azərbaycanda yüksək ixtisaslı tibbi kadr hazırlığında rezidentura təhsilinin müstəsna əhəmiyyət daşıdığını qeyd edərək ATU-da 2011-ci ildən bu təhsil pilləsinə start verildiyini xatırladıb. İndiyədək respublika üzrə 1500-ə yaxın rezidentin məzun olduğunu qeyd edən professor Nailə Sultanova gənc həkimlərin hərtərəfli formalaşmaları üçün elmi praktik konfransların xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Nailə Sultanova ATUREK-8-in qalibləri olan rezidentləri təbrik edərək onlara hər sınaqdan uğurla çıxmağı arzulayıb.
 
Sonra ATUREK-8 konfransının qaliblərinə diplom və pul mükafatları təqdim olunub. 1-ci yerə ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostika kafedrasının rezidenti Humay Rzayeva “Postpartum ovarian vena trombozunun radioloji dəyərləndirilməsi” mövzusuna görə, 2-ci yerə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I ümumi cərrahiyyə kafedrasının rezidenti Vəli Əliyev “Süd vəzi əməliyyatlarında müxtəlif metodikalarin müqayisəsi” mövzusuna görə, 3-cü yerə isə ATU Stomatologiya Klinikası, ortopedik stomatologiya kafedrasından Gülnur Rüstəmova “Süd dişlərinin əhəmiyyəti” mövzusuna görə layiq görülüb.
 
Görüşdə ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini Gülay Məmmədzadə də iştirak edib.
 
Qeyd edək ki, Rezidentlərin VIII Elmi-Təcrübi Konfransının məqsədi tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşılması və müzakirə edilməsindən ibarət olub. Ötən ilin sonunda keçirilən ATUREK-8 konfransına 120-dən çox elmi iş təqdim olunub.