Bu gün Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə ölkəmizdə Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəliyinə start verilib. Həftə çərçivəsində ilk tədbir Azərbaycan Tibb Universitetində baş tutub.
"Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpoziumun açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkənin səhiyyə sistemində aparılan islahatların uğurlu nəticələrindən və ilkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib. Professor G.Gəraybəyli təcili tibbi yardım xidmətinin bu günədək keçdiyi inkişaf yolundan danışaraq müasir dövrdə bu sahədə ixtisaslaşmış tibb müəssisələrinin fəaliyyətini də yüksək qiymətləndirib:
“Bu gün əksər klinikaların nəzdindəki təcili tibbi xidmət şöbələri müasir texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunub. Lakin ən vacib məsələlərdən biri ilkin tibbi xidmət sahəsi üzrə mütəxəssislərin hazırlanmasıdır. Məhz bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq 2019-cu ildə Azərbaycan Tibb Universitetinin tədris proqramlarında “təcili tibb” dərsləri nəzərdə tutuldu. 2021-ci ilin dekabrında isə universitetdə ilk dəfə olaraq Təcili tibb yardımı kafedrasının yaranmasına qərar verildi. Bu islahatların gələcəkdə Azərbaycan səhiyyəsində ilkin tibbi xidmət sahəsi üçün yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına mühüm töhfə olduğundan əminəm”.
ATU-nun rektoru, professor G.Gəraybəyli Ümumdünya Səhiyyə Təşkilatının gerçəkləşdirdiyi layihələrdə universitet tələbələrinin, məzun və həkimlərinin həvəslə iştirak etdiyini söyləyərək həftə boyunca keçiriləcək təlim kurslarının da səmərəli olacağına əminliyini ifadə edib.
Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov simpozium iştirakçılarına uğurlar arzu edib və səhiyyə naziri Teymur Musayevin salamlarını çatdırıb. Nazir müavini ATU-da olaraq Təcili tibb yardımı kafedrasının yaradılması prosesində iştirak etdiyini xatırladaraq, Ölkəmizdə təcili tibbi xidmət işinin yaxşılaşdırılması və təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin xüsusi önəmini vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ( nümayəndəsi Araz Nəsirov səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək baxımdan tədbirin əhəmiyyətdən danışıblar. Çıxış edən digər iştirakçılar da çoxtərəfli müzakirələrin ölkə səhiyyəsinin ümumi işinə müsbət təsirini qeyd edib, həmçinin simpoziumun faydasını vurğulayıblar.
Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətlərinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.
Simpoziumdan sonra "Azərbaycanda təcili tibbi yardım sisteminin qiymətləndirilməsi” mövzusunda ÜST-ün nümayəndəsi Fidan Talışinskayanın məruzəsi dinlənilib.
Daha sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili yardım şöbəsinin idarə olunması” kurslarının tədrisinə start verilib. İlk kursun yekununda iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarını 3 müxtəlif situasiya məsələsi vasitəsilə dərindən mənimsəyəcək, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükəyə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumat əldə edəcəklər.
“Təcili yardım şöbəsinin idarə olunması” kursu isə təhlükəsiz, yüksəkkeyfiyyətli təcili tibbi yardım xidməti təmin etmək, eləcə də təcili tibbi yardım işini səmərəli həyata keçirmək məqsədilə müvafiq sahə üzrə rəhbər şəxslərin liderlik və idarəetmə potensialını inkişaf etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, həftə boyunca keçirilən silsilə tədbirlər fevralın 12-də Azərbaycan Tibb Universitetində baş tutacaq bağlanış mərasimi ilə yekunlaşacaq.