ATU-nun növbəti Elmi Şurasında professor Gəray Gəraybəyli əsas diqqəti elmi-tədqiqat işlərinə yönəldib.
Fevralın 1-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası açıq elan edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk öncə Normal fiziologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Arif Məmmədovu 80, ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyovu isə 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra gündəlikdə duran məsələlər diqqətə çatdırılıb. “Azərbaycan Tibb Universitetində 2021-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun hesabatı dinlənilib.
Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Təbii resursların insan kapitalına çevrilməsi” istiqamətində həyata keçirilən siyasətin təhsil sisteminin bütün pillələrinin yeniləşməsinə və inkişafına təkan verdiyini söyləyən məruzəçi qeyd edib ki, bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanması təhsilin və elmin qarşısında duran mühüm vəzifələrdən biridir: “2021-ci ildə universitetimiz bir çox nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibəti ilə ölkəmizdə tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşına fəxri adların verilməsi barədə sərəncam imzalamışdır. Onlardan 3-ü “Əməkdar elm xadimi”, 4-ü “Əməkdar müəllim”, 4-ü isə “Əməkdar həkim” fəxri adlar almışdır. Ölkə başçısının digər sərəncamı ilə universitetin 10 əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bundan başqa, bir neçə əməkdaşımız Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı və “Fəxri fərman” ilə təltif edilmişdir.
Qeyd edim ki, Vətən müharibəsi zamanı universitetimizin əməkdaşları, o cümlədən Hərbi tibb fakültəsinin şəxsi heyəti, müəllimləri, rezidentləri, kursant və feldşerləri qələbənin qazanılması üçün ön və arxa cəbhədə var gücləri ilə çalışıblar. Prezident İlham Əliyevin sərəncamına əsasən, Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov AR Silahlı Qüvvələri Günü ərəfəsində “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Hesabat ilində Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tibb təhsilinin, səhiyyənin inkişafındakı xidmətlərinə, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığına görə Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun “Fəxri fərman”ına layiq görülmüşdür”.
Çıxışında elmi nailliyyətlərə xüsusi yer ayıran prorektor nəzərə çatdırıb ki, universitetimiz bu hesabat ilində ilk dəfə olaraq SCİmago beynəlxalq reytinq qrupuna daxil edilib. Belə ki, ATU dünyanın digər universitetləri kimi, bu reytinq sistemində 4 göstəriciyə görə indeksləşib və SCİmago sıralamasında ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yerdədir. Tədqiqat göstəricilərinə görə isə, ATU-nun reytinqi 529-dan 517-ci yerə yüksəlib ki, bu da universitetimizin əməkdaşları tərəfindən Web of Science, Scopus və s. nəşriyyat bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayının artması ilə əlaqədardır: “Dünya tibb müəssisələri arasında universitetimiz 920-ci, Şərqi Avropada 170-ci, Azərbaycanda isə 1-ci yeri tutur. Beləliklə, Azərbaycan Tibb Universiteti SCİmago reytinq sistemində tədqiqat göstəricilərinə görə dünya və yerli universitetlər arasında layiqli yer tutur. Hazırda bu reytinq sistemi üzrə digər göstəricilərin yaxşılaşdırılması, eləcə də universitetimizin QS World University Ranking, Times Higher Education University Ranking, World Universiteti of Academic Ranking (ARWU) reytinqlərinə daxil edilməsi istiqamətində işlər aparılır. Hesabat dövründə edurank.org reytinq sisteminə görə, dünyanın 14160 universiteti arasında universitetimiz 6514-cü, Azərbaycanda 36 universitet arasında 4-cü, Asiyada 5829 universitet arasında 2333-cü, tibb üzrə 4839 universitet arasında isə 2864-cü yerdədir. Həmçinin tıbb sahəsinin ayrı-ayrı ixtisaslarına aid beynəlxalq elmi jurnallarda çap olunmuş elmi məqalələrin sayı 1232-dir və bu elmi işlərə 10416 istinad olunmuşdur”.
Sözunə davam edən R.Bəylərov kadr potensialına da toxunub: “2022-ci il yanvar ayının əvvəlinə olan məlumata əsasən, ATU-da çalışan 1192 nəfərin 1060-ı professor-müəllim heyətidir. Onlardan 3-ü Rusiya Elmlər Akademiyasının üzvü, 2-si Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 4-ü müxbir üzvü, 23-ü əməkdar elm xadimi, 41-i əməkdar həkim, 32-si əməkdar müəllim, 1-i əməkdar bədən tərbiyəsi və idman xadimi, 1-i fəxri bədən tərbiyəsi və idman işçisi, 173-ü elmlər doktoru, 762-si fəlsəfə doktoru, 127-si professor, 308-i isə dosentdir”.
