Azərbaycan Tibb Universitetində Yekun Dövlət Attestasiyası uğurla davam edir
ATU-da Yekun Dövlət Attestasiyası uğurla davam edir. Nazirlər Kabinetinin qərarına əsasən, bacarıq imtahanları əyani, test imtahanları isə onlayn formatda təşkil olunub. İmtahan prosesinin ümumi mənzərəsi haqda təsəvvür yaratmaq üçün iki imtahanda iştirak etdik.
Belə ki, iyunun 18-də Hərbi tibb fakültəsinin binasında təşkil olunan imtahan zalında olduq. Buraxılış kurs tələbələri üçün Tibb xidmətinin təşkili və taktikası fənni üzrə Yekun Dövlət İmtahanını izlədik. İmtahanda 71 kursant iştirak edirdi. Heç bir qayda pozuntusu qeydə alınmadan kursantlar sonuncu imtahanlarını da müvəffəqiyyətlə verərək, öyrəndikləri bilik və bacarıqları xidmətləri zamanı layiqincə tətbiq etmək hüququ qazandılar.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Planlaşdırma şöbəsinin rəisi, Tibb xidmətinin təşkili və taktikası fənni üzrə yardımçı komissiyanın sədri, tibb xidməti polkovnik-leytenantı Rəşad Behbudov bildirdi ki, imtahanda kursantların praktiki bilikləri qiymətləndirilir: “Kursantların əksəriyyəti müvəffəqiyyət qazanıb və yüksək bal toplaylb”.
Hərbi tibb fakültəsinin dekan müavini, Dövlət Attestasiya Komissiyasının katibi, tibb xidməti polkovniki Məharət Rzayev həm əvvəlki imtahanlar, həm də indi keçirilən imtahanla bağlı ətraflı məlumat verdi: “Ümumi cərrahiyyə və hərbi səhra cərrahiyyəsi, Terapiya və hərbi səhra terapiyası fənləri üzrə Dövlət Attestasiyası keçirilib. Bu gün də Tibbi xidmətin təşkili və taktikası fənni üzrə Dövlət Attestasiyası keçirilir. Cərrahiyyə və hərbi səhra cərrahiyyəsi imtahanından 29 nəfər “A”, 39 nəfər “B”, 3 nəfər “C” qiyməti alıb. Terapiya və hərbi səhra terapiyası fənnindən isə tələbələrin 28-i “A”, 39-u “B”, 4-ü “C” qiyməti alıb.
Bugünkü imtahandan isə tələbələrin 64-ü “A”, 7-si “B” qiyməti aldı. Hamısı müvəffəqiyyət qazandı. Onu da qeyd edim ki, Azərbaycan Tibb Universitetinin Simulyasiya Mərkəzindən başqa, Hərbi tibb fakültəsinin simulyasiya kabineti var və mulyajlarla təmin olunub. Əvvəl dövlət imtahanları universitetdə keçirilirdi. Amma bu ildən etibarən imtahanları fakültəmizin binasında mulyajlarımız üzərində təşkil etdik”.
İyunun 21-də isə II Müalicə-profilaktika fakültəsinin buraxılış kurs tələbələri üçün Cərrahi xəstəliklər fənni üzrə Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın (OSKİ) gedişini izlədik.
Əvvəlcə fakültə üzrə Dövlət Attestasiya Komissiyasının sədri, professor İlqar Qasımovun imtahanla bağlı fikirlərini öyrəndik. O bildirdi ki, tələbələrin çoxunun həm COVID mərkəzlərində çalışdığını, həm də müharibədə yaralılara tibbi yardım göstərdiyini nəzərə alaraq, imtahanlarda bir qədər zəif nəticələr gözləyirmişlər: “Amma gözlədiyimizin əksi oldu. Əminliklə deyə bilərik ki, tələbələrin praktiki hazırlığı yüksək səviyyədədir”.
