"Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinə start verilir

Ötən il tələbə və rezidentlərin razılığını nəzərə alan rektor Gəray Gəraybəyli layihənin bu il də davam etdirilməsini tapşırıb

 

Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının (ATU TGT) birgə təşkilatçılığı ilə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinin açılışı baş tutub.

 

Açılışda ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, ATGTİ-nin sədri Pərviz Mirələmli, ATGTİ-nin sədr müavini, ATU TGT sədri Rauf Vəliyev və layihə çərçivəsində baza fənləri üzrə vebinarlara qoşulacaq ekspert-müəllimlər iştirak ediblər.

 

Görüşü giriş sözü ilə açan prorektor Zülfüqar Musabəyov layihənin artıq 2-ci ildir ki, təşkil olunduğunu diqqətə çatdırıb. Z.Musabəyov qeyd edib ki, çətin pandemiya dövründə rezidentura imtahanına hazırlaşan tələbələrə bu işdə dəstək olmaq çox vacibdir və bu baxımdan layihənin əhəmiyyəti böyükdür: “Ötən il təşkil olunan layihədən iki mindən çox tələbə və məzunumuz yararlanıb, vebinarlar sosial şəbəkələrdə iyirmi mindən çox şəxs tərəfindən izlənilib. Bu olduqca önəmli nəticədir. Onu göstərir ki, tələbələr tərəfindən layihəyə çox böyük maraq var və məhz bu səbəbdən eyniadlı layihə bu il də təkrar baş tutacaq”.

 

ATGTİ-nin sədri Pərviz Mirələmli çıxışında qeyd edib ki, ATU TGT-nin təşəbbüsü ilə keçirilən layihənin davamlı olması, bu il yenidən təşkil edilməsi ona ciddi tələbat olduğunu göstərir. Layihənin gedişinə uğurlar arzulayan P.Mirələmli ATGTİ-nin bu işə tam dəstəyini ifadə edib.

 

Sonda çıxış edən ATU TGT sədri Rauf Vəliyev bildirib ki, ötən il olduğu kimi, bu il də tələbələrimiz müvafiq qeydiyyat prosesindən keçərək layihəyə qoşulmaq imkanı qazanacaqlar: “Vebinarlar Zoom tətbiqi üzərindən baş tutacaq və təşkilatın feysbuk səhifəsində canlı yayımlanacaq. Tələbələrimizi layihədə fəal iştiraka dəvət edirəm və imtahanda hər birinə uğurlar arzulayıram”.

 

Daha sonra ekspert-müəllimlərdən professor Eldar Qasımov, professor Gülnarə Əzizova, dosent Aqil Əliyev və dosent İlahə Kərimova layihənin gedişi ilə bağlı öz tövsiyələrini veriblər.

 

Qeyd edək ki, layihə ilk dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirilib. İki ay ərzində müvafiq fənlər üzrə ekspert-müəllimlərin iştirakı ilə vebinarlar təşkil olunub. Ötən il layihə ilə bağlı müsbət fikirlər, tələbə və rezidentlərin yüksək səviyyədə razılığı nəzərə alınaraq, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tapşırığı ilə layihənin bu il də davam etdirilməsinə qərar verilib. Bu tədris ilində müvafiq vebinarların may-iyun aylarında keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində iştirakçılar ekspertlər tərəfindən izah olunan mövzuları dinləyə və onlara suallarını ünvanlaya biləcəklər.