Azərbaycanın qədim və milli bayramı olan Novruz baharın gəlişini, torpağın oyanışını xəbər verir. Ölkəmizin bütün kənd və şəhərlərində bu bayram xalqımız tərəfindən xüsusi sevinc və təntənə ilə qeyd olunur. Tarixi 5000 ilə dayanan bu bayramın özünəməxsus ənənələri - səməni cücərdilməsi, çərəzlərlə xonçaların bəzədilməsi, müxtəlif personajların iştirakı ilə tamaşaların hazırlanması insanların əhval-ruhiyyəsini yüksəltməyə xidmət edir.
ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının baş müəllimi Nigar Əliyeva bayramın digər özəlliyi olan müxtəlif şirniyyatlar, çeşidli xörəklər hazırlanması haqqında fikirlərini bölüşüb. İlk növbədə bayramda hazırlanan şirniyyatlarla bağlı inanclardan bəhs edərək bildirib ki, bayram şirniyyatları fəslin dəyişməsini, yeni ilin gəlişini, torpağın bərəkətini nümayiş etdirir. Bu mənada, qoğal Günəşin rəmzi, paxlava ulduzların işıltısının, şəkərbura Ayın yeniliyinin, buğdadan hazırlanan qovurğa isə torpağın oyanışının simvoludur.
Onun sözlərinə görə, bayram günlərində orqanizminin sağlamlıq vəziyyətini qoruya bilmək üçün qidaların tərkibi və həddinə diqqət yetirilməlidir: “Belə ki, gün ərzində şirniyyatlarla zəngin rasionun mövcud olması əsas verir ki, karbohidrat mənbəyi olan un məmulatlarından yüksək miqdarda istifadəyə nəzarət edək. Gün ərzində yeyiləcək şirniyyatların tərkibində olan şəkər tozunun da miqdarı nəzərə alınmalıdır. O cümlədən, həm müxtəlif çeşidli yağlı və ədviyyatlı xörəklərin rasionumuza daxil olması, eyni zamanda şirniyyatların çeşidinin çoxluğu orqanizmin artıq yüklənməsinə və nəticədə ürək-qan damar sisteminin pozulmasına, həzm sistemində patologiyası olan insanların xəstəliklərinin kəskinləşməsinə, bağırsaq mikroflorasının pozulmasına və s. xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Bunları nəzərə alaraq gün ərzində xörəklərin və şirniyyatların istifadə vaxtı və ara məsafəsi gözlənilməlidir. Bəzən insanlar “əşi, bayramdı” deyib, qidalanma mədəniyyətini arxa plana keçirirlər. Lakin unutmaq olmaz ki, hər bir qida məhsulu, o cümlədən şirniyyatlar orqanizm üçün kalori mənbəyidir”.
N.Əliyeva bildirib ki, qidalanmada yol verilən hər bir norma pozuntusu şəkərli diabetin, qan təzyiqinin, ürək-qan damar sistemi xəstəliklərinin yaranmasına və ya xəstəliklərin kəskinləşməsinə, eyni zamanda infeksiyalara tutulma riskinin artmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, xüsusilə bayram günlərində qida rasionunda şirniyyatın, kalorili qidaların qəbulunun artması bir sıra pozğunluqlar: piylənmə, şəkərli diabet, immun sistemin zəifləməsi, allergik reaksiyaların yaranması, tənəffüs sistemində çatışmazlıqlar doğura bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlar xüsusilə diqqətli olmalıdır.
Azərbaycan milli mətbəxinin kalorili və dadlı qidalarla zənginliyini, hər bir bölgəmizin özünəməxsus qidaları olduğunu xatırladan mütəxəssis, yağlı-zülallı yeməklərin qəbulunda ehtiyatlı olmağı və nisbətən yüngül yeməklərə üstünlük verməyi məsləhət görüb.