2019-cu ildə ATU-da “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 61 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdıran prorektor 57 mövzu üzrə işin yekunlaşdığını və tamamlanmış mövzuların da olmadığını deyib.
R.Bəylərov bildirib ki, ATU-nun beynəlxalq əlaqələri günün tələbləri səviyyəsində qurulub: “Dövlət başçısının sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması” üzrə Dövlət Proqramı təsdiq edilmişdir. Son illər universitetimizdə aparılan islahatlar, ATU-nun dünya miqyasında nüfuzlu təhsil və elm platformalarında daha da tanınması istiqamətində uğurlu addım atılmışdır. Hazırda universitetimiz dünyanın 90-a yaxın elm və təhsil müəssisəsi ilə səmərəli əməkdaşlıq edir”.
Onun sözlərinə görə, tibb elmimizin müasir dünya tibb elminə inteqrasiyasında universitetimizin alimlərinin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunması və belə ölkələrdə keçirilən konfrans və simpoziumlarda iştirakı mühüm əhəmiyyət kəsb edir. 2021-ci ildə əməkdaşlarımız xarici ölkələrdə keçirilən 166 müxtəlif elmi konfrans, konqress və simpoziumlarda iştirak ediblər. Məruzəçi 2021-ci ildə elmi-tədqiqat işlərinin nəticələrinin 17 monoqrafiya və kitabda (dördü xaricdə), 16 dərslikdə, 21 dərs vəsaitində, 3 kitabça və sorğu ədəbiyyatında, 3 elmi əsərlər məcmuəsində, 616 elmi işin xaricdə, 992 elmi işin respublikamızda, 18 metodik tövsiyədə, 4 Azərbaycan patentində, 4 Avrasiya patentində öz əksini tapdığını söyləyib.
Doktoranturaya ümumi qəbulun 10 nəfər olduğunu bildirən R.Bəylərov deyib ki, fəlsəfə doktoru proqramı üzrə 4 nəfər, tibb üzrə elmlər doktoru proqramı üzrə isə 6 nəfər daxil olub. Dissertanturaya isə ümumi qəbul olan 7 nəfərin 2-si fəlsəfə doktoru proqramı üzrə, 5-i tibb elmləri doktoru üzrə daxil olub. Hesabat ilində universitetin doktorantura təhsilinin səmərəliliyi 100 faiz təşkil edib.
Əsaslı Kitabxananın fəaliyyətinə də toxunan prorektor söyləyib ki, 2021-ci ildə kitabxananın fondlarında 645 737 kitab olub ki, bunlardan 313 525 elmi, 317 771 dərslik və 14 441 mübadilə fondlarında cəmlənib. Bundan başqa, kitabxana fondunun elektron kataloquna 781 kitab, 1062 qəzet və 2770 jurnal məqalələri daxil edilib. Hesabat ilində kitabxanaya 4432 nüsxə kitab daxil olub ki, bunlar da rektorluq, kafedralar, professor və müəllim heyəti, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr tərəfindən hədiyyə olunub və ya mübadilə yolu ilə əldə edilib.
Məruzə ətrafında çıxış edən professorlar Yaqub Qurbanov, İbadulla Ağayev, Rizvan Məmmədov, Qalib Qarayev və dosent Aidə Bəndəliyeva hesabatı qənaətbəxş qiymətləndiriblər. Onlar universitetin elmi istiqamətdəki uğurları ilə yanaşı, problemləri də qeyd ediblər. Natiqlər çıxışlarında dissertasiya şuralarının fəaliyyətindən, doktorantura və dissertasiya işlərinin mövcud vəziyyətindən bəhs ediblər, bu sahədə aktual məsələləri dilə gətirərək təklif və rəylərini səsləndiriblər.