Dövlət Attestasiya Komissiyasının sədr müavini, professor Vəsadət Əzizov isə imtahanın, əslində imtahan öncəsi vəziyyətdən başladığını deyir: "Yəni imtahandan əvvəl tələbələr müəllimlərin köməkliyi ilə praktiki fəaliyyətdə aktiv iştirak ediblər. Onların çoxsaylı sualları da müəllimlər tərəfindən cavablandırılıb. Faktiki olaraq imtahana qədərki dövr tamamilə səmərəli keçib. Eyni zamanda situasiyaya uyğun olaraq bacarıq suallarının sayının azaldılması da nəticəyə müsbət təsir göstərib. Ona görə də dövlət imtahanları ilə bağlı ciddi problemimiz yoxdur, tələbələrin böyük əksəriyyəti maksimum bal toplayır".
Bundan sonra müxtəlif istiqamətlər üzrə bacarıqların yoxlanıldığı kabinetlərə daxil oluruq. Urologiya kafedrasının assistenti Anar Əhədov tələbələrin "Sidik kisəsinin kateterizasiyası və kateterin xaric edilməsi" bacarığını yoxlayır. Sonuncu kurs tələbəsi Leyla Nadirli bu bacarığı mulyaj üzərində qüsursuz yerinə yetirərək, maksimum - 10 bal qazanır. Müəllimin sözlərinə görə, yüksək göstəricilər ilk növbədə davamlı treninqlərin nəticəsidir.
Başqa bir kabinetdə II Cərrahi xəstəliklər kafedrasının assistenti Rauf Qasımov tələbələrin "Dəriyə tikişlərin qoyulması və sökülməsi" vərdişini qiymətləndirir. Tələbə 4 dəqiqə ərzində iynəni saplamalı və maneken üzərində yaraya tikiş qoymalıdır. Bizim yanımızda bu prosesi yerinə yetirən tələbə 9 bal toplaya bildi.
Tələbələr kabinetdən kabinetə keçdikcə, topladıqları ballar da artırdı. Maksimum 50 balın qazanılması 5 bacarığın hər birindən 10 bal toplamaqla mümkün idi.
Tələbələr Ümumi cərrahiyyə kafedrasının dosenti Alim Məmmədovun sınağından da müvəffəqiyyətlə çıxırdılar. Belə ki, yuxarı ətrafa spiral sarğının qoyulmasında çətinlik çəkmirdilər. Eləcə də vərdişi yerinə yetirərkən bütün suallara düzgün cavab verirdilər.
Ümumi cərrahiyyə kafedrasının dosenti Cümşüd Cümşüdov kompüter tomoqrafiyasında cərrahi patologiyanın olub-olmamasını tələbənin necə müəyyən etdiyini yoxlayırdı. Həmçinin orqanların yerlərinin göstərilməsi, diaqnostika məsələləri də bacarıq imtahanında öz əksini tapmışdı.
Bacarıq imtahanının başqa bir mərhələsində tələbələr uşaqlarda bud-çanaq oynağının anadangəlmə inkişaf qüsurlarının 4 əsas əlamətini müəyyən etməli və həmin əlamətləri biri-birindən fərqləndirməyi bacarmalıydılar. Uşaq cərrahiyyəsi kafedrasının assistenti Müşfiq Bağırov tələbələrin bu sınaqdan da uğurla çıxdıqlarını, nəzəri biliklərini praktiki vərdişləri ilə təsdiqlədiklərini söyləyir.
İmtahandan çıxan sonuncu kurs tələbələri Samirə Aslanova və Mirsaleh Zülfüqarov çox məmnun görünürdülər. Çünki bacarıqlarına obyektiv qiymət verildiyi üçün topladıqları baldan razı qalmışdılar.
İmtahanlar hələ öz axarı ilə davam edir. Biz isə bilik və bacarıq imtahanından uğurla çıxan tələbələrə həyat imtahanında da uğurlar arzulayaraq sağollaşırıq.