ATU-nun əsaslı kitabxanasında Azərbaycan və dünya ədəbiyyatına dəyərli töhfələr vermiş, Şərq və Qərbi birləşdirən humanist sənətkar, dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən ibarət "Nizami Gəncəvi-880" adlı sərgi təşkil olunub.
Bu haqda açıqlama verən kitabxananın müdiri Ziyafət Eminova qeyd edib ki, Nizami Gəncəvi tarixə həm də tibb, təbabət haqqında qiymətli fikirləri ilə düşüb. Onun yaradıcılığında, oğluna nəsihət şəklində yazılmış şeirlərində çiçək, vəba xəstəlikləri, onların müalicəsi, zəli qoyma prosesi, insan orqanlarının necə işləməsi haqda maraqli fikirlər var.
Şair çiçək xəstəliyinin yoluxucu olması, sağlam uşağı həmin xəstəliyə tutulanlardan təcrid etmək barədə belə yazır:
Çiçəyi kənarda tutun uşaqdan,
Yoxsa zəhərlənər uşaqdakı qan.
Nizami Gəncəvi öz əsərlərində ağciyəri “ilıq nəfəs sahibi”, ürəyi “qızıl atlı süvari”, “yaqut əbalı zəfər əsgəri”, öd kisəsini “acıdil, cavan casus” (qədim təbabətə görə, öd kisəsinin iki ağzı var. Biri ağciyərə, digəri mədəyə açılır), dalağı “qara kələ”, mədə və bağırsaqları “kəməndatan”, böyrəkləri “misbədən pəhləvanlar” kimi ifadə edir.
Yaxud insanda qan artıqlığı, qan təzyiqi olanda neştər vasitəsilə çərtərək qan alınmasının vacib olduğunu belə təsvir edir:
Bədəndə həddən artıq olsa qan,
Neştərlə tökərlər onu damardan.