COVİD-19 qarşı vaksinasiya: günümüzün reallığı və ya bəşəriyyətin yeganə çıxış yolu

ATU-nun "Allerqologiya və immunokogiya" kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d, professor Lalə Allahverdiyeva: “COVİD-19 qarşı  vaksinasiya: günümüzün reallığı və ya bəşəriyyətin yeganə çıxış yolu”

 

Son on il ərzində COVİD-19 Yer kürəsinin bütün sakinlərinin ən böyük sarsıntısına çevrilmişdir. Heç bir xəstəlik minilliyin əvvəlindən bugünə kimi bütün dünyaya COVID-19 qədər sürətli yayılmamışdır. COVID-19 ilə mübarizənin ən perspektivli üsullarından biri vaksinasiya sayılır. Koronavirusa qarşı vaksinasiya yeni qüvvə ilə insanları vaksinasiya tərəfdarlarına, vaksinasiyaya qarşı çıxanlara və vaksinasiya təhlükəsizliyinə şübhə ilə yanaşanlara böldü. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksinasiyaya inamsızlığı bəşəriyyət üçün qlobal təhlükə onluğuna daxil etdi.

Hal-hazırda müxtəlif istehsalçıların bir sıra vaksinləri artıq mövcuddur və əhalinin vaksinasiyası üçün fəal kampaniya aparılır. ÜST-ün tövsiyələrinə əsasən, əks göstərişləri olmayan  və yanaşı patologiyalı insanlar da daxil olmaqla 18 yaşından yuxarı insanlar vaksinasiya olunmalıdırlar. Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyası 18 yanvar 2021-ci ildə başlamışdır. Qəbul edilmiş mərhələli strategiyaya əsasən, kütləvi vaksinasiya ilə yaşlı əhalinin bütün yaş qrupları əhatə olunmuşdur.

Hal-hazırda respublikada vaksinasiya zamanı CoronaVac (ÇXR), Vaxzevria (AstraZeneca/Oksford Universiteti, Böyük Britaniya-İsveç), Sputnik V (Rusiya) və Pfizer/BioNTech (ABŞ-Almaniya) vaksinləri istifadə olunur. Vaksinlərin hazırlanmasında fərqli yanaşmalar səbəbindən, onların arasında birbaşa müqaisənin aparılması mümkün deyil. Lakin ümumilikdə, fövqəladə hallarda istifadə üçün vəsaitin reyestrə daxil edilməsi üzrə ÜST prosedurundan keçən bütün vaksinlər, effektiv olaraq xəstəliyin ağır gedişatını və COVID-19-la əlaqədar hospitalizasiyanın qarşısını alır. Vaksinoprofilaktika, şübhəsiz ki, COVID-19 -a yoluxmanın və onun ağır gedişatının qarşısını almaq  üçün bir çıxış yoludur. Lakin hamı bilməlidir ki, vaksinasiyanın müəyyən əks göstərişləri var, onları isə öz növbəsində mütləq və nisbi/müvəqqəti qruplara bölmək olar. Hər bir əks göstəriş həm həkim, həm də vaksinasiya olunan şəxs tərəfindən xüsusi diqqət və ehtiyat tələb edir. Xəbərdarlıqlara və əks göstərişlərə əməl edilmədikdə, vaksinasiya sağlamlığa və bəzi hallarda, həyata ciddi ziyan vura bilər. Xatırlatmaq lazımdır ki, hər hansı bir vaksinasiya zamanı əsas əks göstəriş xəstəliyin kəskinləşmə dövrü və kontrolsuz gedişatıdır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, vaksinasiya üçün mütləq əks-göstəriş vaksində olan inqrediyentlərdən birinə (polietilenqlikol və ya polisorbat), vəya vaksinasiyanın birinci dozasına anafilaktik reaksiyanın olmasıdır. Vaksinin ikinci dozasından tibbi imtina o vaxt verilir ki, birinci dozadan sonra ağır postvaksinal ağırlaşmalar baş verirsə, məsələn, anafilaktik şok, ağır generalizə olunmuş allergik reaksiyalar, qıcolma sindromu, hərarət 40 °C-dən yuxarı olması. Bir insanın transplantasiya olunmuş orqanları varsa və onda orqanın rədd edilməsi müşahidə olunursa, bu xəstələrə vaksinin tədbiqi qadağandır. Birincili immundefisitlər, QİÇS və aktiv infeksion-iltihab prosesi nisbi / müvəqqəti əks-göstərişdir. Epilepsiya və kəllədaxili hipertenziya olan xəsatələrə, vaksinasiya məsələsinə ehtiyatla yanaşmaq lazımdır və bu hallarda vaksinasiya müalicə həkiminin icazəsi ilə aparılmalıdır. Əgər autoimmun xəstələrində yüksək aktivlik müşahidə olunursa və davamlı remissiyaları yoxdursa, belə hallarda vaksinasiyaya nisbi əks-göstəriş ola bilər.

