ATU-nun “Tədris Terapevtik Klinikasında robotlar yaşayır”
Surxay Musayev: "Real həkim olanda belə şansları olmayacaq"
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında robot xəstələr "yaşayır". Əslində, robot olan bu qurğular insanın bütün xüsusiyyətlərini özlərində daşıyırlar. METİ adlı robotları (Medical Education Technologies sözlərinin abreviaturasıdır) əslində cansız məxluq kimi qələmə vermək də olmur. Tələbələr onlar üzərində praktika keçir, sözün əsl mənasında onları öldürüb-dirildirlər.
İnsanda olan kimi bu robotlarda da qan dövranı, sinir, tənəffüs və sidik sistemi var. Robotun hətta cinsini də dəyişmək olur. Bu da cinsi xəstəliklərlə bağlı hallarda tələbələrin çox işinə yarayır.
Klinikanın əməkdaşları METİ-lərə əsl xəstə kimi qulluq edir, onların qayğısına qalır, otağı havalandırır, sabit temperaturda saxlayırlar.
Əslində, robotlar alınanda üstündə cəmi 18 xəstəlik olubmuş. Amma proqramlaşdırma vasitəsilə ona 200-dək müxtəlif xəstəliklərin simptomlarını yükləmək olur. Bu zaman robot özünü həmin xəstə kimi aparmağa başlayır.
Məsələn, astma zamanı METİ təngnəfəs olur, boğulmağa başlayır. Otaqdakı böyük monitorda xəstənin şikayətləri, qanın oksigenlə doyma dərəcəsi, qanda fermentlərin səviyyəsi və s. bu kimi göstəricilər yazılır.
Tələbə də bu məlumatlara əsasən xəstənin durumunu müəyyənləşdirir və ona müalicə yazır. Reseptdəki dərmanlar xəstəyə yeridiləndən (təbii ki, kompüter vasitəsilə) sonra METİ normaya düşsə, deməli, tələbə düzgün diaqnoz qoyub.
METİ-lər xəstələnəndə ağlayır, zarıyır, nəfəsləri daralanda gözləri bərəlir, soyuqdəyməsi olanda da tərləyir, ağız suyu tökülür, burnu axır və s.
METİ-də 200 növ xəstəliyin klinikasını, ağırlıq dərəcəsinin modelini yaratmaq olur. Əsasən də intensiv terapiya, xəstənin ağır reanimasion vəziyyətə salınması kimi hallar tətbiq edilir. Məsələn, robot xəstənin əsl kardioqramı çıxarılır. Tələbə də robotun nəbzini tutur, kardioqrama əsasən müəyyən preparat təyin edir. Əgər METİ-nin aritmiyası artırsa, deməli, vəziyyət pisdir, tələbə əks-göstəriş olan dərman yazıbmış. Robotların venasına dərman yeritmək imkanı da var.
Klinikanın direktoru Surxay Musayev deyir ki, bu robotlardan ilk dəfə Tədris Terapevtik Klinikaya gətirilib. Robotların tədris prosesində üstünlüyü odur ki, tələbələrin öz səhvləri üzərində öyrənməyə imkanları olur: "Real həkim kimi işləyəndə onlara belə şans verilməyəcək, real səhvlər onlara baha başa gələ bilər. Robot üzərində elədiyi səhv ömürlük onun yaddaşına həkk olunur. Yaxşı ki, hələlik METİ-lərimizi öldürən tələbəmiz olmayıb. Onlar öləndə monitorda ürək döyüntüləri dayanır..."