Müzakirələri yekunlaşdıran rektor əsas diqqəti Azərbaycan Tibb Universitetində 2021-ci il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinə və qarşıda duran vəzifələrə yönəldib: “Bir neçə problemli nöqtələrə toxunmaq istərdim. Bir neçə il əvvəl biz sizinlə görüşəndə dedik ki, hər bir universitetin məqsədi öz səviyyəsini yüksək elmi-tədqiqat universiteti səviyyəsinə çatdırmaqdır. Bəli, bizim buna kifayət qədər potensialımız var. Müxtəlif ölkələrin universitetləri ilə birgə fəaliyyətimiz, inzaladığımız ikitərəfli momerandumlar və s. Artıq bu istiqamətdə işlərimiz başlanıb və biz onun bəhrəsini gözləyirik. Bəzən tələbələri günahlandırırıq ki, onlar oxumaq istəmir. Amma mən kitabxana ilə bağlı təklifləri eşidirəm. Tələbələrin əsas xahişləri kitabxananın daha çox işləməsidir. İki oxu zalımız var idi, əlavə bir oxu zalının da açılmasını istədilər. Kitabxanamız əvvəl axşam saat 6-dək işləyirdi, tələbələrin xahişini nəzərə alıb 9-dək fəaliyyət göstərməsinə qərar verdik. Qeyd edim ki, pandemiyadan öncə saat 10-dək işləyirdi. Mən bir dəfə gecə kitabxanaya gəldim və gördüm ki, 3 oxu zalının hamısı ağzına qədər doludur. Tam əminliklə deyə bilərəm ki, “tələbələr oxumaq istəmir” fikri düzgün deyil. Hər kəsə eyni gözlə baxmaq olmaz. Elə tələbələr var ki, yeniliklərin elekton formatının olmasını istəyirlər. Kitabxananın həftənin 7 günü 24 saat işləməsi formatı üzərində iş gedir”.
Digər məsələlərə münasibət bildirən professor G.Gəraybəyli dissertasiya işlərinin müdafiələrinə də diqqət çəkdi: “Biz əvvəllər müzakirələrimizdə bəzi ixtisaslar üzrə müdafiələrin çox olmasını bildirmişdik. Mənim Ali Attestasiya Komissiyasının sədri ilə bu istiqamətdə müzakirələrim olub. Bəzən elə ixtisaslar var ki, həddindən çox müdafiələr olur və problem yaradır. Eyni zamanda, belə getsə, müdafiə az olan sahələrdə təxminən 10 ildən sonra kəskin kadr çatışmazlığı yarana bilər. Bir çox kliniki ixtisaslar var ki, iddiaçı özünə nə opponent tapa bilir, nə də rəyçi. Kafedra müdirləri və elmi hissə bu məsələni ciddi analiz edib, nəticə çıxarmalıdır.
Bundan başqa, tamamlanmamış dissertasiyalar var. Bəzən kafedraların bir çoxunda elmi işlərin təsdiqi və sonradan onlardan imtina halları olur. Hesab edirəm ki, burada kafedranın günahı olmasa da, bu məsələləri araşdırmaq lazımdır. Digər bir məsələ - bəzi ixtisaslar üzrə elmlər doktorluğu ilə bağlı problemlərimiz var. Məsələn, oftalmologiya, məhkəmə təbabəti, farmakologiya, əczaçılıq, damar cərrahiyyəsi, patoloji anatomiya, histologiya, qastroenterologiya ixtisasları üzrə kadr hazırlığı son illlər çox zəifdir. Son 5-10 il ərzində təsdiqini tapmamış dissertasiyalar kafedralarda çoxluq təşkil edir. Reydlər keçirilməli və elmi işlərin analizi aparılmaqla yanaşı, ildə heç olmasa bir dəfə dekanlıqlar kafedraların elmi işlərini müzakirəyə çıxarmalıdırlar”.
Professor G.Gəraybəyli onu da bildirib ki, bu günlərdə III Cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov ikinci dəfə məsləhətçi professor seçilmək üçün müraciət edib.
Elmi Şura M.Nəsirovun müraciətini təmin edib, eləcə də Halil İbrahim Durak və professor dr. Sezai Yılmaza Azərbaycan Tibb Universitetinin “Qonaq professor”u, Nilufer Demiral Yılmaza isə universitetin “Qonaq müəllim”i adının verilməsini təsdiqləyib. Daha sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində Dövlət Attestasiyasının OSKİ mərhələsinin keçirilməsi üçün hazırlanan beş istiqamət üzrə “Pasportlar”a da münasibət bildirlib.
Sonda Böyük Elmi Şura elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçiləri, o cümlədən dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrini təsdiqləyib və müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.