Fevralın 8-də Azərbaycan Tibb Universitetində Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk öncə bildirib ki, fevralın 7- də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri xalqın böyük etimadını qazanan Ali Baş Komandan İlham Əliyevin qəti və inamlı qələbəsi ilə başa çatıb. Bu böyük qələbə münasibətilə cənab İlham Əliyevi universitetimızin çoxsaylı kollektivi adından təbrik edən rektor qalib Azərbaycanı daha da gücləndirməsi yolunda göstərdiyi bütün fəaliyyətlərində möhtərəm Prezidentimizə yeni-yeni nailiyyətlər arzulayıb. Bundan sonra gündəlikdə duran məsələlər diqqətə çatdırılıb və “Azərbaycan Tibb Universitetində 2023-cü ildə yerinə yetirilən elmi-tədqiqat işləri və qarşıda duran vəzifələr” barədə universitetin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovun hesabatı dinlənilib.
O, qeyd edib ki, Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasıdır: “ATU-nun 2023-2030-cu illər üçün inkişaf strategiyasından irəli gələn elmi strategiyasında da əsas prioritetlərimizdən biri –“Tədqiqat universiteti” statusunun alınmasıdır. Bunun üçün innovasiya mədəniyyətinin təmin edilməsi, yenilikçi elmi tədqiqatların köməyi ilə biliklərin artırılması, habelə müstəsna bacarıqlara malik müəllimlərin, tədqiqatçıların və təhsilalanların cəlb edilməsi və əldə saxlanması yolu ilə universitetimizin tanınmış tədqiqat universitetinə çevrilməsi gözlənilir.”
Sözunə davam edən R. Bəylərov universitetinin keçdiyi tarixi inkişaf yoluna və onun struktur bölmələrinə qısa nəzrər salaraq kadr potensialına da toxunub: “2024-cü il yanvar ayının əvvəlinə olan məlumata əsasən ATU- da çalışan 1234 nəfərin 1089-u professor- müəllim heyətidir. Onlardan 3-ü Rusiya EA-nın, 2-si AMEA-nın həqiqi, 4-ü müxbir üzvü, 21-i əməkdar elm xadimi, 37-i əməkdar həkim, 34-ü əməkdar müəllim, 1-i əməkdar bədən tərbiyəsi və idman xadimi, 1-i fəxri bədən tərbiyəsi və idman işçisi, 168-i elmlər doktoru, 755- i fəlsəfə doktoru, 132-i professor, 370-ı isə dosentdir”.
2023-cü ildə ATU-da “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, aparılan elmi- tədqiqat işləri haqqında məlumat verən R. Bəylərov təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 57 elmi-tədqiqat işinin yerinə yetirildiyini və 4 tamamlanmış mövzuların da olduğunu diqqətə çatdırıb.
Universitetimizin əldə etdiyi uğrları bölüşən prorektor məlumat verib ki, son illər universitetin davamlı inkişafına nail olunması, beynəlxalq elmi bazalara çıxışının və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılır: “2023-cü ildə elmi-tədqiqat işlərinin nəticələri 9 monoqrafiya və kitabda, 27 dərslikdə, 28 dərs vəsaitində, 5 kitabça və sorğu ədəbiyyatında, 12 elmi əsərlər məcmuəsində, 677 elmi iş xaricdə, 1591 respublikada, 12 metodik tövsiyədə, 2 Azərbaycan və 8 Avrasiya patentində öz əksini tapıb. EduRank.org reytinq cədvəlinə əsasən, əməkdaşlarımız tərəfindən nüfuzlu jurnallarda çap olunmuş elmi işlərin sayı 1,297 təşkil edir və bu göstərici 2022 ilin göstəricisindən bir qədər yüksəkdir və istinad indeksı 2023-cü ildə 4,361 təşkil edərək artıb”.
Universitetin fərdi elmi nailiyyətlərinə də diqqət çəkən məruzəçi vurğulayıb ki, Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyası İlin Alimi Beynəlxalq Mükafatı”-ı ilə, habelə, dünya tibb elm və təhsil sahəsində xidmətlərinə görə Almaniyanın Avropa Təbiət Elmləri Akademiyasının “Wilhelm Conrad Röntgen medalı”na layiq görülüb. Ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə AMEA-nın müxbir üzvi, Urologiya kafedrasının professoru Sudeif İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bundan başqa I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvi, professor Nuru Bayramov Türkiyənin İnönü Universitetinin Fəxri doktoru seçilib.
Beynəlxalq əlaqələrinin də günün tələbləri səviyyəsində qurulduğunu deyən R.Bəylərov bildirib ki, son illər aparılan islahatlar, ATU-nun dünya miqyasında nüfuzlu təhsil və elm platformalarında daha da tanınması istiqamətində növbəti uğurlu addım atıb: ”Hazırda universitetimiz dünyanın 100-ə yaxın elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq edir. Tibb elmimizin müasir dünya tibb elminə inteqrasiyasında universitetin alimlərinin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunması habelə, beynəlxalq konfrans və simpoziumlara iştirak etməsi də mühüm əhəmiyyət kəsb edir.
Tibb pedaqoqlarının əsas işi tələbə və köməkçi təhsili həyata keçirməkdirsə, digər tərəfdən onlar intensiv tədqiqat və xəstə baxım fəaliyyətləri ilə məşğuldurlar. Bu mürəkkəb vəziyyətdə akademik və peşəkar bacarıqlarını artırmaq üçün “Pedaqoji peşəkarlığın inkişafı” təlim proqramlarından yararlanmaq lazımdır. Qeyd olanları vacibliyi nəzərə alaraq həyata keçirilmiş yeniliklərdən biri də ötən ilin sentyabırında Tibb və sağlamlıq elmləri təhsili kafedrasının fəaliyyətə başlaması olub”.