Digər xroniki xəstəliklər isə, əksinə, vaksinasiyaya göstərişdi. Belə xəstələr COVID-19 yoluxduqda, xəstəliyin ağır keçirmə və ölümə səbəb olma riski sağlam insanlara və eləcə də digər xəstə qruplarına nisbətən daha yüksəkdir. Vaksinasiya olunabilər və lazımdır bu hallarda- tiroid xəstəliklərində, varikozda, perikarditdə, glomerulo- və pielonefritdə, toyuq yumurtası zülalına qarşı allergiyada (COVID-19 vaksinlərinin hazırlanmasında toyuq yumurtası və embrionu istifadə olunmur).

Hepatit B və C, demensiya, ürək ritminin pozulması və hipertoniyadan əziyyət çəkən insanlarda, o cümlədən insult və tromboz keçirmiş xəstələrdə COVID-19 -un ağır gedişat riski yüksəkdir və bu səbəbdən bu şəxslər COVID-19 qarşı mütləq vaksinasiya olunmalıdırlar.

Anamnezdə trombozun olması vaskinasiyanın aparılmasına əks göstəriş deyil- ona görə ki, vaksinasiyadan sonra trombozların yaranma mexanizmləri, tromboza meyilli şəxslərdəki tromboz  mexanizmlərindən fərqlidir. COVID-19 fonunda trombozun yaranma riski, vaskinasiyadan sonra onun yaranma təhlükəsindən daha yüksəkdir. Vaksinasiyadan sonra kimlərdə trombozların yaranma ehtimalı daha yüksəkdir? Bu, ilk növbədə, tromboza genetik meyilliyi olan şəxslərdir. Hər kəs hemostaz mutasiyasının daşıyıcısı ola bilər və tromboza meyilli ola bilər. Bunu genetik testlərlə müəyyən etmək olar. İstənilən vaksin orqanizm üçün stress reaksiyadır və  trombəmələgətirmə riskini artıra bilər.  Tromboz orqanizmdə heparin / trombosit faktoru-4 kompleksinə qarşı autoimmun reaksiyası olduğu halda yarana bilər. Bu hal heparin- induksiyalı trombositopeniya kimi tanınır. Əgər xəstədə tromboza şübhə varsa, bu halda diaqnozu, heparin / trombosit faktoru -4 kompleksinə qarşı yaranan anticisimlərin təsbiti testi ilə qısa zamanda təyin etmək olar. Vaksinasiya hallarında trombosit faktoru-4 heparinə deyil, adenoviral vektora və ya zərərləşdirilmiş Spike- zülalına reaksiya verir. Bu isə nadir hallarda rast gələn, dərin vena trombozuna və ya trombositopeniyaya səbəb olur. Əczaçılıq şirkətləri Pfizer/ BioNTech, Moderna və AstraZeneca tərəfindən istehsal olunan vaksinlərin tətbiqindən sonra serebral vena trombozunun yaranma riskləri təxminən eynidır (1 milyon vaksinasiya olunan şəxsdə 4-5 hadisə). Trombozun rast gəlmə tezliyinin vaksinasiya olunanlar arasında az olması səbəbindən, ABŞ’ın Səhiyyə və sosial xidmətlər Nazirliyinin qida və dərman vasitələrinin keyfiyyətinə sanitar nəzarət İdarəsi (FDA)  və Avropa Dərman Agentliyi (EMA), vaksinasiyanın faydasının potensial riskdən çox olduğu qənaitinə gəlmişdir və vaksinlərin istifadəsinin dayandırılmaması qərarını vermiştir.

