Əcnəbi tələbələr Qarabağda

Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib. Səfər Təhsil və Müdafiə nazirlikləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Səfərə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 tələbəsi qatılıb.

 

Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub. Bu ərazilərdə düşmənin törətdiyi dağıntılar tələbələrə nümayiş etdirilib. Eləcə də Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib. Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı açılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.
Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə paylanılıb.

 

Sonda xatirə şəkli çəkdirilib, əcnəbi tələbələrin təəssüratları dinlənilib.

 

Səfərdə Azərbaycan Tibb Universitetindən (ATU) Türkiyə vətəndaşı Bekir Enes Evdi və İraq vətəndaşı Baraa Abbood iştirak ediblər. Səfər təəssüratları haqda danışan Bekir Enes düşmən vəhşiliklərindən dəhşətə gəldiyini, eyni zamanda Qarabağın təbii gözəlliyinə vurulduğunu bildirib.