Azərbaycan Tibb Universitetinin əməkdaşı IV Milli Əczaçılıq Təhsili və Akkreditasiya Konqresində (NPEAC) məruzə ilə çıxış edib. Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova “Azərbaycan Tibb Universitetində Əczaçılığın beynəlxalq akkreditasiyası. Beynəlxalq akkreditasiya - təhsilin keyfiyyətinin yüksəldilməsi amili: yanaşmalar və perspektivlər” mövzusunda 20 dəqiqəlik təqdimat keçirib.
Ankarada Qazi Universiteti tərəfindən təşkil edilən konqresdə əczaçılıq təhsili və akkreditasiyası sahəsində əldə edilən nailiyyətlər, keyfiyyət təminatı haqqında məlumat verilib. Tədbir çərçivəsində “Milli və Beynəlxalq akkreditasiya qurumları, ECZAKDER və Əczaçılıq fakültələrinin ünsiyyəti, əməkdaşlığı və qarşılıqlı əlaqələri”, “Əczaçılıq təhsilində Əczaçılıq Sənayesinin tərəfdaşlığının ölçüləri”, “Qlobal epidemiya ilə dünyada geniş yayılmış distant təhsil təcrübələrinin araşdırılması” və “Təhsilin akkreditasiyası konteksti” mövzusunda müzakirələr aparılıb. Əczaçılıq təhsili və ali təhsildə akkreditasiya prosesindəki yeniliklər, keyfiyyət təminatı və bu sahədə məlumatlılığı artırmaq məqsədilə təşkil edilən konqresdə müxtəlif universitetlərdən olan 126 alim, o cümlədən ABŞ, Belçika, Sloveniya, Nigeriya, Özbəkistandan sənaye sektorunun nümayəndələri iştirak ediblər.
Konqres çərçivəsində ATU-nun təmsilçisi Qazi Universitetinin Əczaçılıq Fakültəsi ilə tanış olub, həmçinin müxtəlif universitetlərin nümayəndələri, elm adamları və tələbələrlə görüşlər keçirib. Görüşlər əsnasında Əczaçılıq Təhsili Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyi növbəti toplantının Azərbaycanda keçirilməsini təklif edib.