Rektor, professor Gəray Gəraybəyli: Universitetimizə marağın xeyli yüksəlməsi məmnunluqla yanaşı, həm də böyük məsuliyyət yaradır
ATU-nun Böyük Elmi Şurasının 2023-2024-cü tədris ilində ilk yığıncağı sentyabrın 26-da keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə II Qarabağ müharibəsindən 3 il ötdüyünü xatırladan rektor, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şanlı qələbəsindən danışıb. O, 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızın azad edildiyini, bu il sentyabrın 20-də isə 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə və antiterror əməliyyatı zamanı həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bundan sonra AMEA-nın müxbir üzvü, professor Sudeyf İmamverdiyevi 85, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovu isə 60 illik yubileyi münasibətilə təbrik edən rektor, 42 il ATU-nun Elmi Tədqiqat Mərkəzinə uğurla rəhbərlik edən və bu günlərdə öz ərizəsi ilə vəzifədən gedərək estafeti gənc kadrlara ötürən professor Qalib Qarayevin xidmətlərini də yüksək qiymətləndirib.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin “Azərbaycan Tibb Universitetində 2022/2023-cü tədris ilinin yekunları və 2023/2024-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi dinlənilib.
Təhsili hər bir cəmiyyətin inkişafını sürətləndirən ən mühüm sahələrdən biri kimi səciyyələndirən S.Əliyev bildirib ki, hər bir təhsil ocağının qazandığı uğurlar, təhsilalanların əldə etdikləri nailiyyətlər gələcək nəslin inkişafına öz töhfəsini verir. Burada diqqətdə saxlanılacaq ən başlıca məqam ali məktəblərdə tədrisin, təlim-tərbiyə işinin düzgün və məqsədəuyğun şəkildə aparılmasıdır. Bu baxımdan universitetin professor-müəllim, inzibati-təsərrüfat işçiləri və tədris-köməkçi heyəti, həmçinin tələbə və magistrant, doktorantlarının 2022/2023-cü hesabat ilində öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərini söyləyən prorektor, tədris, tədris-metodik, elmi-tədqiqat, gənc nəslin milli zəmində tərbiyəsi, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində xeyli işlər gördüyünü, həmçinin universitetin elmi-tədqiqat hissəsinin də xeyli məhsuldar işlədiyini vurğulayıb: “Universitetin nəzdində 3 elmlər doktoru, 3 fəlsəfə doktoru üzrə dissertasiya şuraları fəaliyyət göstərməkdədir. Bu dissertasiya şuralarının ixtisaslar üzrə keçirilən elmi seminarların tərkibləri hazırlanmış və təsdiq edilmişdir. Bundan başqa, dissertasiya şuralarında müxtəlif istiqamətlər üzrə birdəfəlik dissertasiya şuraları yaradılmış və müdafiəsi keçirilmişdir. Bu dövrdə əməkdaşlarımızdan 10 nəfər professor, 14 nəfər dosent elmi adının təsdiqi üçün AAK qarşısında vəsadət qaldırmışdır.
Universitet əməkdaşlarının elmi-tədqiqat işləri “Əhalinin sağlamlığının qorunması” proqramına müvafiq olmaqla 3 elmi istiqamət, 9 problem üzrə yerinə yetirilmişdir.
Elmi işlərin nəticələrinə görə universitetin əməkdaşları tərəfindən 20 monoqrafiya (18-i respublikada, 2-si xaricdə), 2 milli rəhbərlik, 17 dərslik, 46 dərs vəsaiti, 3 kitabça və sorğu ədəbiyyatı, 5 elmi əsərlər məcmuəsi, 25 metodik ədəbiyyat dərc edilmişdir.
Universitetin əməkdaşları xaricdə 714, eləcə də respublikamızın dövri mətbuatında 1097 elmi iş çap etdirmiş və müntəzəm olaraq çıxışlar etmişlər. 2022-ci ildə 4 ixtiraya görə Avrasiya patenti, 4 ixtiraya görə Azərbaycan patenti alınmışdır”.
Qeyd olunub ki, ATU-nun alimləri uzaq və yaxın xaricdə, respublikamızda keçirilən 112 konqres, konfrans və qurultayda iştirak etməklə yanaşı, məruzələrlə də çıxışlar ediblər. Hesabat ilində Azərbaycan Tibb Universitetinin təsisçiliyi ilə “Sağlamlıq” elmi-praktik tibb jurnalı, “Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı”, “Azərbaycan psixiatriya jurnalı”, “Azərbaycan Allerqologiya və Klinik İmmunologiya jurnalı” və çoxtirajlı “Təbib” qəzeti də öz fəaliyyətlərini davam etdirib.
