Bu günlərdə Azərbaycan Tibb Universtietində “Peşəkar hədəflər üçün xarici dilin tədrisi” (FLEPP – Foreign Languages Education for Professional Purposes) layihəsi çərçivəsində təlimlər keçirilib.
TEMPUS proqramı çərçivəsində icra olunan bu layihənin koordinatoru qismində Azərbaycan Dillər Universiteti çıxış edir. Layihə Azərbaycan, Tacikistan və Qırğızıstan partnyor universitetlərinin iştirakı və İsveç, Estoniya, İtaliya, Almaniya və Birləşmiş Krallığın universitetlərinin koordinatorluğu ilə reallaşdırılır.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri dos Rəhimə Qabulovanın verdiyi məlumata görə, FLEPP layihəsinin ümumi məqsədi post-sovet məkanı qeyri-dil ixtisaslı universitetlərdə xarici dillərin tədrisinin təkmilləşdirilməsi və optimallaşdırılmasından ibarətdir. O, qeyd etmişdir ki, FLEPP layihəsi çərçivəsində partnyor universitetlərin müəllimləri bir sıra xarici ölkələrdə təşkil olunmuş treninqlərdə mütəmadi olaraq iştirak edir, həmin ölkələrdə dilin tədrisi proqramı, metodikası ilə tanış olur, topladıqları təcrübəni Azərbaycanlı həmkarları ilə bölüşürlər.
21- 24 yanvar tarixlərində ATU-nun xarici dillər kafedrasının əməkdaşları üçün layihə çərçivəsində növbəti təlim keçirilib. Təlimin təşkilatçısı layihə koordinatoru, Azərbaycan Dillər Universiteti olmuşdur. Dillər universitetinin baş müəllimi Hüzurə Ağayeva ATU-dan olan həmkarlarına dil müəllimləri üçün oxu bacarıqlarının tədrisi, müəllim hazırlığı və təkmilləşməsi, dərsdə qiymətləndirmə və s. mövzusunda mühazirə oxumuşdur. Mühazirələr maraqla qarşılanıb və təlimin sonunda sorğu əsasında qiymətləndirilmə keçirilib.
R.Qabulovanın sözlərinə görə, FLEPP layihəsi həmçinin universitetlərdə xarici dilin daha keyfiyyətli tədrisinə texniki dəstək də göstərir. Artıq bu layihə çərçivəsində ATU-nun dillər kafedrasına müasir avadanlıqla təchiz olunmuş ayrıca bir mərkəzin yaradılması da planlaşdırılır. Bu da sözsüz ki, Tibb Universitetində dillərin tədrisində daha da keyfiyyətli nəticələrin əldə olunmasına öz tövhəsini verəcəkdir.
FLEPP layihəsi 2016-cı ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində universitetlərdə konfranslar, dəyirmi stol və seminarların keçirilçməsi nəzərdə tutulub. Layihə çərçivəsində dil tədrisi metodologiyası təkmilləşdiriləcək, əldə olunan təcrübə xarici dil müəllimlərinin ixtisasının daha geniş miqyasda artırılması üçün istifadə olunacaqdır.