Mütəxəssis deyir ki, qidalanmaya diqqət və aktiv həyat tərzi ilə bu xəstəliyin inkişafını ləngitmək mümkündür
1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə təsis olunub.
Xəstəlik haqda məlumat verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ATU-nun Tədris Terapevtik Klinikasının cərrah-endokrinoloqu Azər Hümmətov bildirib ki, bərk asqıranda döş qəfəsində, kürəkdə ağrı hiss oluna bilir: “Araşdırma zamanı məlum olur ki, fəqərədə sıxlıq yaranıb. Sümük üzərinə normadan artıq yük düşüb. Bu da insanda sümük qırıqlarına daha tez rast gəlməyə gətirib çıxarır. Boyunda sümüyün sınığı osteoporoz xəstəliyinin çox ağır formalarından biridir. Odur ki, bu cür məqamlara diqqət etmək lazımdır”.
Mütəxəssisin sözlərinə görə, osteoporoz - sümük toxumasının zədələnərək nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir. Bir qayda olaraq tədricən yaranır və zaman keçdikcə inkişaf edir: “Osteoporoz heç bir sərhəd tanımadan artan qlobal problemdir. ÜST-ün məlumatına görə, xəstəlik yayılma dərəcəsinə görə ürək-damar, onkoloji və şəkərli diabet xəstəliklərindən sonra infeksiyasız xəstəliklər sırasında dördüncü yeri tutur. Statistikaya görə, 45 yaşdan sonra kişilərə nisbətən, qadınlarda bu xəstəliyə rast gəlinmə ehtimalı daha yüksəkdir. Dünyada bu yaşdan sonra hər üç qadından biri osteoporozdan əziyyət çəkir. Başlanğıc mərhələdə osteoporoz qətiyyən özünü büruzə vermir, hətta onun başlanmasından on il keçəndən sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur və bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir. Problemin nəticəsi olaraq sümük qatı əriyir və davamlı sınıqlarla müşahidə olunur”.
Həkim deyir ki, sümük əriməsinin miqdarı dörddəbirə çatanda güclü osteoporoz başlayır. Xəstəliyin fəsadları olaraq fəqərələrin deformasiyası, hərəkət vaxtı artan bel ağrısı, sümüklərin çoxlu sınıqları meydana çıxır: “Osteoporozu xəstənin ümumi rentgeni əsasında müəyyən etmək olur. Osteoporoz təbii fizioloji prosesdir və onun qarşısını almaq, onu dayandırmaq mümkün deyil. Lakin osteoporozun inkişafını ləngitmək mümkündür. Bunun üçün qidalanmada kalsium və D vitamininin payını artırmaq, daha hərəkətli olmaq, bədən tərbiyəsi və idmanla məşğul olmaq lazımdır”.
A.Hümmətov osteoporozun profilaktikası üçün, ilk növbədə, artıq çəkidən xilas olmağın vacibliyini qeyd edib: “Artıq çəki bir çox xəstəliklərin risk faktoruna daxildir. Bəzi hallarda artıq çəki fəqərələrin yükünü artırır. Xəstəliyin inkişafının qarşısını almaq üçün həkimin təyin etdiyi tibbi vasitələrlə yanaşı, dayaq-hərəkət sisteminin yığılıb-açılmasına yönələn müalicəvi gimnastik hərəkətlər də məsləhət görülür. Zülal tərkibli məhsullardan daha çox istifadə edilməsi, pəhrizə əməl olunması, süd, yumurta, balıq məhsulları və meyvə-tərəvəzlərə üstünlük verilməsi, duzlu və ətli qidaların minimuma endirilməsi, zərərli vərdişlərdən uzaq durmaq, eləcə də aktiv həyat tərzi və vaxtaşırı Günəş şüaları qəbul etmək bu xəstəliyin inkişafını ləngidir. Osteoporoz genetik deyil, yaşla bağlı yaranan bir problemdir. Sümük əriməsinin təsbit edilmə sıxlığı yaşla yanaşı, qadınlarda daha yüksəkdir. Estrogenlər - qalxanvari vəz hormonunun antaqonistidir. Bu hormon qanda kalsiumu artırır və o artdıqca, sümüklərdən kalsiumun çıxması baş verir. Estrogenlərin səviyyəsi azaldıqca, bu proses daha da sürətlənir”.