S.Əliyev 2023/2024-cü tədris ilində də universitetin I kursuna və Hərbi Tibb fakültəsinin hərbi feldşerlər məktəbinə qəbulun Dövlət İmtahan Mərkəzi tərəfindən aparıldığını söyləyib. Onun sözlərinə görə, universitetin Hərbi tibb fakültəsinə qəbul Müdafiə və Ədliyyə nazirliklərinin sifarişlərinə əlavə olaraq, Daxili Qoşunlar və Sərhəd Qoşunlarının sifarişləri də nəzərə alınmaqla aparılıb. Bu il fakültəyə hərbi tibb ixtisası üzrə 57 nəfər (onlardan 4 nəfəri stomatologiya ixtisası üzrə), hərbi feldşer ixtisası üzrə isə 76 nəfər qəbul olunub.
Hesabatda universitetimizə bu il qəbul edilmiş tələbələrin test imtahanlarında yüksək nəticələr göstərməsi və 979 tələbədən 367 nəfərinin 600-dən yuxarı bal toplayaraq əlaçı tələbələr hesab olunması da öz əksini tapıb. Qeyd edilib ki, ölkə başçısının Sərəncamına əsasən təyin olunmuş 102 Prezident təqaüdçüsünün 25 nəfəri bizim universiteti seçib: “Artıq neçənci ildir ki, ən çox Prezident təqaüdçüləri ATU-ya daxil olur. Amma təəssüf ki, I kursun ilk imtahan sessiyasından başlayaraq Prezident təqaüdçülərinin sayı kəskin surətdə azalır. Belə ki, cari tədris ili istisna olmaqla, son 5 ildə universitetə 121 nəfər Prezident təqaüdçüsü daxil olsa da, hazırda bu adı 21 tələbə daşıyır.
Universitet rəhbərliyi bir daha Elmi Şura üzvlərinin nəzərinə çatdırır ki, universitetə yüksək balla daxil olan və Prezident təqaüdçüsü adına layiq görülən tələbələr daim diqqətdə saxlanılmalı, Tələbə Elmi Cəmiyyətinin işinə cəlb edilməlidir”.
Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayının ildən-ilə artdığını deyən məruzəçi bildirib ki, tədrisin ingilis dilində aparılması xarici ölkə vətəndaşlarının universitetə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir: “Xarici tələbələrlə iş üzrə dekanlıq Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq onların qeydiyyatını təşkil edir, yataqxanada yaşayan tələbələrin məişət şəraiti ilə maraqlanır. Tədris ili ərzində tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması universitetimizin rektorunun və adıçəkilən dekanlığın diqqət mərkəzində olub”.
Beləliklə, 2022/2023-cü tədris ilində tədris, tədris-metodik, elmi-tədqiqat işləri və universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında məlumat verən, Apellyasiya Komissiyasının işinin keyfiyyətinin artırılması, üzvlərin əmək fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə təklifərini şura üzvləri ilə bölüşən prorektor, çıxışının sonunda universitet kollektivinin cari tədris ilində əvvəllər buraxılmış nöqsanları aradan qaldırmağa, tələbələrlə aparılan tədris və tədris-metodik işi günün tələblərinə uyğun qurmağa çalışacağına əminliyni ifadə edib.
Məruzə ətrafında çıxış edənlər müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini bölüşüblər. ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Eldar Qarayev komissiyanın aralıq qiymətləndirmə, sessiya imtahanları, yekun dövlət attestasiyası, rezidentura və digər imtahanlarda biliklərin qiymətləndirilməsi zamanı mübahisəli məsələlərin həlli ilə məşğul olduğunu deyib. Komissiyanın sədri aralıq imtahan, yekun imtahan və hazırlıqla əlaqədar cari ilin yaz semestrində 5500-ə qədər müraciətə baxıldığını, bəzi kafedralarda daha çox əsaslı apellyasiya şikayətlərinin müşahidə edildiyini və İmtahan Mərkəzi ilə birlikdə belə halların qarşısını vaxtında almağa çalışdıqlarını bildirib.
Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov yaz semestrinin yay imtahan sessiyasına dair məlumatları dinləyərkən yuxarı kurslarda nəticələrin yüksək olmasına diqqət çəkib və bunu kafedraların test bazasının yaradılmaması ilə əlaqələndirib. Tələbənin jurnalındakı nəticələrlə müəllimin jurnalındakı nəticələrin uyğunsuzluğuna da toxunan K.Yaqubov universitetdə yeni kafedraların yaradılmasından da söz açıb və 2023-2024-cü tədris ilində yeni yaradılmış iki ixtisas üzrə buraxılış imtahanlarının olacağını şura üzvlərinin nəzərinə çatdırıb.
Çıxışında tamamilə yeni olan ixtisaslar üzrə mütəxəssislərin tapılmaması səbəbindən yaranan çətinliklərdən danışan Fizioterapiya və tibbi reablitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev bildirib ki, bu boşluğu doldurmaq üçün qardaş Türkiyə Cümhuriyyətində təhsil almış kadrları dəvət edirik. Ancaq onların pedaqoji təcrübəsinin çox aşağı olması testlərin hazırlanmasında özünü göstərir. Tədris planının hazırlanmasında yol verilən bəzi qüsurlara, ədəbiyyat çatışmazlığına da toxunan kafedra müdiri, mövcud nöqsanların tezliklə aradan qaldırılmasına çalışacaqlarını söyləyib.
Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva isə şura üzvlərinin diqqətini universitetdən kənar bazalarda fəaliyyət göstərən kafedraların üzləşdikləri problemlərə yönəldib.
Məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayan rektor, professor Gəray Gəraybəyli son dövrlərdə universitetimizə marağın xeyli artmasının məmnunluq hissi ilə yanaşı, həm də böyük məsuliyyət yaratdığını vurğulayıb. Bu il universitetimizə qəbul planında dövlət sifarişli yerlərin sayının artırıldığını və müxtəlif fakültələrdə əlavə edilən 120 yerin hamısının tutulduğunu diqqətə çatdıran rektor, bunu daha çox sayda tələbənin ödənişsiz oxumaq imkanı əldə etməsi kimi dəyərləndirib.
Rektorun sözlərinə görə, universitetimizdə ikinci ali təhsil almaq istəyənlərin də sayı çoxalıb: “Statistikaya nəzər yetirsək görərik ki, əvvəlki illərdə ikinci təhsil üçün maksimum 30 nəfər müraciət edərdi. Bu il isə müraciət edənlərin sayı 200-dən çoxdur. Onların qeydiyyatı Elm və Təhsil Nazirliyi tərəfindən aparılır. Nəinki universitetimizin, eləcə də digər universitetlərin məzunları, hətta hüquq ixtisasını bitirən şəxslər müraciət etmişdi. Ona görə də cənab nazirlə məsləhətləşərək yalnız tibb və əczaçılıq elmləri üzrə təhsili olanları fərqləndirdik və uyğun olan 52 nəfərdən cəmi 30 nəfəri ikinci ali təhsil üçün qəbul etdik”.
Universitetimizdə təhsil almaq üçün 1000-dən çox xarici vətəndaşın müraciət etdiyini də söyləyən professor G.Gəraybəyli bildirib ki, bu marağın əsas səbəbi təhsil proqramlarımızın beynəlxalq akkreditasiyadan keçməsidir: “Xarici vətəndaşlardan 700 nəfərini qəbul etmək fikrimiz vardı. Ancaq çox təəssüf ki, kifayət qədər xarici dilli müəllimimiz olmadığına görə qəbul edə bilmədik. Ona görə də xarici dil bacarığı olan gənc kadrların bu prosesə cəlb edilməsi birinci dərəcəli məsələdir”.
Tədrisin keyfiyyətinin, daxili nizam-intizam qaydalarının, dərsə davamiyyətin daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışan universitetin rəhbəri, kənar bazalarda narahatlıq doğuran problemlərə də aydınlıq gətirib.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə də baxılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göndərilən, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən hazırlanmış klinik protokollara yazılan rəylər, ATU-nun institusional akkreditasiyasının keçirilməsinə dair hesabat barədə şura üzvlərinə məlumat verilib. Eyni zamanda əməkdaşların xarici ölkələrə səfərlərinin elektron qeydiyyatı üçün tələb olunan ərizə forması və qaydalar, elmlər doktoru işlərinin mövzusu və elmi məsləhətçisi təsdiqlənib.
Sudeyf İmamverdiyevi Urologiya, Qalib Qarayevi İnsan anatomiyası və tibbi terminologiya, Tamara Hüseynovanı isə Ağız və üz-çənə cərrahiyyəsi (ikinci müddətə) kafedrasına məsləhətçi-professor vəzifəsinə seçən Elmi Şura sonda dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verməklə öz işini yekunlaşdırıb.