ATU-nun yeni yaradılan kafedrası hesabat verdi
Rektor, professor Gəray Gəraybəyli: “Bu gün kimsə düşünürsə ki 30-40 il əvvəlki kimi fəaliyyət göstərə bilərik, yanılır”
Noyabrın 14-də Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Sonra “Tibb və sağlamlıq elmləri təhsili kafedrasında tədris və təhsilin vəziyyəti və qarşıda duran vəzifələri” mövzusunda kafedranın müdiri, dosent Samir Cavadlının hesabat məruzəsi dinlənilib.
Çıxışını slayd vasitəsilə çatdıran məruzəçi bildirib ki, Tibb və sağlamlıq elmləri təhsili kafedrası rəsmi olaraq 7 sentyabr 2022-ci ildə fəaliyyətə başlayıb. Hazırda kafedrada 10 nəfər professor-müəllim heyəti və 3 laborant fəaliyyət göstərir: “Dünyada tibb təhsili kafedralarının fəaliyyətindəki nailiyyətləri nəzərə alaraq, həmçinin universitetdə keçirilən akkreditasiya ilə əlaqədar olaraq ATU-da da belə kafedranın qurulmasına qərar verilib. Bu məqsədlə 2021-ci ilin dekabr ayından etibarən ÜST-ün dəstəyi və qardaş Türkiyə universitetlərinin tibb təhsili kafedralarının professor-müəllimləri ilə birgə ATU-da əməkdaşların tibb təhsili peşəkarlığının artırılması və gələcəkdə təlimçi vəzifəsini öz öhdəsinə götürə bilmələri üçün “Training of trainers”, “Dərman tətbiqləri” və “Təməl yaşam dəstəyi” təlimlərinə başlanılıb.
Həmin təlimlərdə universitetimizin müxtəlif kafedralarından 127 əməkdaş iştirak etmiş və sonda onların içərisindən uyğun olan əməkdaşlar seçilərək bu kafedraya işə qəbul olunmuşdur. Onlar 2021-22-ci illər ərzində, eləcə də sonralar ATU-da (dekan və dekan müavinləri, kafedraların tədris hissə müdirləri və müxtəlif kafedraların professor-müəllim heyəti üçün təlimlər) və digər tibb təhsili verən müəssisələrdə ÜST-ün təşkil etdiyi təlimlərdə əsas təlimçi, ya da köməkçi təlimçi kimi iştirak edərək peşəkarlıqlarını artırıblar”.
Sözünə davam edən S.Cavadlı kafedranın hazırkı durumu, maddi-texniki bazası, tədris yükü, eləcə də üzərlərinə düşən vəzifərlər barədə də məlumat verib: “Kafedranın fəaliyyəti 3 istiqamətdə aparılır. Universitetin professor-müəllim heyəti üçün “Pedaqoji peşəkarlığın inkişafı” və ekspert müəllimlər üçün “Çoxseçimli sualların hazırlanması, tətbiqi və analizi” təlimlərinin keçirilməsi, tələbələrə maketlər üzərində kliniki bacarıqların tədrisi və qiymətləndirilməsi, həmçinin tibb təhsilində baş verən yenilikləri, innovasiyaları aşkar etmək və bunları həmkarlarımızla paylaşmaq üçün davamlı araşdırmalar aparmaq.
Bütün dünyada tibb təhsili kafedralarında olduğu kimi, məqsədimiz əsasən məzunların diplomaqədər və diplomdansonrakı daimi tibb təhsilinin effektiv şəkildə təşkilinə kömək etməkdir. Bu məqsədlə kafedramızın əsas funksiya və vəzifələri tibb təhsili sahəsində ətraflı informasiya toplamaq, bu sahə üzrə mütəxəssislər hazırlamaq, tibb fakültəsinin rəhbərliyinə tibb təhsili ilə əlaqəli təkliflər vermək, eləcə də digər fakültələrin tədris proqramının müasir dizaynına kömək etməkdir”.
Kafedranın fəaliyyətindən bəhs edən məruzəçi az müddət ərzində görülən işləri diqqətə çatdırıb: “Qeyd edim ki, “Pedaqoji peşəkarlığın inkişafı” kursu 6 qrupda təşkil edilib və kursda ümumilikdə 82 müəllim iştirak edib. Hazırda da bu təlimlər davam edir. Ötən tədris ilində keçirilən Elmi Şuranın qərarı ilə universitetin professor-müəllim heyətinin 5 illik seçkiləri üçün bu təlimlərdə iştirakı məcburi hesab olunub və 2023-cü il 24 yanvardan 10 fevraladək “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi” kursu keçirilib. Həmin təlimə 6 qrup olmaqla, ümumilikdə 100 ekspert qatılıb. 2022-ci ilin payız semestrinin sonunda Müalicə-profilaktika fakültəsinin II kursunda təhsil alan 738 tələbə, 2023-cü ilin yaz semestrinin sonunda isə Hərbi tibb fakültəsinin I kursunda təhsil alan 114 tələbə üçün OSKİ imtahanları keçirilib. Bundan başqa, 2023/2024-cü ilin payız semestri ərzində MPF fakültəsinin 837 II kurs tələbəsi üçün OSKİ-nin təşkili nəzərdə tutulur.
Bütün bunlarla yanaşı, qarşımızda duran əsas vəzifələrdən biri də tələbələrimizin tibb sahəsində akademik müstəqillik səviyyəsinin və sərbəst öyrənmə bacarığının müəyyən edilməsidir. Eləcə də ölkəmizdə tibb və sağlamlıq elmlərinin tədris olunduğu təhsil müəssisələrində öyrənmə mühitinin yaxşılaşdırılması məqsədilə qiymətləndirmələrin aparılmasından ibarətdir”.