Mütəxəsislərin hazırlanmasında TEC-in rolunu qeyd edən R. Bəylərov bildirib ki, hesabat dövründə II müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbələri Ağayarlı Fəridə və Həsənzadə Səbinə Niderlandın Groningen şəhərində University Medical center of Groningen universtetində keçirilən “İnternational Students Conqress of medical sciences” kimi tanınan beynəlxalq konqresə məruzə üçün seçiliblər. Ağayarlı Fəridə münsiflər tərəfindən yüksək qiymətləndirilərək 2 həftəlik tədqiqat keçmək üçün lahiyyəni qazanmış və hər iki tələbəmiz konqresin Azərbaycan üzrə səfirləri seçiliblər. Bundan başqa Özbəkistanının Səmərqənd şəhərində Səmərqənd Tibb Universitetinin təşkilatçılıqı ilə keçirilən Beynəlxalq olimpiadada 4 tələbəmiz Məmmədli Gülgün “Səmərqənd 2020” Olimpiadasında 1-ci, Yaqubova Süsən və Mahalova Emel 2-ci, Mahalova Tamara isə 3-cü yerə layiq görülüblər.
Elmi kadrların hazırlanması işindən də bəhs edən məruzəçi bildirib ki, 2023-cü ildə doktoranturaya tibb üzrə fəlsəfə doktorluğuna 21 nəfər qəbul olunub, tibb üzrə elmlər doktorluğuna isə yer ayrılmayıb. Dissertanturaya isə ümumi qəbula fəlsəfə doktorluğuna 3 nəfər, tibb üzrə elmlər doktorluğuna isə yer ayrılmayıb. O, əlavə edib ki, 2023-cü ildə universitetdə 120 doktorantdan tibb üzrə fəlsəfə doktorluğunda 94, tibb üzrə elmlər doktorluğunda isə 26 nəfər təhsil alır. Dissertantura üzrə isə 48 nəfərdən tibb üzrə fəlsəfə doktorluğunda 16, tibb üzrə elmlər doktorluğunda isə 32 nəfər təhsil alır.
Çıxışında Əsaslı kitabxananın da fəaliyyətinə yer ayıran prorektor 2023- cü ildə fondlarda 628 078 kitab olduğunu bildirib və onlardan 314 911elmi, 298 371 dərslik, 14 796 isə mübadilə fondlarında cəmləndiyini söyləyib. O, kitabxanaya rəhbərlik tərəfindən alınan, həmçinin rektorluqdan, kafedralardan, professor və müəllim heyəti tərəfindən, eləcə də ayrı-ayrı təşkilat və müəssisələrdən hədiyyə və mübadilə yolu ilə əldə olunan 280 nüsxə kitabın daxil edildiyini bildirib.
Məruzə ətrafında çıxış edən kafedra müdirləri İbadulla Ağayev, Vəfa Pənahian İbrahim İsayev və başqaları hesabatı qənaətbəxş qiymətləndirib və universitetin elmi istiqamətdəki uğurları ilə yanaşı, bir sıra problemlərini də qeyd ediblər. Natiqlər çıxışlarında dissertasiya şuralarının fəaliyyətindən, doktorantura və dissertasiya işlərinin mövcud qaydalarından, eləcə də rəhbərlik etdikləri kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərin vəziyyətindən söhbət açıb, bu sahədə zəruri məsələləri dilə gətirərək təklif və rəylərini söyləyiblər.
Müzakirələri yekunlaşdıran ATU-nun rektoru elmi işlərə münasibətin dəyişdiyini qeyd edərək indi dissertasiyaların formal qaydada keçirildiyini və ona görə də bir çox işlərin geri qaytarıldığını vurğulayıb. Bundan başqa tamamlanmamış dissertasiyalardan da danışan professor G. Gəraybəyli əlavə edib ki, kafedraların bir çoxunda elmi işlərin təsdiqindən sonra bəzən imtina halları da olur. İclasda səslənən bir sıra çatışmazlıqların araşdırılmasını vacib sayan universitetin rəhbəri bir neçə müxtəlif məsələni şura üzvlərinin diqqətinə çatdırıb.
Sonra ATU-nun Elmi Tədqiqat Mərkəzinin (ETM) direktoru, dosent Orxan İsayev mərkəzin hazırkı elmi fəaliyyəti və kadr potensialı, eləcə də burada bir sıra struktur islahatlarının həyata keçirilməsi üçün nəzərdə tutulan mühüm yeniliklər barədə məlumat verib. Buna öz münasibətini bildirən şura səsverməyə çıxarılan “Elmi-tibbi tədqiqatların əlaqələndirilməsi şöbəsi”nin və “Elmi-tibbi məlumat, patent, innovasiya və qrantlar qrupu”nun ləğv edilməsini, eləcə də onların bazalarında “Elmi-tədqiqatların idarə olunması departamenti”nin yaradılmasını da təsdiqləyib. Şura üzvləri universitetdə çalışan alimlərin işlərini stimullaşdırmaq məqsədilə onlar tərəfindən Q indeksli nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqaləyə görə təklif olunan mükafat barədə irəli sürülən təşəbbüsü də dəstəkləyib.
Bundan başqa “Beynəlxalq reytinqlər” üzrə işçi qrupunun yaradılmasına, həmçinin ATU-nun Təcili tibb kafedrasının assistentlərinə mühazirələrin oxunmasına müvəqqəti icazə verilməsinə də sura tərəfindən münasibət bildirilib.
Xarici dillər kafedrasının professoru Tamilla Xəlilovanı yenidən bu kafedraya məsləhətçi professor seçən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrini təsdiqləyib və müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.