Bəzi kafedraların test bazasını yenilənməməsi Elmi Şurada tənqid edilib
ATU-nun Böyük Elmi Şurasının növbəti iclası martın 7-də keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq öncə Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayevi 70 illik yubileyi münasibətilə təbrik edib. Rektor onun elmi və pedaqoji, peşəkar tibbi kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
Bundan sonra gündəlikdəki məsələlər diqqətə çatdırılıb. Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevin “Azərbaycan Tibb Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” adlı hesabatı dinlənilib. Əvvəlcə Azərbaycan Tibb Universitetinin 2023-2030-cu illər üçün inkişaf strategiyasının müəyyənləşdirildiyini xatırladan prorektor bildirib ki, strateji plan növbəti yeddi il ərzində ATU-nu Azərbaycanda tibb təhsili ilə yanaşı, elmi tədqiqatlar və səhiyyə xidmətləri sahəsində lider mövqeyə çıxarmaq məqsədi daşıyır.
Eyni zamanda İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin 2023-2024-cü tədris ili üçün fəaliyyət planının tərtib və təsdiq edildiyini, yeni tədris ilinin ikinci yarısından universitetdə “Ortodontiya” adlı kafedranın təşkil olunduğunu və artıq fəaliyyətə başladığını söyləyən S.Əliyev əsas diqqəti cari tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə yönəldib: “İmtahan sessiyasını 6390 nəfər tələbə müvəffəqiyyətlə başa vurub. Onlardan 948 nəfər (14.8%) sessiyanı “əla” qiymətlərlə, 3165 nəfər (49.53%) “əla” və “yaxşı” qiymətlərlə, 2277 nəfər (35.63%) qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə, 384 nəfər (5.6%) tələbənin, o cümlədən 243 nəfərin yalnız 1 fəndən, 68 nəfərin 2 fəndən, 73 nəfərin isə 3 fəndən akademik borcu qalıb. Universitet üzrə mütləq mənimsəmə göstəricisi 94.33% (keçən il 93.23%), keyfiyyət göstəricisi isə 60.71% (keçən il 61.11%) olub”.
Çıxışı zamanı I-II-III kurslarda tədrisin keyfiyyətinə diqqətin artırılması və testlərin daha düzgün tərtib edilməsi ilə bağlı nəticələrin əksər kafedralarda obyektiv və ədalətli olduğunu deyən məruzəçi təəssüflə qeyd edib ki, yuxarı kurslarda tədris aparan klinik kafedralarda imtahanların nəticələri yüksək olsa da, o qədər də obyektiv hesab edilə bilməz. Çünki imtahanların keçirilməsi qaydalarına əsasən, hər semestr ərzində testlərin ümumi bazası 20-30% həcmində yenilənməlidir. Amma əksər klinik kafedralarda nəinki 20-30% yenilənmə yoxdur, hətta bir neçə ildir ki, eyni testlər yenilənmə adı altında İmtahan Mərkəzinə təqdim olunur.
Məruzədə universitetimizin reytinqinin ölkə universitetləri arasında yüksək olması da öz əksini tapıb: “Bunu sübut edən faktlardan biri də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanlar zamanı IV qrup üzrə yüksək bal toplayanların böyük əksəriyyətinin bizim universiteti seçməsidir. Son 6 ildə hər il 23-26 nəfər olmaqla 145 Prezident təqaüdçüsü (yəni qrup üzrə bütün Prezident təqaüdçüləri) qəbul imtahanlarının nəticələrinə görə qrupun ən yaxşıları olublar. Lakin həmin tələbələrin universitetdə təhsil zamanı əldə etdiyi nəticələr heç də qənaətbəxş deyil, 6 il ərzində universitetə daxil olan 145 Prezident təqaüdçüsündən yalnız 25 nəfər sonadək bu adı doğruldub. Gələcəkdə belə gənclərimizin potensialını aşkar edib tibb elminin inkişafına, yüksək ixtisaslı həkim və əczaçı kadrların hazırlanmasına yönəltməliyik. Bu bizim bir universitet olaraq vətən və xalq qarşısında ümdə borcumuzdur”.
Hesabat məruzəsində Apellyasiya Komissiyasının fəaliyyətinə də toxunan prorektor, bir çox kafedralara dair müraciətlərin əksər hissəsinin əsaslı olmasını həmin kafedralarda testin hazırlanmasında müəyyən problemlərin olması ilə əlaqələndirib və bu kafedraların müdirlərini, ekspertlərini gələcəkdə daha diqqətli olmağa çağırıb. Həmçinin bəzi kafedralarda əksinə, testin düzgün hazırlanması hesabına müraciətlərin əksəriyyətinin əsassız olduğunu diqqətə çatdırıb.
S.Əliyev 2023/2024-cü tədris ilinin əvvəlindən ATU-da 48 ölkədən 2228 nəfər əcnəbi tələbənin təhsil aldığını, universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə dekanlığın təhsil sahəsində dünyanın müxtəlif ölkələri və universitetləri ilə əlaqələri genişləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı ildən-ilə artır. Tədrisin ingilis dilində aparılması xarici ölkə vətəndaşlarının universitetimizə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi digər vacib işlərdən biri tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq onların qeydiyyatını təşkil etməkdən ibarətdir. Eyni zamanda dekanlığın əməkdaşları tez-tez yataqxanada yaşayan tələbələrin məişət şəraiti ilə maraqlanır və problemlərinin yerindəcə həll olunmasına çalışırlar. Tədris ili ərzində tələbələrin yaşayış şəraitinin yaxşılışdırılması rektorun və dekanlığın diqqət mərkəzindədir.
Çıxışının sonunda istər dekanlıqların, istərsə də kafedraların və professor-müəllim heyətinin tədris sahəsində görməli işlərinin çox olduğunu vurğulayan prorektor bir daha xatırladıb ki, kafedraların maddi-texniki bazasının ilbəil yaxşılaşması, yeni dərsliklərin və dərs vəsaitlərinin nəşr olunması, professor-müəllim heyətinin keyfiyyətcə yeniləşməsinə baxmayaraq, tədrisin nəticəsi hələ də bizi qane etmir: “Ona görə də adları məruzədə qeyd olunan və qeyd olunmayan dekanlıqlar, şöbələr, kafedralar, professor-müəllim heyəti və universitetdə çalışan digər aparıcı mütəxəssislər tədrisin, tədris-metodik işin təşkili və yaxşılaşdırılmasında aktiv iştirak etməlidirlər. Cari semestrin sonunda Əczaçılıq fakültəsi istisna olmaqla, bütün ixtisaslar üzrə Dövlət Attestasiya sınaqları kredit sistemi ilə aparılacaq. Əlaqədar qurumlar Dövlət Attestasiya sınaqları üçün bacarıq imtahanlarının biletlərini və test suallarını, həmçinin bütün kurslar üzrə, xüsusən I kurs üzrə yeni qaydada test imtahan sualları hazırlasın və ekspertiza üçün universitetin Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinə təqdim etsinlər”.
Məruzə ətrafında çıxış edən Apellyasiya Komissiyasının sədri, professor Eldar Qarayev 2023-2024-cü tədris ilinin payız semestri üzrə apellyasiya şikayətlərinin nəticələrini şura üzvlərinin nəzərinə çatdırıb. Qeyd edib ki, aralıq imtahanlar üzrə 2248, yekun imtahanlar üzrə 2114 müraciətə baxılıb. Cəmi 4362 müraciətdən 1686-sı əsaslı, 2776-sı isə əsassız olub.
Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova və Neyrocərrahiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadə məruzədə səslənən iradlarla bağlı, həmçinin kafedralarına aid əsaslı və əsassız müraciətlər, testlərin yenilənməsi haqqında fikirlərini şura üzvləri ilə bölüşüblər.
Məruzə və çıxışlarda səslənən fikirləri yekunlaşdıran rektor ilk növbədə akkreditasiya məsələsinə toxunub. Akkreditasiya Komissiyasının müxtəlif şöbələrə və kafedralara aid 70-dən artıq iradını, bu ilin mayında monitorinq aparılacağını xatırladaraq bildirib ki, beynəlxalq akkreditasiya birdəfəlik proses deyil. Yəni universitetimizin 5 il müddətinə akkreditasiyadan keçməsinə baxmayaraq, Akkreditasiya Agentliyi onu həmin müddət başa çatmamış ləğv edə də bilər. Bu nöqteyi-nəzərdən komissiyanın iradlarına cavab olaraq bəzi kafedralarda “mən hər şeyi bilirəm, heç kəs məni öyrədə bilməz” və yaxud “həmişə belə olub” kimi yanaşmanın yanlışlığına diqqət çəkən universitetin rəhbəri, artıq zamanın çox dəyişdiyini, tələbələrin tələbkarlığının xeyli artdığını da vurğulayıb: “İndiki tələbələr bəzi müəllimlərə iradlarını açıq şəkildə bildirməkdən çəkinmirlər. Ona görə də müəllimlərin yaşından, vəzifəsindən asılı olmayaraq hər zaman öyrənməsi heç vaxt gec deyil. Unutmamalıyıq ki, kafedraların yoxlanılması, sənədlərin müvafiq qanunvericiliyə və Akkreditasiya Komissiyasının tələblərinə uyğun tərtib olunması, eləcə də proqramların müasirləşdirilməsi əsas fəaliyyət istiqamətimizdir”.
Rektor G.Gəraybəyli yekun nitqində daxili nizam-intizam qaydalarının və davamiyyətin daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən də söhbət açıb. Eyni zamanda testlərin yenilənməsi, mütəxəssislərin ayrı-ayrı ixtisaslar üzrə təlimlərə və kurslara cəlb edilməsi, davamiyyətlə bağlı tələbələrin və kafedraların apardığı qeydiyyatlar arasında ziddiyyətlərin olmasına münasibət bildirib.
Kafedralarda qrup müəllimlərinin tez-tez dəyişməsi, bəzən laborantların əsassız olaraq onları əvəz etməsi, saathesabı dəvət edilən müəllimlərin vaxtında əmrləşdirilməməsi, hətta rezidentlərə tələbələrlə bir yerdə dərs deyilməsi kimi neqativ hallardan da bəhs edən rektor, mövcud problemlərin həlli yolları barədə fikirlərini diqqətə çatdırıb.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra Klinik farmakologiya kafedrasının ləğv edilməsi, Əczaçılıq və İctimai səhiyyə fakültələrində IV kursun sonuncu semestrində tələbələrin istehsalat təcrübəsindən biliyinin yekun qiymətləndirilməsinin OSKİ formada 100 ballıq sistemlə aparılması barədə məsələlərə baxılıb. Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Tibb Universitetinə göndərilən əlyazmaların, həmçinin dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verən Elmi Şura, sonda elmi adları təsdiqləyib.