Məruzə ətrafında çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov və II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli yeni yaradılmış kafedranın cəmiyyətin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün tibb tələbələrinin lazımi müasir bilik, bacarıq, vərdiş və davranışları əldə etməsinə imkan verəcəyini qeyd ediblər. Onlar vurğulayıblar ki, səhiyyənin ən aparıcı sahəsi kimi, əməkdaşların burada həm də tibb təhsilindəki müasir inkişaf kontekstində tədqiqat fəaliyyətlərini təqdim etmələrinə, yeni təhsil strategiyalarını həyata keçirmələrinə, eləcə də qiymətləndirmə üsullarının tətbiqi layihələrini hazırlamalarına və milli səviyyədə tanınmalarına da şərait yaranacaq. Az müddət ərzində görülən işləri qənaətbəxş hesab edən natiqlər adıçəkilən kafedranın yaxın gələcəkdə daha da təkmilləşdirilməsi üçün bir sıra təklif və rəylərini bildiriblər.
Müzakirələri yekunlaşdıran professor Gəray Gəraybəyli diqqəti tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına yönəldib və hər bir yeniliyin heç də hamı tərəfindən birmənalı qəbul edilməməsindən təəssüfləndiyini bildirib: “Bəzən hansısa yeniliyə imza atılanda “həmişə belə idi, qoy yenə də belə qalsın” prizması ilə yanaşanlar tapılır. Bildiyiniz kimi, ötən il universitetimizdə institusional akkreditasiya olub. Bu gün kimsə düşünürsə ki 30-40 il bundan əvvəlki kimi fəaliyyət göstərə bilərik, yanılır. Çünki bu akkreditasiya əvvəllər heç vaxt bizim universitetdə olmayıb. Bilməliyik ki, bu, yeni tələblərdən doğan istiqamətlərin nəticəsidir. İndi hər bir sahədə daha çox keyfiyyət barəsində danışılır. Bu gün ölkədə ən azı 3 tibb fakültəsi var. Gələcəkdə bu fakültələrin sayının artması gözlənilir. Hesab edirəm ki, bu müsbət tendensiyadır. Ən azı, onlar arasında rəqabət yaranacaq. Əlbəttə ki, bu kafedranın yaranması da yuxarıda qeyd etdiyim kimi, günün tələblərinə uyğundur. Beynəlxalq akkreditasiyaya hazırlıq mərhələsində belə bir kafedranın ATU-da fəaliyyətə başlaması olduqca təqdirəlayiq haldır. Biz ilk öncə qardaş Türkiyənin qabaqcıl təcrübəsini öyrəndik və bu təcrübəni nəzərə alaraq belə bir kafedranın yaranması qərarına gəldik. Aydın məsələdir ki, kafedra istər texniki təchizat, istər proqram və istərsə də cədvəl baxımından hərtərəfli təmin olunmalıdır. Əlbəttə, bəzən proqramlarda təkrarçılığa da rast gəlinir. Ancaq belə halların qarşısı alınmalıdır. Yoxsa tərəqqiyə, inkişafa heç zaman nail olunmaz. Universitetdə Ailə təbabəti və həmçinin neçə terapiya kafedrası olduğu halda, tələbələr hansısa özəl kurslara gedir. Bu barədə eşidəndə çox təəccübləndim. Hesab edirəm ki, bu proqramlar təkmilləşdirilməlidir. Öyrənmək utandırıcı bir şey deyil. Artıq neçə ildir ki, biz ingilis dili kurslarının hazırlığına başlamışıq. Bu da əməkdaşların dil biliklərinin təkmilləşməsində mühüm rol oynayır. Bu kurslarda iştirak edib müsbət cavab verənlərə üstünlüklər nəzərdə tutulub. Lakin iştirak etməyib bal toplamayanlar barəsində tədbirlər görüləcək. Çünki bizim qarşımızda duran əsas məsələ beynəlxalq proqramlarda müəllim-tələbələrimizin aktiv iştirak etməsi və dünyanın qabaqcıl elmi qurumları ilə daha yaxın əlaqələr yaratmaqdır.
Mən də hesab edirəm ki, yeni yaranan kafedranın gələcəkdə tibb təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasında müstəsna rolu olacaq. Ancaq kafedranın tərkibində olan heyətin özü də təkmilləşməlidir. Çünki onlar bünövrədən tibb təhsili ilə məşğul olmayıblar”.
Müxtəlif məsələlərdən də söhbət açan ATU-nun rektoru bildirib ki, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının məsləhətçi- professoru, t.e.d. Ruxsara Əliyeva həmin kafedraya yenidən məsləhətçi-professor vəzifəsinə seçilməsi barədə müraciət edib. Bu müraciəti təsdiqləyən Şura, daha sonra “Səhiyyə menecmenti” ixtisası üzrə tədris məşğələlərinin aparılması üçün cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinə və bəzi kafedralarda cari qiymətləndirmə imtahanlarının ləğv edilməsi, semestrin sonunda 100 ballıq (50 sual, 2 bal) imtahan təşkil edilməklə qiymətləndirmənin aparılmasına da münasibət bildirib.
İclasda bir sıra məsələlərə də münasibət bildirən Şura üzvləri I Uşaq xəstəlikləri kafedrasının əyani doktorantı Sevinc Nəbiyeva-Əliyevanın təhsilini qiyabi davam etdirməsinə, eləcə də III Cərrahi xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Sadiq Həmzəyevin tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işində elmi məsləhətçinin dəyişdirilməsinə razılıqlarını bildiriblər.
Bundan başqa, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçini, həmçinin dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.