Məktəblinin gün rejimi: sağlamlıq və uğur üçün sadə tövsiyələr

Artıq ümumtəhsil müəssisələrində tədris başlayıb. Elmi-texniki tərəqqi müasir tədris-tərbiyə prosesinin intensivləşməsi, zehni yükün artması, tədrisin kompüterləşməsi, hərəki fəallığın azalması, tədris stresinə səbəb olmuşdur. Tədris prosesində uşaq və yeniyetmələr akademik biliklər əldə edir, lakin bu heç bir şəkildə gənc nəslin – şagirdin saglamlıgı hesabına baş verməməlidir. Tədqiqatlar göstərir ki, məktəblilərin sağlamlığının formalaşmasında məktəb amilinin təsiri 30-40% təşkil edir və tədris müddətində uşaqların sağlamlıq problemləri artır.

Məktəblilərin sağlamlığının möhkəmləndirilməsi və yüksək iş qabiliyyətinin saxlanılması məqsədi ilə valideynlər uşaqların gün rejiminin düzgün təşkil və ona riayət edilməsinə ciddi nəzarət etməlidirlər. Uşaq və yeniyetmələrin sağlamlığının qorunmasında vacib rejim elementlərindən biri yuxudur. Yaşa uyğun kifayət qədər yuxu gün ərzində uşaqlarda əmələ gələn yorğunluğun aradan qaldırılması, orqanizmin funksiyalarının bərpa edilməsi və iş qabiliyyətinin yüksəlməsinə kömək edir. Yuxu bütün fizioloji sistemlərin, ilk növbədə baş-beyin qabığı hüceyrələrinin fəaliyyətinin tam funksional bərpasını təmin edir. Kiçikyaşlı məktəblilər sutka ərzində 9-10 saat, yeniyetmələr isə 8-9 saat yatmalıdırlar. Tədqiqatlar göstərir ki, uşağın yuxusu nə qədər az olursa, iş qabiliyyəti də bir o qədər azalır. Nəticədə, məktəblilərdə müvəffəqiyyət göstəriciləri aşağı düşür. Rejim elə təşkil edilməlidir ki, uşaqlar kifayət qədər yuxudan sonra, səhər evdən çıxmağa ən azı 1 saat qalmış oyansınlar.

Bu 1 saat onların şəxsi gigiyenasına və səhər yeməyinə sərf olunmalıdır. 1-ci növbədə oxuyan məktəblilər mütləq səhər yeməyi, ikinci növbədə oxuyanlar isə nahar edib məktəbə getməlidirlər. Düzgün və səmərəli qidalanmanın təşkili uşaq sağlamlığının qorunmasında vacib elementlərdən biridir. Səhər yeməyində əsas yer süd və süd məhsulları, pendir, yumurtaya verilməlidir. Səhər yeməyində mütləq isti yemək (sıyıq, yumurta, qayğanaq və s.) olmalıdır. Bu zaman uşağın sevdiyi yemək növlərinə üstünlük verilməlidir. Gün ərzində uşaqların menyusunda heyvan, balıq, quş əti və digər zülallı qidalar olmalıdır. Zülallı ərzaqlar təzə tərəvəz, göyərti, pomidor, xiyar ilə yaxşı uyğunlaşır. Valideynlər uşaqların məktəbdə qidalanmasını da təşkil etməlidirlər. Kiçikyaşlı məktəblilərin çantasına məktəbdə qəlyanaltı etməsi üçün mövsümdən asılı olaraq təzə və ya quru meyvələr, çərəzlər, keks və ya digər kremsiz, tez xarab olmayan şirniyyat, pendirli buterbrod və bu kimi ərzaqlar qoymaq olar. Təmiz su da mütləq nəzərə alınmalıdır. Məktəbdən gəldikdən sonra uşaqlara isti nahar verilməlidir. Ümumiyyətlə, kiçikyaşlı şagirdlər gün ərzində ən azı 4 dəfə qida qəbul etməlidir: səhər yeməyi, qəyanaltı, nahar və şam.

Gününün çox hissəsini oturaq (dərslərdə, evdə dərs hazırlayan zaman, kompüter və digər qadjetlərin arxasında) keçirən məktəblilər üçün hərəki fəallığın əhəmiyyəti böyükdür. Gün rejimində hərəki oyunlara kifayət qədər vaxt ayrılmalıdır. Ən əlverişli sağlamlaşdırıcı vasitə uşaqlar üçün açıq havada hərəkətli oyunların təşkil edilməsidir. Kiçiklər hər gün 2-2,5 saat, yeniyetmələr isə ən azı 1-1,5 saat açıq havada dinamik istirahət etməlidirlər. Yaxşı olar ki, bu, dərs məşğələləri qurtardıqdan sonra olsun. Bu zaman uşaqlar üçün idman oyunları, gəzintilər, yarışlar və s. təşkil edilməlidir.

Məktəblilərin sağlamlığının qorunmasında vacib məsələlərdən biri də ev tapşırıqlarına və əlavə məşğələlərə sərf edilən vaxdır. Belə ki, son zamanlar uşaqların ev tapşırıqlarının yerinə yetirilməsinə sərf etdikləri vaxtın həddən çox artması onların gün rejimin pozulmasına, xüsusilə də yuxu və açıq havada olma vaxtının azalmasına səbəb olub. Ona görə də valideynlər uşaqların ev tapşırıqlarına sərf etdiyi vaxtı düzgün təşkil etməlidirlər. Kiçik məktəb yaşlı uşaqlar üçün bu norma 1-1,5 saat, orta məktəb yaşlılar üçün 1,5-2 saat, buraxılış sinifləri üçün 2,5-3,5 saatdır. Axşam yuxusundan qabaq uşaqlar üçün 1-2,5 saat asudə vaxt ayrılmalıdır. Bu zaman uşaqlar öz maraqlarına uyğun fəaliyyətlərlə məşğul ola bilərlər. Əlbəttə ki, yuxudan qabaq həyəcanlandırıcı fəaliyyətlər, kompüter oyunları məqsədəuyğun deyildir. Bu, onların çətin yuxuya getmələrinə və yuxunun tam dəyərli olmamasına səbəb olur. Valideynlər nəzərə almalıdırlar ki, rejimin əsas şərtlərindən biri bütün fəaliyyətlərin hər gün eyni vaxtda başlamasıdır. Bu, dinamik stereotipin yaranmasına və hər bir faəliyyətin (yuxu, qidalanma, məşğələ və s.) daha az enerji sərf etməklə, daha asan yerinə yetirilməsinə səbəb olur.

Tövsiyələrimizə riayət etsəniz, uşaqlarınızın xəstəliklərə qarşı müqaviməti yüksələcək, saglamlığı möhkəmlənəcək, bununla yanaşı, təhsil müvəffəqiyyətləri də artacaq.

 

Şəhla Balayeva

ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent