Professor Fərid Mahmudov: Ağarmış saçların rəngini qaytara bilməsək də, erkən ağarmanı uzatmaq mümkündür

5 sual, 5 cavab

 

Saçların tökülməsi uzunömürlülük əlamətidir?

Professor Fərid Mahmudov: Ağarmış saçların rəngini qaytara bilməsək də, erkən ağarmanı uzatmaq mümkündür

 

Saç tökülməsi indiki dövrdə tez-tez rastlaşdığımız ciddi problemlərdən biridir. Saçlarımız niyə tökülür? Səbəbləri, diaqnostikası və müalicəsi barədə məlumat almaq üçün Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudovla söhbətləşdik.

 

- Saç tökülməsinə 30 yaşdan sonra kişilərdə daha çox rast gəlinir. Bu prosesin qarşısını almaq olarmı?

- Bu çox mürəkkəb və geniş əhatəli bir problemdir. Bunu ümumi mənada izah etsək, problemin səbəbinə görə həll etməliyik. Çox zaman kişilərdə keçəlləşmənin səbəbi ya endokrin problemlər, ya da irsiyyətdir. Ancaq travma, stress, autoimmun və yoluxucu xəstəliklər, qidalanma xüsusiyyətləri və sair amillər də saçın vəziyyətinə təsir göstərə bilər. Əksər hallarda, əsasən irsi və endokrin faktorlardan asılı olan androgenetik allopesiyadan danışırıq. Allopesiya ilə mübarizə üçün bir çox metodlar var: dərman üsulları, balanslı pəhriz, pis vərdişlərin rədd edilməsi, yuxunun normallaşması, stress amillərinin aradan qaldırılması, yerli qan dövranını yaxşılaşdıran müxtəlif fiziki üsullar, salon müalicələri və nəhayət, saç əkimi.

 

- Bəzən qadınlarda doğuşdan sonra saç tökülməsi baş verir. Bu nə ilə əlaqədardır və həmin şəxslər nə etməlidirlər?

- Doğuşdan sonra saç tökülməsi qadınların 90 faizində baş verir və tamamilə normal proses hesab olunur. Bunun səbəbi bədəndəki hormonal dəyişikliklərdir. Saç tökülməsi təxminən 3 ay davam edir. Bir qayda olaraq, saçlar 6-12 ay ərzində bərpa olunur. Adətən bu vəziyyət tibbi müalicəyə ehtiyac duymur, yalnız minerallar və vitaminlərlə zəngin pəhriz tələb olunur. Lakin proses bir ildən çox davam edərsə, dermatoloqa müraciət etmək məsləhətdir.

 

- Həkim, saçların ağarmasının qarşısını almaq mümkündürmü?

- Bir qayda olaraq, ilk ağ saçlar 33-40 yaşlarında yaranır. Bu, bir çox amillərdən asılıdır: məsələn, irsi amillər - əgər valideynlərinizin saçı erkən ağarıbsa, 80% ehtimalla bu problemlə siz də erkən qarşılaşacaqsınız. Eləcə də ətraf mühit, irqi mənsubiyyət, bəslənmə, emosional fon, pis vərdişlər, hormonal dəyişikliklər və ağır xəstəliklər buna səbəb ola bilər. Ağarmış saçların rəngini qaytara bilməsək də, erkən ağarmanı bir qədər uzatmaq mümkündür. Bunun üçün mütəxəssisə müraciət edib lazımi testlərdən keçmək və ağarmanın səbəblərini müəyyənləşdirmək lazımdır.

Amma buna görə kədərlənməyə ehtiyac yoxdur. Hətta bəzi alimlər erkən ağarmış saçların sağlamlıq və uzunömürlülük əlaməti olduğuna inanırlar. Onlar hesab edirlər ki, insanların bədənindəki glutatyonun (saç boyamasında iştirak edən antioksidant piqment) başqa məqsədlərə sərf olunmağa başlayır. Məsələn, ürək-damar xəstəliklərindən qorunmağa və bədxassəli şişlərin inkişafına müqavimət göstərməyə.

 

- Sizcə, tüklərin qalın olması məqsədilə körpənin saçını qırxmaq doğrudurmu?

- Bu ənənənin tərəfdarları əmindirlər ki, uşağın başını qırxmaq gələcəkdə ona daha yaxşı saçlar bəxş edəcək. Əslində başın qırxılması nə saçların keyfiyyətinə, nə qalınlığına, nə də görünüşünə təsir göstərir. Bir uşağın saçının quruluşu, əsasən uşağın genetikasına bağlıdır. Üstəlik, təraş prosesində zərif körpə dərisi yaralana bilər. Normalda 1 yaşdan kiçik uşaqların (və bəzən ondan sonra da) başı bir növ yumşaq tük ilə örtülür və hətta başda keçəl yamaqlara da rast gəlmək olar. Təxminən bir yaşında uşağın saçları dəyişməyə başlayır: yumşaq tüklər tədricən tökülür və yerində daha qalın və güclü saçlar çıxır - bu təbii bir prosesdir. Saçın yekun strukturu 5 yaşa yaxın formalaşır.

 

- Bir mütəxəssis kimi hansı yuyucu vasitələrdən istifadə etməyi məsləhət görürsünüz?

- Əvvəla, saçları çirkləndikcə yumalısınız. Saçınızı bədən istiliyindən bir az daha isti olan su ilə yumaq lazımdır. Amma çox isti su həddindən artıq sebum ifrazına və saçların daha tez yağlanmasına səbəb olur. Yaxşı şampun əsas funksiyasını yerinə yetirməlidir - saçdakı çirk və yağı yuyub aparmalıdır. Əlavə funksiyalara gəldikdə isə, şampun seçimi saç tipinizdən asılıdır. Yağlı, quru və normal saçlar üçün olan şampunlar arasından öz saç tipinizə görə seçə bilərsiniz. Amma unutmayın ki, şampunların tərkibində çox reklam edilən maddələrdən bəziləri, əslində o qədər də faydalı deyil. Parlaq bir nümunə silikondu. Görünən hamarlaşdırma təsirinə baxmayaraq, dəridə nazik pərdə yaradır ki, o pərdə  qidalandırıcı maddələrin tədarükünü əngəlləyir, qan və oksigen dövranını pozur.