Digər sual onkoloji xəstələrin müalicəsi zamanı vaskinasiyanın təhlükəsizliyi ilə bağlıdır. Tam vaksinasiya kursu müalicədən əvvəl tamamlanmalıdır, və ya heç olmasa, terapiyanın başlamasından iki — üç həftə əvvəl ən azı bir doza vurulmalıdır. Bu, kimya- və geniş şuaterapiyası fonunda, immun sistemin vaksinə cavabının natamam ola biləcəyi ilə bağlıdır ,yəni, anticisimlər əmələ gəlməyəcək. Əgər onkoloji xəstə artıq müalicə alırsa, bu halda vaksinasiya kimya- və ya şüa terapiyasından üç ay sonra aparılmalıdır.

Allergik xəstəliklər COVID-19 ələyhinə peyvənd də daxil olmaqla vaksinasiya üçün mütləq əks göstəriş deyil. Allergik xəstələrdə farmakoterapiya fonunda xəstəlik nəzarət altına alınırsa COVID-19 əleyhinə peyvənd də daxil olmaqla vaksinasiya üçün heç bir əks göstəriş yoxdur. Allergik xəstəliklərin kəskinləşmə dövrü vaksinasiya üçün müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskinləşmə əlamətlərini aradan götürülməlidir və vaksinasiya remissiya dövründə aparılmalıdır.Koronovirus əleyhinə vaksinlər tərkibində yumurta zülalı,inək südü,jelatin və antibakterial preparatlar olmadığından nadir hallarda allergik reaksiyalara səbəb olur. Genişmiqyaslı tədqiqatların nəticələrinə görə, belə reaksiyaların baş verməsi vaksinin növündən asılı olaraq milyon dozada 0,65 ilə 1,53 arasında dəyişir. RJ Kaur və S. Dutta (2021) tətrrəfindən 11 tədqiqatın sistematik icmalının analizi, COVID -19 əleyhinə vaksinlərin tətbiqindən sonra meydana gələn reaksiyaların əksəriyyətinin yüngül və orta şiddətdə olduğunu və 3 – 4 gün ərzində aradan qalxdığını aşkara çıxartdı. Paralel olaraq, Avropa Birliyində qeydə alınmış COVID-19 əleyhinə vaksinlərlə bağlı digər tədqiqatın icmalı nəşr olundu (A. F. Hernandez, D. Calina, K. Poulas, 2021). Bu təqiqatın icmalında da oxşar nəticələr göstərilmişdir. Xəstənin həyat və sağlamlığını təhdid edən qəfil vəziyyətlərin baş vermə riskini azaltmaq məqsədilə hər vaksinasiyadan əvvəl epidemioloji anamnez , termometriya, qan təzyiqinin və saturasiyanın ölçülməsi, əsnəyə baxış, auskultasiya daxil olmaqla klinik müayinələri aparmaq,həmçinin qanın ümumi analizi və koaquloqrammanı təyin etmək vacibdir. Həyati təhkükəli halların ortaya çıxacağı təqdirdə təcili reanimasiya tədbirlərini etmək məqsədi ilə vaksinasiyadan sonra xəstə 1 saat ərzində müşahidə altında qalmalıdır. Lakin problem ondan ibarətdir ki, ilk tibbi xidmət həkimləri xroniki somatik patologiyalı xəstələrin vaksinasiya olunma xüsusiyyətləri ilə kifayət qədər tanış deyillər. Nəticədə, vaksinasiyadan sonra əsas xəstəliyin kəskinləşməsi baş verə bilər. Bu isə  xəstə və onun yaxınları tərəfindən vaksinasiyaya qarşı mənfi münasibətin yaranmasına səbəb olur.

Təəssüf ki, xəstəyə vaksinasiyadan sonra necə davranmalı olduğu izah edilmir və bir qayda olaraq, vaksinasiyadan sonrakı dövr üçün tövsiyələr verilmir. Məsələn, vaksinasiyadan sonra həddindən artıq fiziki gərginlikdən çəkinmək lazımdır. Bu tövsiyyə o səbəbdən verilir ki, anticisimlərin yaranmasına lazım olan  qlükoza, idman zamanı aktiv şəkildə istehlak edilir. Əks təqdirdə, orqanizm tez tükənir və bu səbəbdən vaksinasiyadan bir neçə gün əvvəl və sonra məşqdən çəkinmək lazımdır. Bu dövrdə sağlam qidalanmaya və qəbul edilən maye miqdarına xüsusi diqqət yetirməlidir. COVID-19-a qarşı kütləvi vaksinasiyanın başlamasından yarım ildən çox keçməsinə baxmayaraq “vaksin edib - etməmək” mübahisələri sakitləşmir. Vaksinin əleyhinə ən çox yayılmış arqument, vaksinin rekord müddətdə ortaya çıxması və kifayət qədər öyrənilməməsidir.

