ATU ilə FHN Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəd bu gün FHN Akademiyasında keçirilən görüşdə təsdiqlənib.
 
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin  rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən FHN Akademiya rəisi, general-mayor Baba Salayev qonaqlara rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Akademiya rəisi Akademiyada elm və tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradıldığını bildirib. Qeyd edib ki, Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub.
 
ATU-nun rektoru professor Gəray Gəraybəyli əməkdaşlığın hər iki təhsil müəssisəsi üçün uğurlu olacağından əminliyini bildirərək FHN Akademiyası ilə iş birliyindən gözləntilərini açıqlayıb. ATU-da tədris-təhsil prosesinin təşkili, son dövrdə aparılan islahatlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verən rektor, professor Gəray Gəraybəyli Universitet nəzdində fəaliyət göstərən klinikaların işi, tələbələr və rezdentlərin inkişafı üçün həyata keçirilən layihələrdən də söz açıb. Professor Gəray Gəraybəyli ötən il ATU əməkdaşları və həkimlərinin Azərbaycan üçün taleyüklü iki mübarizədə - Vətən Müharibəsi və koronavirusla mübarizədə aktiv iştirak etdiklərini diqqətə çatdırıb.
 
Daha sonra hər iki təhsil müəssisəsi arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə elmi tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət, müvafiq təhsil müəssisələrinin əlaqələrinin genişləndirilməsi, müxtəlif birgə layihələrin, elmi, tədris və metodiki dərclər və nəşrlərin hazırlanması və bir sıra digər məsələlər nəzərdə tutulub. Qeyd olunub ki, ATU və FHN Akademiyasının iş birliyi tibb təhsili sahəsində peşəkar kadrların yetişdirilməsi işinə də öz töhfəsini verəcək.
 
Görüşdən sonra ATU-nun rektoru, professor Gəray Gəraybəylinin  rəhbərlik etdiyi nümayəndə heyəti FHN Akademiyasının maddi-texniki bazası, tədris şəraiti  və Heydər Əliyev Mərkəzi yaxından tanış olublar. Görüşdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, FHN Akademiyasının rəis müavini, polkovnik İlham Babaşov, Humanitar fənnlər kafedrasının müdiri, professor Fizuli İbrahimzadə və Ümumi şöbə rəis müaini, baş leytenant İradə Kərimova iştirak ediblər.