Hər il dünyada 6-7 milyon insan insult keçirir. Bu statistikada Azərbaycan da yer alır. Amma təəssüf ki, qonşu ölkələrdən fərqli olaraq, bizdə insult xəstələrini müalicə etmək üçün heç bir mərkəz fəaliyyət göstərmir. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının asisstenti, tibb üzrə fəlsəfə doktoru Dilarə Xəlilova məlumat verib.
D.Xəlilovanın sözlərinə görə, onlara ən çox müraciət edənlər beyin qan dövranı pozulanlar, insult xəstələridir: “Bu xəstəlikdən əmək qabiliyyətini itirən və əlillik alanların faizi çoxluq təşkil edir. Xəstələr insult olduqları vaxt 2-3 saat ərzində tibbi müdaxilə olmasa, onlara zamanında yardım edilməsə, ya əlil olur, ya da dünyasını dəyişirlər. Belə xəstələrin, demək olar ki, 30-35 faizi ilk gündən dünyasını dəyişir və yalnız 15-20 faizini əvvəlki həyat tərzinə qaytarmaq mümkün olur. Xəstəlikdən I və II qrup əlil olanlar var”.
Nevroloq D.Xəlilova xəstəliyə əsasən yaşlı, ahıl şəxslərin məruz qaldığını, amma bəzən uşaqlar və gənclər arasında da beyin qan dövranının pozulması halına rast gəlindiyini qeyd edib. O, xəstəliyi yaradan risk amillərinin yüksək olduğunu deyib, buna misal kimi, ətraf mühitdən qəbul edilən gərginliyi, stressi, passiv həyat tərzini, artıq çəkini və s. göstərib: “Bir çox səbəblər insanlarda insultun yaranmasına səbəb olur. Məsələn, arterial təzyiqi, arterial hipertenziya və şəkərli diabeti olan xəstələr xroniki tərzdə gedən qan pozğunluğuna, kəskin insultlara məruz qalırlar. Son vaxtlar ən çox işemik tipli insultlarla rastlaşırıq ki, bu da hemaratik tip insultlardan 5 dəfə çoxdur. Doğrudur, hemaratik tip insultlar ağır olduğunudan, xəstələnənlər arasında ölüm faizi yüksək olur. Amma işemik tipli xəstələrdə ocaqlar böyük olur və bunun təhlükəli tərəfləri daha çoxdur”.
D.Xəlilova ölkəmizdə insult mərkəzlərinin olmaması ilə bağlı narahatlığını da çatdırıb: “Xaricdə, o cümlədən qonşu ölkələrdə insult mərkəzləri fəaliyyət göstərir. Bu cür xəstələr aşkar olunanda, onları müalicə etmək üçün insult mərkəzlərinə aparırlar. Mərkəzlər bu tip xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdığından, onlara trombolizis müalicə tətbiq olunur. Xaricdə trombolizis mərkəzləri də fəaliyyət göstərir. Bu, böyük bir sistemdir. Amma bizdə hələ belə mərkəzlərin yaradılması üçün müzakirələr aparılır. Azərbaycanda bu cür xəstələr aşkar olunanda müayinə edir, ürəyi qiymətləndirir, xəstənin arterial təzyiqdən əziyyət çəkib-çəkmədiyini müəyyənləşdirdikdən sonra plana uyğun müalicə aparırıq. Beyin sisteminin funksiyasını yaxşılaşdırmaq üçün lazımi dərman preparatlarından istifadə edirik. Doğrudur, bu müalicənin effekti olur, amma trombolizis sistemin yerini vermir”.