Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Narkomaniyaya yox deyək!” adı altında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov əvvəlcə bu ilin “Şuşa ili” elan edilməsi və qədim şəhərimizin 270 illik yubileyinin qeyd olunmasının əhəmiyyətindən danışdı. “Şuşa ili” çərçivəsində Azərbaycan Tibb Universitetində müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlərin planlaşdırıldığını qeyd edən Z.Musabəyov bu gün gənclərin sağlamlığının qorunması, onlar arasında pis vərdişlərin yayılmasının qarşısının alınması ilə bağlı növbəti belə toplantının təşkil olunduğunu diqqətə çatdırdı.
Prorektor Z.Musabəyov bildirdi ki, dövrümüzün əsas bəlalarından biri olan narkomaniya 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır: “Bu bəla bütün dünyada can almaqda davam edir. Narkomaniya bütövlükdə cəmiyyətin məhvinə yönəldiyinə görə, onunla mübarizəyə də hər kəs qoşulmalıdır. Bu problemlə hər bir qurum və hər kəs bütüm mümkün variantlardan istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də hüquqi məsuliyyət baxımından tədbirlər görülməlidir. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidir”.
Azərbaycanda bu sahədə xeyli işlər görüldüyünü bildirən Z.Musabəyov onların sırasında maarifləndirmənin mühüm yer tutduğunu və bu tədbirin də həmin prosesin gücləndirilməsinə töhfə kimi qiymətləndirilə biləcəyini vurğulayıb.
Daha sonra Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hüquqşünası Gülnaz Ələsgərova, Gənclər və İdman Nazirliyinin seleksiya üzrə baş mütəxəssisi Elvin Zeynallı, ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuçeri Lalei, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, psixiatr Ramil Hüseynzadə çıxış edərək narkomaniyaya qarşı mübarizədə önəmli məqamlardan danışıblar.
Mövzu ilə əlaqədar maarifləndirici videoçarxın nümayişindən sonra ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Teatr Klubunun ifasında “Bir idmançının taleyi” tamaşası təqdim olunub. Sonda ATU-nun “Təbib” İdman Klubunun rəhbəri Qələndər Aslanov narkomaniya ilə mübarizə işlərində aktivlik göstərən tələbələrə təşəkkürnamələr təqdim edib.