CDC tədqiqatçılarına görə, koronavirus sürətlə mutasiya edir. Hər gün virus 2% mutasiyaya məruz qalır, lakin bunlar əhəmiyyətli mutasiyalar deyil. 2002-ci ildə yayılmış SARS CoV-1 virusu ilə indiki variantlar arasındakı fərq cəmi 15%-dir. Vaksinlərin hazırlanması üzərində işlər təxminən 20 il əvvəl artıq başlanmışdır. Həmçinin qeyd etmək lazımdır, COVID-19 pandemiyası elmi fikir inkişafına müəyyən dərəcədə katalizator olmuşdur. Məsələn, 2020 -ci il ərzində dünyada vaksin istehsalı üçün yeni texnologiyaların yaradıldığını qeyd etmək olar.

 Ən çox verilən suallardan biri niyə vaksinasiya tam qorunmanı təmin etmir? Hal -hazırda alimlər, koronavirusdan qorunma dərəcəsi və vaksinasiyadan sonra yaranan anticisimlərin səviyyəsi arasındakı əlaqələr haqqında dəqiq məlumatlar verə bilmirlər. Birincisi, anticisimlər az və ya çox  miqdarda sintez oluna bilər, və ya orqanizmin fərdi reaksiyasına görə ümumiyyətlə yaranmaya bilər. İkincisi, yoluxmanın qarşısını ala biləcək kifayət anticisim səviyyəsini heç kim dəqiq deyə bilməz . Bu problemlər dünyada mövcud olan bütün vaksinlərə xasdır. Vaksinasiyadan sonra virusa yoluxamanın başqa səbəbi, yetərli immun cavab formalaşmadan əvvəl virusla kontaktın baş verməsidir. Elə hallar da olur ki, insan artıq virusa yoluxmuşdur və xəstəliyin inkubasiya dövründə vaksinasiyaya gəlir.

Hal-hazırda vaskinasiya olunanlar arasında çoxlu sayda yoluxma halları müşahidə olunur, ona görə ki, bəzi insanlar vaksinasiyadan sonra yoluxmanın  qarşısını alan digər tədbirlərə riayət etmirlər. Məhdudiyyətlər götürüldükdə və infeksiya daha sürətlə yayılmağa başladıqda, vaksinasiya aparılanlar da daxil olmaqla, insanlar infeksiyaya həssasdırlar. Sual yaranır, bəs o zaman niyə  vaksinasiya olunmalıyıq? Qeyd etrmək lazımdır ki, Vaksinlər həm sizi, həm də ətrafınızdakıları virusdan qoruyur. Əgər yoluxma baş veribsə, bu hallarda vaksinasiya olunmamış insanlarla müqaisədə vaksinasiya olunmuşlar xəstəliyi daha yüngül keçirəcək və xəstəlik letal nəticəyə gətirib çıxarmayacaq. Yoluxduqda, vaksin edilmiş insanların virus yükü daha aşağı olur və buna görə də vaksin edilməmiş xəstələrə nisbətən virusu daha qısa müddətdə yayırlar.

Vaksinasiyanın əsas məqsədlərindən biri əhalinin zehniyyətini dəyişdirmək, elmi biliklərini təbliğ etmək, sağlamlığı qoruyan texnologiyaları formalaşdırmaq və inkişaf etdirməkdir.

Qeyd etmək lazımdır ki, COVID-19  yeni bir xəstəlikdir, yeni bir reallıqdır, hansında ki biz yaşamağa alışmalıyıq. İmmunizasiya sağlamlıq üçün ən təsirli tədbirlərdən biridir. Hal-hazırda koronavirus infeksiyasının (COVID-19) qarşısını almaq üçün vaksinasiyadan başqa yolumuz yoxdur.