Bizi izləyin:
Heydər Əliyev
ATU-nun I Müalicə-profilaktika fakültəsində TEC-in növbəti elmi konfransı keçirilib

ATU-nun I Müalicə-profilaktika fakültəsində TEC-in növbəti elmi konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti elmi konfransı təşkil olunub. Tədbirin açılışını fakültənin dekanı, dosent Elşad Novruzov edərək, çıxış üçün sözü Elmi işlər üzrə prorektor, professor Məlahət Sultana verib.

Tələbələrin elmi fəaliyyətinin əhəmiyyətindən bəhs edən prorektor 2020-ci ildən etibarən bu istiqamətdə həyata keçirilən tədbirlərin artıq müsbət nəticələr verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, universitet rəhbərliyinin dəstəyi ilə tələbələrin elmi tədqiqatlara cəlb olunması, akademik düşüncə tərzinin formalaşdırılması və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamətlər sırasındadır. Natiq tələbələr arasında elmi fəaliyyətə marağın artmasının gələcəkdə peşəkar həkim və alimlərin yetişməsi baxımından mühüm rol oynadığını da bildirib.

Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov çıxışında tələbə elmi cəmiyyətinin fəaliyyətinin son illərdə daha da inkişaf etməsindən, daha sivil və obyektiv mühit formalaşmasından söz açıb. Prorektor vurğulayıb ki, tələbələrin elmi işlərinin düzgün qiymətləndirilməsi onların inkişafında mühüm rol oynayır və bu prosesdə dekanlıq, elmi rəhbərlər və münsiflər heyətinin rolu böyükdür.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov isə TEC-in roluna diqqət çəkib. O bu cür konfransların yalnız elmi biliklərin deyil, həm də tələbələrin şəxsiyyət kimi formalaşmasına xidmət etdiyini söyləyib.

ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova çıxışında konfransı fakültə üçün əlamətdar hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, tələbələrin ilboyu apardıqları elmi işlərin təqdimatı onların inkişafında mühüm rol oynayır və bu tədbirdə iştirak edən hər bir tələbə artıq müəyyən uğur qazanmış hesab olunur.

Fakültə TEC-in elmi rəhbəri, professor Səbinə Şadlinskaya da konfransların tələbələr üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, son illərdə TEC-ə müraciət edənlərin sayında artım müşahidə olunur. Xüsusilə I Mamalıq-ginekologiya kafedrasından 40 tələbənin müraciət etməsi sevindirici hal kimi qiymətləndirilir.

Daha sonra çıxış edən dekan Elşad Novruzov tələbələrin elmi fəaliyyətə marağının ildən-ilə artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə 78 müraciət qeydə alındığı halda, cari ildə bu göstərici 100-ə çatıb. İştirakçı tələbələrin sayı isə 92 nəfərdən 121 nəfərə yüksəlib. Dekan bu artımı universitet rəhbərliyinin dəstəyi, kafedralarda sağlam elmi mühitin yaradılması və müəllimlərin tələbələri həvəsləndirməsi ilə əlaqələndirib.

Bildirilib ki, konfransda müxtəlif fakültələrdən olan tələbələr də fəal iştirak edirlər. Münsiflər heyətinin obyektivliyinin təmin olunması məqsədilə proqramda elmi rəhbərlərin adları qeyd olunmayıb və qiymətləndirmə meyarları şəffaf şəkildə təşkil edilib.

Sonra konfrans tələbələrin elmi məruzələrinin təqdimatı ilə davam etdirilib.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.