Azərbaycan Tibb Universitetində ənənəvi xeyriyyə aksiyasına start verilib.
Aprelin 28-də ATU-da məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar aksiyası çərçivəsində universitetdə təhsil alan 12 tələbə pulsuz göz əməliyyatı olunublar.
Aksiya ATU rektoru professor Gəray Gəraybəyli və oftalmoloq həkim Qurban İsmayılovun təşəbbüsü ilə keçirilir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, bu gün artıq 17 tələbə Excimer lazer göz əməliyyatı olunub: “Onlar aztəminatlı ailənin övladlarıdır. Bu Əməliyyat zamanı gənclərin gözündə yüksək dərəcəli miyoplar aradan qaldırılıb və əməliyyat tam fəsadsız başa çatıb”.
Aksiya 3 gün ərzində davam edəcək və bu müddətdə ümumilikdə 25 tələbənin əməliyyat olunacağı planlaşdırılır. Qeyd edək ki, Əməliyyat xərcləri universitet rəhbərliyi və oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov tərəfindən ödənilir. ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da – milli lider Heydər Əliyevin anadan olmasının ildönümlərində də tələbələr üçün belə aksiyalar təşkil olunur.